6. İmam Hüseynin (ə) qəbrinin ziyarətinə xüsusi diqqət

Məsum imamların (ə) özləri İmam Hüseynin (ə) qəbrinin ziyarətinə getməklə yanaşı, o Həzrətin ziyarəti üçün veriləcək böyük mükafatları bəyan edərək, şiələri Kərbəlaya getməyə təşviq və səfərbər edirdilər, həmçinin, o şəhidlərin xatirəsini yaşadır, küfr, inadkarlıq və Əhli-beyt düşmənlərinə ağır zərbələr vururdular. İmam Sadiqdən (ə) belə nəql olunur:

ما مِنْ احَدٍ يَوْمَ الْقِيامَةِ إِلَّا وَ هُوَ يَتَمَنَّى أَنَّهُ زارَ الْحُسَيْنَ بْنَ عَلىٍّ عليهما السلام لِما يَرى لَما يُصْنَعُ بِزُوَّارِ الْحُسَيْنِ بْنِ عَلِىٍّ عليهما السلام مِنْ كَرامَتِهِمْ عَلَى اللَّهِ‌

“Qiyamət günü elə bir kəs olmayacaq ki, Allah dərgahında onların (İmam Hüseynin (ə) qəbrini ziyarət edənlərin) hörmət və mükafatının çoxluğunu gördükdə, İmam Hüseynin (ə) qəbrini ziyarətini arzulamasın.” (“Biharul-ənvar”, c. 98, səh. 72; “Vəsailuş-şiə”, c. 10, səh. 330, hədis 37.)

Başqa bir hədisdə o Həzrətdən belə nəql edilir:

مَنْ سَرَّهُ أَنْ يَكُونَ عَلى مَوائِدِ نُورٍ يَوْمَ الْقِيامَةِ، فَلْيَكُنْ مِنْ زُوَّارِ الْحُسَيْنِ‌

“Kim Qiyamət günü ilahi nur süfrələrinin kənarında əyləşmək istəyirsə, İmam Hüseynin (ə) ziyarətçilərindən olmalıdır.” (“Biharul-ənvar”, c.98, səh.72; “Vəsailuş-şiə”, c.10, səh.330, hədis 38.)

Hətta, bəzi rəvayətlərdə o Həzrəti (ə) dəfələrlə ziyarət etmək tövsiyə olunmuşdur. İmam Sadiq (ə) buyurmuşdur:

مَنْ سَرَّهُ أَنْ يَنْظُرَ إِلَى اللَّهِ يَوْمَ الْقِيمَةِ، وَ تَهَوَّنَ عَلَيْهِ سَكْرَةُ الْمَوْتِ، وَ هَوْلُ الْمُطَّلَعِ، فَلْيَكْثُرْ زِيارَةَ قَبْرِ الْحُسَينِ عليه السلام‌

“Kim Qiyamət günü ilahi rəhmətə nəzər salmaq və can verməyin çətinliyinin onun üçün asanlaşmasını, Qiyamətin qorxu və dəhşətinin ondan uzaqlaşmasını istəyirsə, İmam Hüseynin (ə) qəbrini çox ziyarət etsin!” (“Biharul-ənvar”, c. 98, səh. 72; “Vəsailuş-şiə”, c.10, səh.331, hədis 40.)

O Həzrət başqa bir hədisdə (ə) buyurmuşdur:

مَنْ زَارَ الْحُسَینَ(ع) مِنْ شِیعَتِنَا لَمْ یرْجِعْ حَتَّی یغْفَرَ لَهُ کلُّ ذَنْبٍ وَ یکتَبَ لَهُ بِکلِّ خُطْوَةٍ خَطَاهَا وَ کلِّ یدٍ رَفَعَتْهَا دَابَّتُهُ أَلْفُ حَسَنَةٍ وَ مُحِی عَنْهُ أَلْفُ سَیئَةٍ وَ یرْفَعُ لَهُ أَلْفُ دَرَجَةٍ

“Bizim şiələrimizdən hər kim Hüseyni (ə) ziyarət etsə, geri döndükdə, bütün günahları bağışlanar, götürdüyü hər qədəminə və hər bir kəsin vasitəsilə qaldırdığı hər əlinə görə min savab yazılar, min günahı silinər və dərəcəsi min dəfə artar.” (“Biharul-ənvar”, c.98, səh.250.)

O Həzrət yenə buyurmuşdur:

لوْ یَعْلَمُ النَّاسُ مَا فِی زِیَارَةِ قَبْرِ الْحُسَیْنِ ع مِنَ الْفَضْلِ لَمَاتُوا شَوْقاً وَ تَقَطَّعَتْ أَنْفُسُهُمْ عَلَیْهِ حَسَرَاتٍ

“Əgər insanlar Hüseynin (ə) qəbrini ziyarət etməkdə nə qədər savab olduğunu bilsəydilər, həqiqətən, şövqdən ölər və həsrətdən nəfəsləri kəsilərdi.” (“Kamiluz-ziyarat”, səh.142.)

Maide.az – Maarif bölümü