Şəban ayının əməlləri

1. Hər gün aşağıdakı zikri 70 dəfə demək: «Əstəğfirullahə və əsəluhut-təubə»
 
2. Bu ayın ən yaxşı dua və zikrləri «istiğfar»dır. Bu ayın hər günündə 70 dəfə istiğfar edən şəxs, başqa aylarda 70 min dəfə istiğfar edən şəxs kimidir.
 
3. Bütün ay boyu 1000 dəfə «Lə iləhə illəllahu və lə nəbudu illə iyyəhu muxlisinə ləhuddinə və ləv kərihəl muşrikun» – deyən şəxsin əməl dəftərində 1000 ilin ibadəti yazılır.
 
4. Şəban ayının hər cümə axşamında 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində «Həmd»dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə «salavat» deyilməlidir. Bu namazı qılan şəxsin Allah-Taala bütün (dini və dünyəvi) hacətlərini yerinə yetirər. 
Həmçinin, həmin günlərdə oruc tutmağın da fəziləti vardır.
 
5. Bu ayda çoxlu salavat göndərmək. 
 
 
Şəban ayının on beşinci gecəsi
 
Şəban ayının on beşinci gecəsinin bir neçə əməli vardır. Biz onların bəzisini sizin nəzərinizə çatdırırıq: 
 
1. Qüsl etmək. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar. 
 
2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq. "Təvəssül" və "Fərəc" duası oxumaq. 
 
3. Altı rükət “Həmd”, “Yasin”, “Mülk” və “İxlas” surəsini oxumaqla namaz qılmaq.
 
4. Yüz rəkət namaz. “Həmd”dən sonra on dəfə “İxlas” surəsini oxumaqla qılmaq. 
 
5. İmam Hüseyn (ə)-ın ziyarəti:
 
Bu gecənin əməllərinin içində ən fəzilətli əməl, İmam Hüseynin(ə) ziyarətidir. Bu əməl günahların bağışlanmasına səbəb olar. 
O Həzrəti (ə) ziyarət etmək üçün başı göyə tərəf tutub bu kəlmələrlə o Həzrəti (ə) ziyarət etmək lazımdır: 
«Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh». 
Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Hz.İmam Hüseyni (ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar. 
 
6. Kumeyl duasını oxumaq. 
 
7. Aşağıdakı zikrlərin hər birini yüz dəfə demək:
«Subhənəllah», «Əlhəmdulilləh», «Əllahu əkbər», «Lə iləhə illəllah».
 
8. Cəfər Təyyarın namazını qılmaq.
Cənab Cəfər Təyyarın namazı çox fəzilətli namazlardan biridir. Bu namaz günahların (müharibə və cihaddan fərarilik kimi) bağışlanması və mühüm bir hacətin yerinə yetməsi üçün qılınar. Bu namazı Peyğəmbər (s) Cəfər Təyyara öyrətmişdir.
 
«Cəfər Təyyar» namazının qılınma qaydası:
 
Bu namaz 4 rəkətdir (2 dənə 2 rəkət), onun 1-ci rəkətində Həmddən sonra «Zəlzələ» surəsi, 2-ci rəkətində Həmddən sonra «Adiyat» surəsi, 3-cü rəkətində Həmddən sonra «Nəsr» surəsi, 4-cü rəkətində isə Həmddən sonra «İxlas» surəsi deyilir. Həmçinin, aşağıdakı zikr (təsbihati-ərbəə) 15 dəfə hər rəkətin qiraətindən sonra, 10 dəfə rukuda, 10 dəfə rukudan sonra, 10 dəfə 1-ci səcdədə, 10 dəfə 1-ci səcdədən sonra, 10 dəfə 2-ci səcdədə, 10 dəfə 2-ci səcdədən sonra deyilməlidir (Bu təsbihat cəmi 300 dəfədir və hər 4 rəkətdə deyilməlidir). Bu namazın cümə günündə qılınmasının çox fəzilətli olması nəql olunmuşdur.
 
Qeyd: Şəban ayının 15-ci gecəsində qeyd olunanlardan əlavə bir sıra dualar da vardır. Daha geniş məlumat üçün «Məfatihul-Cinan» kitabına müraciət edə bilərsiniz. 
 
Şəban ayının on beşinci günü
 
Bu gün on ikinci imamın, mövlamız Həzrət Höccət Sahibəz-Zamanın(əc) mövlud günüdür. 
O Həzrəti (əc) istənilən məkan və zamanda ziyarət etmək, zühuru üçün dua etmək müstəhəbdir. O Həzrəti (əc) Samirra şəhərində, sərdabədə ziyarət etmək təkid olunmuş müstəhəb əməllərdəndir.