“Avropanın Azərbaycana bu qədər diqqətinin şahidi olmamışdım”

Eldar Namazov: `Avropa Şurası yaxın 6 ayda Azərbaycanı xüsusi diqqətdə saxlayacaq`

“Sessiyanın gedişində İlham Əliyevə ünvanlanan suallar Azərbaycandakı reallığı tam əks etdirirdi. Sessiyadan öncə başlayan və bu gün də davam edən proseslərdən görünür ki, Avropa Şurası Azərbaycanın qurumun Nazirlər Komitəsinə sədrliyi dönəmində ölkəyə diqqəti artırıb”. 
 
Bu sözləri “Yeni Müsavat”a açıqlamasında politoloq, “El” hərəkatının sədri Eldar Namazov deyib. 
 
Onun sözlərinə görə, səhhəti ilə bağlı sessiyada iştirak etməyi planlaşdırmasa da, bir neçə dəfə xüsusi dəvət edildiyinə görə Strasburqa gəlməli olub: “Mən xaricdə müalicə alıram. Müalicəmi yarımçıq qoymaq istəmirdim. Ancaq Avropa Şurasının təmsilçilərindən bir neçəsi mənimlə əlaqə saxlayaraq yay sessiyasına qatılmağımı istədi. Hətta sessiya başlayandan sonra mənim bura gəlməmdə təkid etdilər. Ümumiyətlə bu sessiyada Azərbaycanın vətəndaş cəmiyyəti institutları çox geniş tərkibdə təmsil olunub. Sessiyada Azərbaycanda insan haqlarının, demokratik durumun monitorinqi ilə məşğul olan bütün aparıcı qurumların rəhbərləri təmsil olunur. Mən burada NiDA vətəndaş hərəkatının, ReAL-ın üzvləri ilə, Azərbaycandan olan insan haqlarının müdafiəçiləri ilə görüşdüm. Əslində AŞPA-nın sessiyasının gündəliyində Azərbaycanla bağlı məsələ yoxdur. Azərbaycan ona görə müzakirə predmeti oldu ki, qurumun Nazirlər Kabinetinə sədrlik dönəmi rotasiya üsulu ilə Azərbaycana keçdi. Burada gedən müzakirələrdən də görünür ki, Azərbaycanın quruma sədrlik edəcəyi 6 ayda ölkə diqqət mərkəzində olacaq”. 
 
Eldar Namazov AŞPA-nın yay sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin keçirdiyi görüşlər haqqında da danışıb:“Bir sıra görüşlərimiz olub, qurumun baş katibi ilə, Parlament Assambleyasının sədri ilə demokratiya, insan haqları komitələrinin rəhbərliyi ilə Azərbaycandakı ümumi durum, siyasi vəziyyətlə bağlı geniş müzakirələrimiz olub. Çox yaxşı haldır ki, bizim komitə iclaslarında səsləndirdiyimiz fikirləri AŞPA üzvləri sessiyanın gündəliyinə gətirir və bu məsələlər qurumun ümumi müzakirəsinə çıxarılır”.
 
Polotoloqun fikrincə, AŞPA-nın yenidən Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin etməsi insan haqlarını müdafiə təşkilatlarının birgə səyinin, uğurlu fəaliyyətinin nəticəsidir: “Azərbaycanın insan haqları ilə bağlı Avropa Şurası qarşısında xeyli öhdəliyi var. Bu öhdəliklərin yerinə yetirilməməsi zaman-zaman Avropa Şurasının gündəliyinə gətirilir. İndi qurum bu haqda xüsusi məruzə hazırlanmasını, problemlərin nədən ibarət olması haqqında daha geniş təsəvvür formalaşmasını qərara alıb. Payızda AŞ-nın Monitorinq Komitəsi Azərbaycanın öhdəliklərini necə yerinə yetirməsi haqqında ilkin hesabat hazırlayacaq. 2015-ci ilin yanvar sessiyasında artıq rəsmən AŞPA-nın sessiyasına Azərbaycanda insan haqlarının, demokratiyanın durumu, ölkənin üzərinə götürdüyü öhdəliklərə hansı səviyyədə əməl etməsi gündəliyə salınacaq. Yəni yaxın 6 ayda Azərbaycan Avropa Şurasının diqqət mərkəzində olacaq”.
 
Eldar Namazov bildirir ki, AŞPA son illərdə ilk dəfədir Azərbaycana bu qədər böyük diqqət ayırır: “Biz uzun illərdir qurumla əməkdaşlıq edirik. Öncəki illərdə AŞ-ın Azərbaycana bu qədər diqqət göstərməsinin şahidi olmamışdım. Görünür, bu diqqəti Azərbaycandakı durum tələb edir. Azərbaycan Nazirlər Komitəsinə sədrlik edəndən sonra Avropa strukturlarının rəhbərliyi Azərbaycana səfərlər edir, müxtəlif səviyyələrdə görüşlər keçirir və o səfərlərdən qayıdandan sonra da Azərbaycanla bağlı məsələlərə daha həssaslıqla yanaşırlar. AŞPA-nın prezidenti xanım Ann Brosör sessiyadakı çıxışında Azərbaycan səfərindən, eyni zamanda siyasi məhbuslarla görüşə buraxılmamasından söz açdı. Görünür, Qərb institutları bundan sonra Azərbaycanla bağlı siyasətlərini nisbətən sərtləşdirəcəklər. Çünki gedişat göstərir ki, ciddi tələblər olmadan Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmək fikrində deyil”.
 
E.Namazov parlamentarların Azərbaycanın dövlət başçısı İlham Əliyevin çıxışına münasibətindən də söz açıb:“Şəxsi söhbətlərdə olan qiymətlərləndirmələr haqqında bir söz söyləyə bilməyəcəm. Sadəcə onu deyə bilərəm ki, çıxışın müxtəlif hissələrinə müxtəlif reaksiyalar var. Ona görə ki, çıxışın ikinci hissəsində problemlərdən də söz açıldı, vətəndaş cəmiyyəti ilə dialoq haqqında da fikirlər səsləndirildi. Çıxışın birinci hissəsi və sual-cavab bölümü isə sərt bəyanatlarla yadda qalıb. Ona görə də məsələyə müxtəlif yanaşmalar var. Dövlət başçısının çıxışında yalnız Qarabağla bağlı mövqe Azərbaycandakı ortaq fikir kimi qiymətləndirilə bilər. Çünki bu, yeganə məsəlidir ki, onunla bağlı iqtidar və müxalif düşərgə arasında heç bir fikir ayrılığı yoxdur. Mən bu məsələdə bir məqamı da xüsusi olaraq vurğulamaq istəyirəm. Qarabağ məsələsini təkcə rəsmi şəxslər deyil vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri də bir çox beynəlxalq qurumlarda qaldırır, Azərbaycanın mövqeyini müdafiə edir. Heç şübhəsiz,Azərbaycanın ən ciddi problemi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir və bu yöndə cəmiyyət bütün gücünü səfərbər etməlidir. Ancaq Azərbaycan iqtidarı vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini məhdudlaşdırmaq, onlara çeşidli yollarla basqı göstərməklə tamamilə çox yanlış mövqe tutur”.
 
Eldar Namazovun sözlərinə görə, Qərb Rusiyanın postsovet məkanına nəzarəti gücləndirmək planlarından rahatsızdır və bu səbəbdən region ölkələrində sabitliyin təmin edilməsi üçün ciddi səylər göstərir. Politoloqun fikrincə, Qərb hüququn aliliyi prinsipinin qorunmasını, sivil, şəffaf cəmiyyətlərin yaranması, insan haqlarına sayğı göstərilməsini bu siyasətin tərkib hissəsi sayır: “Avropa Şurası Ukraynadakı durumla bağlı ciddi narahatlıq keçirir. Ukrayna məsələsi qurumun demək olar, bütün komitələrinin gündəliyinin əsas mövzusudur. Ölkənin yeni seçilən prezidenti Petro Poroşenkonun Avropa Şurasına dəvət edilməsi də bir tərəfdən bu narahatçılığın, ikinci tərəfdən  Rusiya ilə mübarizədə Ukraynanı tam dəstəklədiyinin ifadəsidir. Biz Ukrayna nümayəndə heyəti ilə də görüşdük. Krım türklərinin lideri Mustafa Cəmiloğlu ilə geniş müzakirələr apardıq. Düşünürəm ki, Krım məsələsi çox həsasdır və bugünkü durum üçün ərazidə yaşayan insanların hüquqlarının təmin edilməsi ən vacib məsələdir. Çünki hər kəsə bəllidir ki, Ukraynanın Krımı işğaldan azad etməsi çox ciddi və uzun zaman aparacaq proseslə mümkün ola bilər”.