“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Bakı şəhərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.
 
TQDK-nın mətbuat xidmətindən Maide.az-a verilən xəbərə görə, imtahanın nəticələri artıq komissiyanın internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. 
 
İmtahanda iştirakı nəzərdə tutulan 1216 abituriyentdən 528 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak etmiş 688 abituriyentdən 474 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb.
 
“Azərbaycan dili” fənnindən məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.