“Azərbaycan müstəqil siyasət aparır” tezisi gülməlidir

Biz tez-tez ölkə rəsmilərindən “Azərbaycan müstəqil siyasət aparır” tezisini eşidirik. Əslində, qulağa xoş gələn bu cümlə reallıqdan, real siyasətdən tamamən uzaqdır. Dünyada, ümumiyyətlə, tam müstəqil siyasət aparan ölkə yoxdur, ola da bilməz. Əvvəla, ölkələr ümumdünya və regional təşkilatlarda müxtəlif öhdəliklər götürərək könüllü şəkildə birləşirlər, məsələn, BMT, Avropa Şurası, Avropa Birliyi, Asiya və Cənubi Amerika, İslam ölkələrinin birlik təşkilatları. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün veto hüququ var, bu da onlara istədiklərini müstəqil şəkildə etmələrinə mane olur, yəni, hətta dünyanın 5 ən böyük dövləti belə, müstəqil siyasət apara bilmir. TŞ-nin 5 daimi üzvünü ayrı-ayrı araşdıraq:
 
1) ABŞ – dünyanın ən qüdrətli dövləti olmasına baxmayaraq, tam müstəqil deyil, NATO çərçivəsində, AB ilə münasibətlərdə daim kompramisə getməyə məcburdur, 15 trilyona yaxın daxili və xarici borcu var, iqtisadi olaraq bu kreditorlardan asılıdır.
 
 2) Çin – qapalı ölkə, güclü ordusu və iqtisadiyyatı olmasına baxmayaraq, tam müstəqil deyil. İqtisadiyyatı idxalda enerji resurslarından asılıdır, ixracatda isə tam ABŞ və Avropa bazarından asılı vəziyyətdədir. İldə 600 milyard ABŞ-a, 400 milyarda yaxın isə AB-yə öz mallarını ixrac edir, deməli, iqtisadi böyüməsinin lokomotivi olan ixracatının 70%-dən çoxu ABŞ və AB-dən asılıdır. Bundan əlavə, Çin dövləti ABŞ-ın borclarının 2 trilyon dollarını alıb, yəni rezervlərinin böyük əksəriyyəti ya dollardadır, ya da ABŞ-ın dövlət borc qiymətli kağızlarında
 
 3) Rusiya – iqtisadi olaraq tamamilə Qərbdən asılı ölkədir, müstəqil siyasət yeritməyi bacarsa idi, indi Kiyevi də işğal etmişdilər, Tbilisini də, hələ bir Moldovanı da, deməli, çəkindikləri var, müstəqil deyillər, baxmayaraq ki, atom silahına qədər varlarıdır.
 
 4) Böyük Britaniya – maliyyə mərkəzi olmasına, güclü kəşfiyyatı, ordusu olmasına baxmayaraq, iqtisadi olaraq ABŞ-dan ciddi asılılığı var, müstəqil siyasət yeridə bilsəydi, məsələn, indi AB-nin rəhbəri Yunker olmasına mane olmağı bacarardı.
 
 5) Fransa – daxili və xarici borcuna görə çox ağır durumda olan bir ölkədir, müstəqil siyasət aparması mümkünsüzdür, iştirak etdiyi bütün formatlarda çoxluğun fikirlərini uyğulamaqla hökümlüdür, dünya maliyyə institutlarına və ölkələrinə 1,2 trilyona yaxın borcu var.
 
 
Siyahını uzada da bilərəm, sadəcə, demək istəyirəm ki, “Biz müstəqil siyasət yürüdürük” tezisi daxili auditoriyaya hesablanmış, həqiqətdən çox uzaq bir deyimdir, hətta, gülməlidir. Çox şey demirəm, Azərbaycanda xərclənən hər 10 manatdan 9-u xaricə satdığımız neftə görədir, yəni ölkələr o yana qalsın, Azərbaycan tək London birjasından asılı vəziyyətdədir. Neftin qiyməti 30% düşsə, rezervlərimiz 2 ilə bitəcək. Bir də ki, “Biz müstəqil siyasət aparırıq” deyən dövlətin ərazilərinin 20%-ə yaxını 20 ildən çox işğal altında qala bilməz.
 
Bizim rəsmilərimiz “müstəqillik” anlayışını düzgün qavramırlar, “5-10” manat pulları var, elə bilirlər ki, müstəqil siyasət aparmaq pulla ölçülür. Lap “Ələkeçməz Co” haqqında əfsanə yada düşür: Co ona görə ələkeçməz idi ki, heç kimə lazım deyildi...
 
 
Natiq Cəfərli (REAL hərəkatının icra katibi)