“And olsun Kəbənin Rəbbinə ki, nicat tapdım!”

Mübarək Ramazan ayının 19-cu gecəsi Həzrət Əli (ə) Ibn Mülcəm (l)-in əli ilə zərbətləndi. Hicrətin 40-cı ilində bir sıra xəvaric Məkkədə öz aralarında qərar qoydular ki, Ramazan ayının 19-cu gecəsi Misirdə Əmr ibn Ası, Şamda Müaviyəni, Kufədə isə İmam Əlini (ə) sübh namazında öldürsünlər. Onlar üç nəfəri öz aralarında təyin etdilər. Əmr ibn Ası öldürməyi Bəkr ibn Əmr, Müaviyəni öldürməyi Abdullah ibn Həccac, Əlini (ə) öldürməyi isə Əbdürrəhman ibn Mülcəm (l) boynuna götürdü.
 
Ibn Mülcəm bu məqsədlə Kufəyə gəldi. Lakin öz gəlişinin məqsədini heç kəsə bildirmədi. O, Kufədə Quttamə adlı gözəl bir qızın evində qaldı. Onun gözü Quttaməyə düşdü və onunla evlənməyi qərara aldı. Ibn Mülcəm ona öz fikrini bildirdikdə Quttamə üç şərt əsasında razılaşaraq dedi: “Əgər mənimlə evlənmək istəyirsənsə, mənim mehriyyəm 3000 dirhəm pul, bir kəniz və Əlinin qanıdır.” Əli (ə) onun atası və qardaşlarını Nəhrəvan müharibəsində öldürdüyü üçün kin-küdurəti qəlbində coşub daşmışdı. Ona görə də Əlini (ə) öldürmək istəyirdi. Ibn Mülcəm onunla razılaşdı və Kufəyə gəlməkdən məqsədini ona bildirdi ki, mən Kufəyə yalnız Əlini öldürmək üçün gəlmişəm.
 
Nəhayət, Ramazan ayının 19-cu gecəsi gəlib çatdı. O gecə Əli (ə) səhərə qədər Allaha ibadət edir və dua edirdi.
 
O Həzrətin qızı Ümmü Gülsüm deyir: Həmin gecə atam iftara bizə gəlmişdi. Mən onun üçün duz, çörək və süddən ibarət olan bir iftar süfrəsi düzəltdim. Atam süfrəyə baxıb gözləri yaşardı və mənə buyurdu: Qızım, sən heç indiyə qədər görmüsənmi atan çörəklə iki cür yemək yesin? Bunlardan birini süfrədən götür. Mən südü götürdüm. Atam bir neçə tikə düz çörəklə iftar etdi. Lakin həmin gecə atamın halı çox fərqli idi. O gecə atam səhərə qədər Allaha ibadət edir və belə dua edirdi: “Ilahi, ölümü mənə mübarək et!” İmam o gecə tez-tez həyətə düşüb göyə baxır və bu sözləri təkrar edirdi. “And olsun Allaha ki, nə mən yalan deyirəm, nə də mənə deyilən sözlər yalandır. Bu gecə həmin vədə verilmiş gecədir.”
 
Nəhayət sübh namazının vaxtı yetişdi. Həzrət namaz qılmaq üçün evdən çıxdı. Həyətdə olan ördəklər İmamın ətəyindən tutub, o həzrətin məscidə getməsinə mane olurdular. Sanki ördəklər də İmamın ölməyini istəmirdilər. İmam qapıdan çölə çıxarkən əbası qapının cəftəsinə ilişdi. O gecə sanki, qapı da İmamın məscidə getməsini istəmirdi. Nəhayət, İmam Kufə məscidinə daxil oldu. Ibn Mülcəm məsciddə üzü üstə yatmışdı. Həzrət Əli (ə) onu yuxudan oyadıb buyurdu: “Ibn Mülcəm, üzü üstə yatma. Çünki, bədbəxt adamlar həmişə üzü üstə yatar.” Sonra İmam sübh namazını qılmaq üçün ibadət mehrabına keçdi. Namazı başlandı. İmam başını səcdədən qaldıran kimi, Ibn Mülcəm zəhərli qılıncı Həzrətin mübarək başına endirdi. İmam Əli (ə) buyurdu: “And olsun Kəbənin Rəbbinə, nicat tapdım!” Məscidin mehrabı al qana boyandı.
 
Həzrət Əli (ə) Ramazan ayının 21-ci gecəsində şəhadətə çatdı. Bu hadisə bütün müsəlmanların ürəklərini kədərləndirir. Bu gecə qəm və qüssə gecəsidir. Həzrət Əlinin (ə) şəhid olub dünyadan getməsinə görə müsəlmanlar kədərli və hüzünlüdür. Lakin bundan daha kədərli olan hadisə budur ki, düşmən müsəlmanlar arasında elə bir vəziyyət yaratdı ki, müsəlmanların öz əli ilə Peyğəmbərin vəsisini məsciddə namaz qılarkən şəhadətə yetirdilər.
 
Bəlkə də Qədr gecəsi ilə həzrət Əlinin (ə) şəhadəti bir-birinə aid olan məsələlərdir. Yəni Allah-təala insanlardan istəmişdir ki, Qədr gecəsində İmam Əlinin vilayəti ilə ünsiyyət tapsınlar. Və bu gecə Allaha dua edərkən Ona Əlinin (ə) adına and verib öz istəklərini diləsinlər. Allah-təala İmam Əlinin (ə) çox sevir və biz dua edərkən Allaha Əlinin (ə) adına and verib öz istəklərimizi diləsək, Allah-təala o Həzrətin hörmət və fəziləti xatirinə bizi bağışlayıb qəbul edər. Qeyd etmək lazımdır ki, yalnız biz yox, bəlkə bizdən əvvəlki ümmətlər və Islam Peyğəmbərindən (s) əvvəlki peyğəmbərlər belə həzrət Əlinin (ə) Allah yanında hörmət və fəzilətli bir şəxs olduğunu dərk etmişlər. Yer üzündə birinci yaranan insan Adəm (ə) olmuşdur. Biz də onun övladlarıyıq. Allah-təala Adəm (ə) peyğəmbəri yaratdıqdan sonra onu cənnətdə məskunlaşdırdı və onun bütün nemətlərindən istifadə etməsinə icazə verdi. Lakin ona buğdadan yeməyi qadağan etdi. Şeytan hiylə işlədib Adəmi (ə) yoldan çıxartdı və Adəm Allahın ona qadağan etdiyi bu nemətdən yedi. Allah-təalanın onun bu hərəkətindən xoşu gəlmədi və cəzalandırmaq üçün yer üzünə göndərdi. Adəmin (ə) Cənnətdən qovulub yer üzünə gəlməsinə “Hübut” hadisəsi deyilir.
 
Hübut hadisəsindən sonra Adəm (ə) böyük səhv iş gördüyünü başa düşüb peşman oldu. O, tutduğu bu işə görə tövbə etmək istədi. Lakin tövbə etməyin yolunu bilmirdi. Bilmirdi necə tövbə etsin ki, Allah onun bu günahını bağışlasın. Allahın mələyi həzrət Cəbrail (ə) onun yanına gəlib dedi: “Ey Adəm! Istəyirsənmi Allah sənin tövbəni qəbul etsin?” Adəm dedi: “Bəli.” Həzrət Cəbrail (ə) dedi: “Elə isə göyə bax!” Adəm (ə) göyə baxdıqda səmada beş nəfərin adının yazıldığını gördü. O beş nəfər bunlar idi: Məhəmməd (s), Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə). Cəbrayıldan (ə) soruşdu: “Bunlar kimlərdir?” Cəbrail (ə) dedi: “Bunlar Allahın ən yaxın dostlarıdır. Onlar hələ yaranmayıblar. Lakin Allah-təala onların nurlarını yaratmışdır. Onu da bil ki, Allah-təala səni də, bütün aləmləri də bu beş nəfərin xatirinə yaratmışdır. Əgər tövbə etmək istəyirsənsə, Allaha bir-bir bu adları and versən, Allah mütləq sənin tövbəni qəbul edər”.
 
Adəmin (ə) bu adlar vasitəsilə tövbə etməsini Allah-təala Bəqərə surəsində belə buyurur:
 
“Adəm Rəbbindən (zi xüsusi) kəlmələr öyrənərək (həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.” ( Bəqərə, 37.)
 
Bu ayə barədə olan bir çox hədislərdə qeyd olunmuşdur ki, Allah-təalanın Adəmə (ə) öyrətdiyi o kəlmələr bu beş nəfərin adı idi: Məhəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə). Adəm (ə) bu beş nəfəri bir-bir çağırıb Allaha and verdi. Allah da onun tövbəsini qəbul etdi.
 
Yusif (ə) peyğəmbəri qardaşları quyuya atıb getdilər. Həzrət Yusif (ə) çox çalışdı, lakin quyudan çıxış yolu tapa bilmədi. Həzrət Cəbrail (ə) onun yanına gəlib eynilə Adəmə (ə) söylədiyi sözləri ona da dedi, beş nəfər müqəddəs şəxsin adını çəkməsini və quyudan nicat tapması yolunu anlatdı. Həzrət Yusif (ə) o beş nəfərə and verib, quyudan nicat tapmasını Allahdan istədi. Allah-təala bir karvanın əli ilə ona quyudan nicat verdi.
 
Buna görə, Allah-təala bu beş nəfərə xatir bütün insanları bağışlayır və onların dualarını qəbul edir.
 
Xüsusən, bu gecə Həzrət Əlinin (ə) şəhadət gecəsidir. Bu gecə biz məscidlərə yığışıb və ya evlərimizdə səhərə qədər oyaq qalıb əhya saxlayır və Əlinin (ə) məzlumcasına şəhid olmağına görə əzadarlıq edirik. Bu gecə biz Əlinin (ə) adına and verib, Allahdan öz istəklərimizi diləsək, mütləq Allah bizim dualarımızı qəbul edər. Çünki Allah-təala Əlini (ə) çox istəyir. Ola bilməz ki, Allah onun adına and verənləri naümid geri qaytarsın.
 
Allah-təala Peyğəmbər (s) və onun Əhli-beytini (ə) sevir və bütün insanları da onların xatirinə bağışlayır. Allah-təala hədisi-qüdsidə Peyğəmbər (s)-ə buyurur:
[“Ya Peyğəmbər!] Sən olmasaydın, fələkləri yaratmazdım. Əli olmasaydı, səni yaratmazdım. Əgər Fatimə olmasaydı, Əlini yaratmazdım.”
 
Məhəmməd Fizuli Allah-təalanın peyğəmbərə buyurduğu bu sözü ərəb dilində iki beyt şerlə qələmə almışdır:
“Ey O kəs ki, Səndən qeyrisi Sənə pənah gətirər. Xoş o kəsin halına ki, Sənin rizayətinlə hidayət olub.Kamalda Sənin dəlilin kifayətdir, əgər olmasaydın, Aləm dövran etməzdi.”
 
Məhəmməd Fizuli bu iki beyt şerlə bildirmək istəyir: insanda o ləyaqət vardır ki, Allah bütün aləmləri ona görə yaratsın. Allah-təala insana kamillik mərhələsinin ən yüksək zirvəsinə çatmağa və Xəlifətullah olmağa qabiliyyət vermişdir. Bu sözün sübutu da Allahın Peyğəmbərə (s) buyurduğu, azaca irəlidə hədisi-qüdsidən qeyd etdiyimiz həmin hədisdir.
 
İmam Əli (ə)-ın fəziləti
 
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Adəmin elmini, Nuhun düşüncəsini, Ibrahimin helmini və Yəhya ibn Zəkəriyyanın zöhdünü görmək istəyirsə, onda Əli ibn Əbi Talibə baxsın.”
 
İmam Əli (ə) elə bir insan idi ki, hansı işdə Allahın razılığı olsaydı, o işi görər və hansı işdə Allahın razılığı olmasaydı, o işi görməzdi. İmam Əli (ə) çox ədalətli bir insan idi. Onun ədalətinə heç kəsin şübhəsi belə yoxdur. Hamı İmam Əlinin (ə) ədalətli bir insan kimi tanıyır.
 
Bədr döyüşü Islamın ən mühüm döyüşlərindən biri idi. Bu döyüşdə müsəlmanların sayı 313 nəfər, müşriklərin sayı isə 950 nəfərdən ibarət idi. Müşriklərə Əbu Sufyan başçılıq edirdi. Döyüş başladıqda İmam Əli (ə) böyük qəhrəmanlıqla müşriklərin qoşununu dağıtdı. Həzrət Əlinin (ə) Əqil adlı bir qardaşı vardı ki, o da müşriklərdən idi və Islam dinini qəbul etməmişdi. İmam Əli (ə) onu atdan yerə salıb, başını kəsmək üçün sinəsinə çökdü. Əqil yerdən səsləndi: “Əli, mənəm!” Əli (ə) baxmadı. Əqil ikinci dəfə səsləndi. “Əli, mənəm! Sənin qardaşın Əqiləm!” Əli (ə) ona baxıb dedi: “Hər kim olursan ol. Kim peyğəmbərlə müharibə edərsə, qardaşım olsa belə öldürəcəyəm.” Əqil dedi: “Əgər Islam budur ki, insanlar Allaha iman gətirməklə bir-birinə qardaş olurlar və iki doğma qardaşın biri iman gətirməsə, o birinə düşmən sayılır, onda mən bu gündən Allaha iman gətirdim.” Sonra Əqil kəlmeyi-şəhadəti dedi və müsəlman oldu. Həzrət Əli (ə) onu öldürmədi. Çünki artıq Əqil iman gətirmişdi.
 
Həzrət Əli (ə) Qurani natiqdir
 
Qədr gecəsi Allah təala bizə iki Quranı təqdim edir. Onlardan biri samit Qurandır ki bu gecə nazil olur. Ikinci Quran isə Əlidir. Həzrət Əli (ə) Quranın danışan dilidir. Bu gecə onun vilayəti təyin olur.
 
HəzrətPeyğəmbər (ə) Əliyə (ə) buyurdu: YaƏli, bilirsənmiqədrgecəsinecəbirgecədir? Əli (ə) dedi: Xeyr, yaRəsuləllah? HəzrətPeyğəmbər (s) buyurdu: HəqiqətənAllahtəalaqiyamətəqədərhərnəbaşverəcəksəhamısınıqədrgecəsindətəyinedir. AllahtəalaQədrgecəsindəsəninvəsəninövladlarındanolanİmamlarınvilayətinitəyinedir.
 
Qədr gecəsi Allahın kitabı olan Quran nazil olur. Lakin bu Quran samitdir. Yəni nə qədər onu oxumasan o səninlə heç bir söz danışmaz. Onu açıb oxumaq və ayələrinə də Allah istədiyi kimi əməl etmək lazımdır. Nəhcül-bəalədə Həzrət Əli (ə) buyurur: Quranı danışdırın ki, sizinlə danışsın. (Onu danışdırmasanız sizinlə danışmayacaq). Ikinci Quran isə natiq Qurandır. Yəni bu Quran insanlarla söhbət edib danışır. İmam Quranın danışan dilidir. Quranda qaranlıq yer gördükdə həmin yeri açıqlamaq yalnız İmamın səlahiyyətindədir. İmamdan başqa hər kəs bu Quranın adından hər nə danışarsa hamısı cırılıb atılmalıdır. Çünki Quranın mənasını Peyğəmbər, Əli (ə), xanım Zəhra (s.ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və onun on bir ovladı olan İmamlar açıqlaya bilər. Bunlar Quranın danışan dilidir. Allah onları Quranın mənasını insanlara başa salmaq üçün təyin etmişdir. Düşmən bilir ki, Quran insanla söhbət etməyəcək. Buna görə də əvvəl Quranın danışan dilini aradan götürür. Əhli-beyti Qurandan ayırdıqdan sonra onu istədikləri yerə yozub mənasını dəyişirlər. Quranın danışan dilini kəsdikdən sonra, Onu müdafiə edən olmadıqda istədikləri kimi təfsir edib mənasını dəyişə bilirlər. Müaviyə Həzrət Əli (ə) ilə müharibə edərkən məğlub olduğunu gördükdə Quranları nizələrin ucuna taxıb hiyləyə əl atdı. O zamanın dar düşüncəli bəzi müsəlmanları bu hiyləyə aldanıb müharibədən əl götürərək dedilər: Biz Quranla müharibə etməyəcəyik. Həzrət Əli (ə) onları başa saldı ki, onlar Quranı nizələrə taxmaqla hiyləyə əl atırlar. Onlar bunun vasitəsilə canlarını qorumaq istəyirlər. Buna görə də Həzrət buyurdu: Mən sizə deyirəm, ilk öncə vurub o quranları yerə salın. Onlar sadəcə bir parça dərdidir. Mən isə Quranın danışan diliyəm. Qurani natiq mənəm. Lakin həmin insanlar Həzrət Əlinin (ə) sözlərinə məhəl qoymadılar heç, əksinə öz qılınclarını o həzrətə sarı yönəltdilər.
 
İmam Əlinin (ə) vəsiyyətləri
 
İmam Əli (ə) ömrünün son anlarında oğlu İmam Həsən (ə) və İmam Hüseynə belə vəsiyyət etdi.
 
Sizi təqvalı olmağa və Allahdan qorxmağa çağırıram. Dünya sizə üz tutsa da, siz dünyapərəst olmayın. Əlinizdən çıxan dünya malı üçün təəssüflənməyin. Haqqı deyin, Allah savabına və əcrinə xatir iş görün. Zalımın qatı düşməni, məzlumun isə tərəfdarı olun. Mən sizi və bütün övladlarımı, ailəmi və bu vəsiyyətimi oxuyan hər bir kəsi təqvalı olmağa, Allahdan qorxmağa, işlərində nizamlı olmağa və insanlar arasında sülh yaratmağa çağırıram. Çünki mən sizin cəddiniz Rəsulallah (s)-dən belə eşitmişəm: “Insanlar arasında sülh və mehribanlıq yaratmaq (bütün nafilə) namaz və orucdan üstündür.” Allah, Allah xatirinə yetimləri qoruyun. Elə etməyin ki, onlar bəzən ac, bəzən də tox qalsınlar. Elə etməyin ki, onlar sizin biganəliyiniz üzündən qarşınızda məhv olub puça çıxsınlar. Allah, Allah xatirinə qonşularınızı yaddan çıxarmayın. Çünki Peyğəmbəriniz (s) qonşulara yaxşılıq etməyi dəfələrlə tövsiyə etmişdir. O, dəfələrlə qonşular haqda elə tövsiyələr etdi ki, onların da mirasa daxil olacağını düşündük. Allah, Allah xatirinə Qurana riayət edin. Elə etməyin ki, ona əməl etməkdə başqaları sizi qabaqlasın. Allah, Allah xatirinə namazı unutmayın. Çünki namaz dininizin sütunudur. Allah, Allah xatirinə Rəbbinizin evini ziyarət etməyi unutmayın. Nə qədər ki, varsız, onu boş qoymayın. Çünki onu boş qoysanız, sizə möhlət verilməz. (Allahın bəlası sizə nazil olar.) Allah, Allah xatirinə canınızla, malınızla, dilinizlə Allah yolunda mübarizə aparın. (Çünki bütün bunları gərək bu yolda sərf edəsiniz.) Siz gərək həmişə dostluq əlaqələrini genişləndirəsiniz. Bağışlamağı, əta etməyi unutmayın. Bir-birinizdən üz çevirməyin, bir-birinizlə əlaqələrinizi kəsməkdən çəkinin. Əmr be-məruf və nəhy əz-münkəri tərk etməyin ki, pislər sizə hakim kəsilərlər. Sonra nə qədər dua etsəniz də, müstəcab (xeyri) olmaz. ( (Nəhcül-bəlağə. İmam Əlinin (ə) İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti. 47-ci məktub))
 
Allah-təala bizləri dünya və axirətdə İmam Əlidən (ə) ayrı salmasın.