Əsl İslamı radikalizmin əlindən almaq

Din sahəsində kobud qadağalar əslində radikalizmə xidmət edir
 
“5 oktyabr hicab aksiyasında iştiraka görə məhkum olunmuş Nahid Qəhrəmanovun övladı hicab bağladığı üçün Fatmayı kənd məktəbinə buraxılmırmış. Nahid həbsxanadan xəbər yollayıb, övladının məktəbə bərpa olunmasına yardım edilməsini xahiş edib”.
 
Bu xəbəri dünən bir tanışdan eşitdim. Bu hadisə faktiki olaraq Azərbaycanda hicab qadağasına olan dinc etirazların nəticəsiz olduğunu bir daha təsdiqləyir. Belə görünür ki, bu mövzuda dəyişən heç nə yoxdur. 
 
Ümumilikdə yeni dərs ilinin başlaması ilə bir sıra məktəblərdən bu tip xəbərlər gəldi. Bizə gəlib çatan məlumatlara görə, bir çox məktəb direktorları dindar valideynlərdən övladlarını məktəbə hicabla göndərməməyi tələb ediblər. Ən qəribəsi odur ki, qadağa cəhdləri yalnız orta məktəblərdə deyil, universitetlərdə müşahidə olunub. Məsələn, sentyabrın 15-də Sumqayıt Dövlət Universitetində 3 hicablı tələbə dərsə buraxılmayıb. SDU-nun rəhbərliyi isə qadağanı çox qəribə formada izah edib. Universitetin humanitar məsələlər üzrə prorektoru Nizami Namazov deyib ki, “universitetə müasir formada geyinərək gəlmək sadəcə olaraq bir tələbdir (!?)”. 
 
Anlaşılan deyil. Ölkə başçısının da bir qədər əvvəl Azərbaycanda hicaba qadağa qoyulmadığı fikrilərini yada salanda ortaya qəribə mənzərə yaranır. Belə görünür ki, yerli məmurlar hicab məsələsində özfəaliyyətə yol verirlər. 
 
Yeri gəlmişkən, sentyabrın 15-də “Amerikanın Səsi” radiosuna müsahibə verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda İslam dəyərlərinin təbliğ olunduğunu bildirib. Sitat: “Biz Azərbaycanda ənənəvi klassik şəkildə formalaşmış islamı dəyərlərdən kənar hansısa qeyri-islami xətlərin, cərəyanların, qrupların ayaq açmasına imkan verməyəcəyik. Biz əsas müqəddəs kitabımız “Qurani-Kərim” və ondan irəli gələn müddəaları əhaliyə daha geniş şəkildə çatdırmaqla həmin xırda qrupların, radikal dairələrin söylədikləri fikirlərin islama aid olmadığını onların diqqətinə çatdırmağa qadir olacağıq”.
 
Ötən gün isə Mübariz Qurbanlı orta məktəblərdə din tədrisi ilə bağlı fikirlərini deyib. Komitə sədri qeyd edib ki, onun təşəbbüsü olmasa da yaxın illərdə orta məktəblərdə din tədrisi təşəbbüsü reallaşa bilər. 
 
Yaxşı fikirlərdir, belə baxanda ritorika dəyişib. 3 il əvvəl Azərbaycan məmurları başqa cür danışırdılar. İndi isə yanaşma dəyişib. İndi artıq hökumət də anlayır ki, kəskin qadağalarla heç nəyə nail olmaq olmayacaq. Daha incə və ehtiyatlı siyasət lazımdır. Dini radikalizmi, dindən silah kimi istifadə olunma cəhdlərini həqiqi dindən ayırmaq lazımdır. Bunun təcrübəsini Azərbaycan daha əvvəl yaşadı. Kor-koranə qadağalar bütövlükdə ölkənin dini mühitini dövlətə düşmən etmişdi. Nəticə nə oldu? Azan qadağası, məscid qapadılması, hicaba qadağa qoyulması dini zəmində gərginliyi artırdı, Bakıda ciddi etirazlar oldu. Ən əsası da bütün bunlar heç bir hüququ, siyasi əsası olmayan, məntiqdən kənar addımlar idi. Azərbaycan dövləti əhalinin 96 faizinin müsəlman olması reallığını qəbul edib, buna uyğun hərəkət etməli idi. “Olmaz” qaydasını tətbiq edən sovetlər belə uğurlu nəticəyə nail olmadılar. 
 
İndi isə çox şükür ki, artıq hökumət də bu reallığı qiymətləndirir. Əsl İslam dəyərlərini radikalizmdən, həqiqi dindarları dindən silah kimi istifadən qruplardan ayırmaq lazım olduğu həqiqətini qəbul edirlər. Bunun üçünsə ilk yol İslam qanunlarına hörmət etmək, həqiqi İslam dəyərlərinə yol açmaqdır. Bu, çox incə sərhəd olsa da, bunu etmək və xətti düzgün tutmaq lazımdır. Əks halda din adına radikalizm, terror bizi də təhdid edəcək. 
 
Kənan Rövşənoğlu/Yeni Müsavat