“Sovetski” xəritədən sürətlə silinir

Bakının köhnə məhəlləsində söküntünün miqyası genişlənir; evlər uçurulur, təzminatın məbləği isə dəyişməyib; yanvarda yeni etiraz dalğası gözlənilir...

Bakının qədim məhəlləsi “Sovetski” xəritədən rəsmən silinir. Məhəllədə kütləvi şəkildə sökhasök prosesi gedir. Artiq bu köhnə məhəllə tarixin arxivinə qovuşur. 2015-ci ildə Bakı nostaljisi ilə yaşayanlar üçün, sadəcə, xatirələr qalacaq. O da müğənni Eyyub Yaqubovun söküntülərlə bağlı ifa etdiyi son nəğmədə.

 
 
Çünki məhəllənin Murtuza Muxtarov, Mirzə Fətəli, Mirzəağa Əliyev küçələrində yaşayanlar bir-bir mənzillərini tərk edirlər, söküntünün miqyası genişlənir. Hökumətin ilk gündən elan etdiyi təzminatın məbləği isə dəyişməz qalır -  bir kvadrmater  üçün 1500 manat. Bununla da, paytaxtın köhnə yaşayış massivi şumlanır. 
 
“Sovetski” məhəlləsinin hər addımında uçulub-dağılmış tikililər, yarımçıq vəziyyətdə olan evlər, divarlarda saysız-hesabsız elanlara rast gəlinir. Belə ki, vətəndaşlar evlərini satışa çıxarıblar, plana düşən bu mənzilləri kimlərinsə alacağına sadəlövhcəsinə ümid edirlər. 
Amma mülk sahibləri isə onlara verilən kompensasiya ilə barışmış kimi görünür. Çünki ilin əvvəlində olan etirazlardan sonra “Sovetski”də bir susqunluq müşahidə olunur. Ötən bazar günü də plana düşən küçələrdə olarkən sakitlik idi. Qarşılığında isə M.Muxtarov, M.Fətəli küçələrində evlər bir-bir uçurulur. 
***
Yanvar ayında isə söküntünün ən böyük dalğası gözlənilir. Bu dalğanın özü ilə bərabər etirazlar dalğasını da gətirəcəyi istisna olunmur. Metronun “Nizami” stansiyasının arxasındakı evlərin başdan-ayağa yerlə-yeksan olunması nəzərdə tutulub. Söhbət M.Muxtarov küçəsinin bütövlükdə sökülməsindən gedir. 
 
Məhəllə sakinləri də bu sakitliyi yanvarda gözlənilən tufanqabağı sükuta bənzədir. Ehtimal olunur ki, M.Muxtarovun kütləvi şəkildə sökülməsinə başlansa, etirazlar da baş qaldıracaq. Hələlik isə hökumət evləri tək-tək sökməklə daha sakit şəkildə prosesi idarə edir. Mənzillərini tərk edənlər isə əsasən mülklərinin kvadratı çox olanlardır. M.Fətəli küçəsində tikintiyə nəzarət edən bir şəxs bizimlə  söhbətində hökumətin “Sovetski” siyasətinə haqq qazandırdı: 
 
“Kimin kvadratı çoxdursa, ev ala bilir. Bakıda yeni binalarda kvadratı 800 manatdan mənzil almaq olar. Burda faciə düzəltmək lazım deyil. Kimin evinin kvadratmetri  azdırsa, bu, onun problemidir. Vaxtında tənbəllik etməyib, pul qazanıb kvadratını artırardı. Ailə başçısı qızını köçürəndə əvvəldən hazırlaşır, xırda-xırda pul yığıb cehiz alır. Bu da ona oxşayır. Gələcəyini fikirləşməyib, quş damına oxşayan evlərdə yaşayıblar”.
 
Məhəllə sakini olan Adil müəllim isə deyir ki, bu sözü deyənlər nadan adamlardır: “Çünki onun evini sökmürlər. Bu, mənim mülkümdür və şəhərin mərkəzində bazar qiymətinə uyğun şəkildə təzminat almalıyam. Camaatı aldadırlar, kim narazılıq edir gözünü qorxudurlar. 
 
Adamları həvəsdən salırlar ki, onsuz da şikayətin mənası yoxdur, bir qəpik də artıq verilməyəcək. Camaat da oturub sakit. Ona görə heç kəsdən səs çıxmır. Qonşularıma da deyirəm ki, gəlin yığışaq, belə olmaz. Ancaq heç kimdən səs-səmir çıxmır".
***
Sakinlərin sözlərinə görə, “Sovetski”də aksiyaların dayanması ilk günlərdə keçirilən mitinqlərdə olan həbslərlə əlaqədardır.  Nurəddin adlı məhəllə sakini vəziyyətlə bağlı bunları deyir: “Bir-iki nəfəri tutdular, hamının gözü qorxdu. İndi də yanvarda əsas söküntü başlayacaq. 
 
Camaat danışır ki, mərəkə qopacaq. Vallah nə bilim, belə getsə, heç onda da millətdən səs çıxmayacaq. Nə baş verdi, heç biz də başa düşmədik. Mitinqlərdən sonra heç kəs dinmədi. Deyəsən bir qəpik artırılıb, susublar, yox. Yəni Abid Şərifov nə dedisə, elə də oldu.  Kvadratına 1500 manatdan bir qəpik də o yana keçmirlər. Kimin kvadratı çoxdursa, onu başa düşdük. Amma az kvadratlı evlərdə yaşayanlar da danışmır".
 
Sakinlərin dediyinə görə, söküntü işləri yanvardan maya qədər davam edəcək. Bakıda keçiriləcək Avropa Yay Oyunları ərəfəsində isə söküntüyə fasilə veriləcəyi gözlənilir. Hökumət 2015-ci ilin sonuna kimi nəzərdə tutulan planı yekunlaşdırmaq istəyir. Evi söküləcək M.Əliyev küçəsinin sakinlərindən bir qrupu ilə söhbətdə öyrənirik ki, vətəndaşlar aldadılıb. 
 
Onların dediyinə görə, baş nazirin müavini Abid Şərifov, Yasamal rayon rəhbərliyi və Maliyyə Nazirliyi əhalidən möhlət istəyərək, qiymətləndirmə məsələsinə yenidən baxılacağına vəd verib. Aylarla sürən bu “çözüm sürəci”nin sonunda A.Şərifov efirə çıxaraq təzminatın məbləğinin dəyişməyəcəyini açıqlayanda əhali ruhdan düşüb. 
 
 “Abid müəllim bizə dedi ki, heç kəs evindən zorla çıxarılmayacaq. Düzdür, məcbur eləmirlər. Amma plan varsa, deməli sökəcəklər. Camaat da bir-birinə baxıb, evindən çıxır. Görür qonşusu köçür, ümidsizləşir, təslim olub, o da 1500 manatla barışır,”-deyə yerli sakin Əsəd deyir. Amma məhəllə sakinləri yanvarda nə olacağını da bilmirlər. Onlar etirazların başlayacağını istisna etmirlər. Hər şey yeni ilin əvvəlində müəyyən olacaq. 
Xatırladaq ki, “Sovetski” ərazisində nəhəng tikinti layihələri həyata keçiriləcək. Hətta bu məqsədlə İtaliyadan olan memar, arxitektor və dizaynerlərin bir qrupu Azərbaycana dəvət olunub. Onlar Bakının Baş Planına uyğun olaraq, böyük Milli Parkın (meşə zolağının) yaradılması üzrə layihə işləyib hazırlayıblar. 
 
Bu yaşıl zolaq metronun “Nizami” və “Elmlər Akademiyası” stansiyaları arasındakı böyük bir ərazini əhatə edəcək. Bakıda olan italyan jurnalist xanım Sandro Teti bildirmişdi ki, onun həyat yoldaşı da İtaliyadan Bakıya dəvət olunan memar-arxitektor qrupuna daxildir.