Şəhriyarın saxta və əsl “Azərbaycan” şeiri – orijinal mətn

“Bu saxta şeirlə bağlı təəssüf ki, Azərbaycan Respublikasında hələ də heç bir addım atılmır və şəxsən mənə verilən vədlər tutulmur. Mərhum filoloq-alim, professor Yaşar Qarayev hələ 20 il öncə bu şeirin nəşrlərdən çıxarılacağını söz vermişdi. O vaxt mənə dedi ki, yaxşı ki, bu şeirin saxta olduğunu nəzərimizə çatdırdınız. Yoxsa biz onu Azərbaycanın milli himni edəcəkdik”.

 

Bunu Tehran Universitetinin müəllimi, filoloq-alim Əsgər Fərdi deyib. “Ustad Şəhriyarın adına yazılan “Azərbaycan” şeirini ilk dəfə 20 yanvar hadisələrindən sonra mərhum xalq artisti Mikayıl Mirzəyevdən eşitmişəm. Qələm və üslubun Şəhriyara aid olmadığı aşkardır. Şairin 1992-ci ildə Tehranda keçirilən ildönümü mərasimində də bu, Azərbaycandan gəlmiş nümayəndə heyətinin nəzərinə çatdırılıb. Böyük ehtimalla saxta “Azərbaycan” şeirinin müəllifi elə Fikrət Sadıqın özüdür.Doğrudur, özü deyir ki, o şeiri ona professor Əhməd Şəfai verib. Qafqazla bağlı sənədli film çəkdiyim sırada Şəkinin “Marxal” istirahət mərkəzində də Fikrət Sadıqla görüşüm olub. Onunla bu mövzuda geniş müsahibə almışam və o zaman mənə bəzi mətləbləri etiraf edib”.

 

Qeyd edək ki, mərhum Məhəmmədhüseyn Şəhriyarın şeirlərinin Bakı nəşrlərində təhrif edilməsi xeyli müddətdir ki, İran filoloqları və şəhriyarşünaslarının əsas müzakirə mövzusudur. Onlar iddia edir ki, bu təhriflər sovet vaxtlarından başlayıb. “Bu təhrifçilər arasında Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə, Mirzə İbrahimov, Nazim Rizvan və səhv etmirəmsə, Cəmilə Şükürova adlı digər ədəbiyyatçını xüsusi qeyd etmək olar”. Bunu bir müddət öncə Modern.az-a  Tehran Universitetinin müəllimi, Şəhriyar irsinin araşdırmaçılarından olan filoloq-alim Əsgər Fərdi deyib. “Mən düz 13 il, ta vəfatına qədər Ustad Şəhriyarın xidmətində olmuş və ondan dərs almışam. Bakıda mərhum şairin adına yazılan bir çox mətləblər, əslində, saxtadır. O cümlədən Azərbaycan Respublikasının orta məktəb dərsliklərində tədris olunan bir şeiri də. “Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan. Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan” misraları ilə başlayan bu şeirin Şəhriyara heç bir aidiyyəti yoxdur. Onun farsca yazıldığı və guya, Fikrət Sadıqın tərcümə etməsi ağ yalandır”.

 

 Ə. Fərdinin sözlərinə görə, sözügedən şeirin həqiqi və məzmununa görə tam fərqli nüsxəsi 1941-ci ildə qələmə alınıb. “Ba yade Azərbaycan” adlı həmin şeir Şəhriyarın farsca divanının 1-ci cildinə daxil edilib. “Dərsliklərdə verilən “Azərbaycan” şeirinin saxtalığını vaxtilə Bakıda olarkən şərqşünas-alim Rüstəm Əliyev, mərhum Bəxtiyar Vahabzadə, Anar və Qasım Qasımzadəyə çatdırmışam”.

 

İranda keçirilən Milli Şeir Günü çərçivəsində də M.Şəhriyara həsr olunan tədbirdə də eyni məzmunlu ittihamlar səslənib. Təbrizli şair, “Qafqaz karvanı” kitabının müəllifi Cəlal Məhəmmədi Azərbaycan Respublikasında Ustad Şəhriyarın şeirlərinin ciddi təhriflərə məruz qaldığını iddia edib.

 

Maraqlıdır ki, Modern.az-ın bu mövzudakı yazıları oxucuların da diqqətini çəkib. Yazıların birinə gəlmiş şərhdə Şəhriyarın Bakıda nəşr olunmuş “Yalan dünya” toplusundakı “Getmə tərsa balası” şeirinin də orijinal variantından fərqləndiyi iddia olunur.

 

Sonda qeyd edək ki, Əsgər Fərdi Ustad Şəhriyarın farsca divanının 1-ci cildində olan əsl “Be yade Azərbaycan” (“Azərbaycanı xatırlarkən”) şeirinin mətnini Modern.az-a göndərib. Həmin şeiri sətri tərcüməsi ilə birgə oxucuların nəzərinə çatdırırıq.

 

Pər mizənəd morğe deləm ba yade Azərbaycan,

Xoş bad vəqəte mərdome azade Azərbaycan.

(Könül quşu qanad açar yad etdikdə Azərbaycanı,

Baxtın-halın xoş olsun, Azərbaycanın hürr xalqı! 

 

Diyrist dur əz daməne məhrəş məra əfsorde del

baz ey əzizan zendeəm ba yade Azərbaycan.

(Səndən iraq düşdüyümdən könlüm viran,

Amma yenə diriyəm mən xatirəndən, Azərbaycan.)

 

Azadiye İran ze to! Abadiye İran ze to!

Azad baş ey xetteye abade Azərbaycan.

(İranın azadlığı sənə bağlı! İranın abadlığı da!

Azad ol, ey abad məmləkət, Azərbaycan!)

 

Dər bistune enqelab əz şure şirine vətən

Bəs tişe bər sər kufte Fərhade Azərbaycan

(Bisütun inqilabda, şirin-şəkər vətən üçün

Külüng vurmuş Fərhad kimi zaman-zaman Azərbaycan.)

 

Dər məktəbe eşqe vətən can baxtən amuxte

Ya Rəbb kə budəst əz əzəl ostade Azərbaycan.

(Vətən eşqi məktəbində can verməyi öyrənib,

Ya Rəbb, kimmiş ustadı əzəldən Azərbaycanın?)

 

Şemşade Rey ra ta bovəd azadi əz cəllade dey

Dər xak o xun ğəltidə bəs şemşade Azərbaycan

(Qurtarmaq çün zalimlərin əlindən Rey şümşadını,

Öz şümşadın olub al qan başdan-başa, Azərbaycan.)

 

Avəx ke neyrənge ədu ba dəste napake xodi

Boqsixt tuqe taət əz əkrade Azərbaycan.

(Əfsus, düşmən hiyləsi özümüzkülərin napak əliylə

Azərbaycanda kürdlərin itaət zəncirini qırıb.)

 

Əşke Urumi bin ke ba xune dele Səlmas o Xoy

Dərya şod o bər mikənəd bonyade Azərbaycan.

(Urmiyanın göz yaşına bax, Salmas və Xoyun ürək qanı ilə

Qarışaraq dərya olub və Azərbaycanı kökündən qoparır.)

 

Zəhhakiyane mərkəzi birun bərənd əz həd setəm,

Ta sər bər arəd kaveye həddade Azərbaycan.

(Mərkəzdəki zalimlər həddən artıq zülm edirlər,

Qoy Azərbaycanın qəhrəman oğlu baş qaldırsın.)

 

Xun şod dele azadegan ya Rəbb pəs əz çəndin setəm

Kame setəmgər midəhi? Ya dade Azərbaycan?

(Ya Rəbb! Bunca zülmdən azadə insanların bağrı qan oldu,

Zalimləri kamına yetirirsən? Ya Azərbaycanın dadına çatırsan?)

 

Can dade Azərbaycan əmdad İran ra vənist

İranmədaran ra sər əmdad Azərbaycan.

(Azərbaycan canından keçib İran üçün, ancaq

İran hakimləri Azərbaycanın dadına yetmir.)

 

Ta çənd dər hər bum və bər avarəid və dərbədər

Dəsti bə həm i namur ulad Azərbaycan. 

(Övladların nə vaxta dək tərki-vətən olacaq?

Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!)

 

Əz atəş paşedegi ta çənd xakstərneşin

Abad bayəd xane bərbad Azərbaycan. 

(Pərişanlıq atəşindən yoxsulluq nə vaxtadək?

Azərbaycanın bərbad evi abad olmalıdır.)

 

Bər zəxme Azərbaycan han Şəhrayara mərhəmi

Ta şad gərdani dele na şade Azərbaycan

(Şəhryarın ürəyi də səninkitək yaralıdır,

Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan.)

 

Qeyd: Bu şeir 1941-ci ildə sovet qoşunlarının İran ərazisinə müdaxiləsi dövründə yazılıb. Həmin vaxt müttəfiq orduları da ölkənin cənub və şərq ərazilərində nəzarəti ələ keçirib.

 

Bisitun inqilabı dedikdə Ustad Şəhriyar Məşrutə inqilabını nəzərdə tutub, “Kürdlərin itaəti zəncirini qırması” ifadəsi həmin dövrdə bir sıra Azərbaycan şəhərlərində kürd mənşəli iğtişaşçıların törətdikləri qırğınlara işarədir.