“Yeni dünya”nın “qara dərdi”

ABŞ-da etirazlar yenidən baş qaldırıb. Ölkənin 37 ştatının 170 yaşayış məntəqəsində baş verən etiraz aksiyalarında polislə toqquşmalar baş verib, çoxlu sayda insan həbs olunub. Bundan başqa, olayların baş verdiyi Ferqüsson şəhərində mağazalar qarət olunub, ofislər dağıdılıb, yüzlərlə avtomobil yandırılıb. Aksiyalar isə davam edir.
 
ABŞ-da baş verən növbəti irqçilik əleyhinə aksiyanın səbəbi növbəti dəfə qaradərili gəncin polis tərəfindən öldürülməsidir. Xatırladaq ki, bu il avqustun 9-da Missuri ştatının Ferqüsson şəhərində polis əmrə tabe olmayan 18 yaşlı qaradərili gənc Maykl Braunu güllələyib. Gənci güllələyən polis məmuru Darren Uilson gəncə 12 atəş açaraq onu qətlə yetirib. Bundan sonra Ferqüssonda və digər ştatlarda irqçilik əleyhinə etirazlar keçirilib.
 
Federal məhkəmə münsifləri Ferqüssonda qaradərili gənci öldürən polisə bəraət verib. Məhkəmə heyəti polis əməkdaşının mühakiməsi üçün “əsas olmaması” haqqında qərar çıxarıb. Bu isə məhkəməyə və bütövlükdə Amerika qanunvericiliyinin qaradərili vətəndaşlara qarşı ayrı-seçkilik etməsi ilə bağlı iddialara və kütləvi etiraz aksiyalarına səbəb olub.
 
Nə qədər qəribə də olsa, hazırda prezidenti belə qaradərili olan ABŞ-da Afrika əsilli insanlar hələ də diskriminasiyadan şikayətçidir. Yeri gəlmişkən, “azadlıqlar ölkəsi”ndə 50 il əvvələ, daha dəqiqi 1964-cü ilə qədər qaradərili vətəndaşlar bir sıra təməl haqlardan məhrum olublar. Yalnız 50 və 60-cı illərdə keçmiş keşiş Martin Lüter Kinqin rəhbərliyi altında irqçilik əleyhinə böyük kampaniya nəticəsində dünyanın “super dövləti”nin başbilənləri geri addım atıblar. 1964-cü ildə “Yurddaş Haqları Qanunu” və 1965-ci ildə isə “Səs hüququ Qanunu” qəbul olunmaqla qaradərili vətəndaşların hüquqları tanınır. Ancaq bundan 4 il sonra, 1968-ci ildə Martin Lüter Kinq bir motelin eyvanında vurularaq öldürülür. Buna baxmayaraq sonrakı illərdə irqçilik barədə şikayətlər azalır. Yalnız 1990-cı illərdə yenidən irqçilik əleyhinə etirazlar baş verir.
 
1992-ci ildə Los-Ancelesdə polisin qaradərili gənci ölümcül döyməsi Amerikada irqçilik əleyhinə etirazları yenidən alovlandırır. 2009-cu ildə Oskar Qrant adlı qaradərili amerikalı Oklend şəhərində ağdərili polis tərəfindən vurulur, 2012-ci ildə isə Trayvon Martin adlı gənc Florida ştatında Corc Zimmerman adlı keşikçi tərəfindən öldürülür. Ancaq hər 3 halda ABŞ məhkəməsi qaradərili vətəndaşı qətlə yetirənləri müqəssir bilmir. Bu isə etirazları daha da alovlandırırb.
 
Amerikanın qaradərili vətəndaşları arasında narkomaniya, cinayət halları, işsizliyin səviyyəsi daha yüksəkdir. Günü bu gün də bir çox qaradərili fəallar bunu ABŞ dövlətinin siyasəti hesab edirlər. Məsələ ondadır ki, hazırda dünyanın bir nömrəli dövlətinin prezidenti də qaradərilidir. Lakin bütün bunların fonunda Amerika vətəndaşları hələ də irqi ayrı-seçkilikdən, diskriminasiyadan şikayətçidir. Hətta çıxışlarının birində Obama özü də bildirib ki, onun özü də Amerikada qaradərili vətəndaşlara qarşı nümayiş olunan ayrı-seçkilik münasibətindən sığortalanmayıb.
 
Əlbəttə, Ferqüsson və daha əvvəl baş vermiş bu tip etirazların səbəbi yalnız bir vətəndaşa qarşı göstərilən ayrı-seçkilik və ya məhkəmə ədalətsizliyi deyil. Bu həm də sosial problemlərin artması, işsizlik, iqtisadi sahədə baş verən geriləmələrlə bağlıdır. Hər nə qədər ədalətli məhkəmə sistemi və güclü vətəndaş cəmiyyətinə sahib olmasına baxmayaraq Amerika hələ də ən ciddi problemini həll edə bilməyib, bəlkə də etmək istəməyib. Maraqlıdır ki, Amerikada Ağ Ev haqqında ən məşhur deyimlərdən biri də budur ki, Vaşinqtondakı prezident sarayı yalnız divarlarının rənginə görə “Ağ Ev” adlandırılmayıb. (islam.az)