““Nardaran işi”ni diqqətdə saxlamalıyıq”

Oqtay Gülalıyev:

“Nardaran işi” ilə bağlı növbəti məhkəmə prosesi keçirildi. İlahiyyatçı Taleh Bağırzadə və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı daxil olmaqla 18 nəfər məhkəmə önünə çixarıldı. Bakı Ağır Cinayətlər Məhkəməsi polisin nəzarətində və mühasirəsindəydi. Adı “açıq” olsa da məhkəmə prosesi yarım qapalı keçirilirdi. İctimai-siyasi fəallar, hüquq müdafiəçiləri, jurnalistlər, təqsirləndirilən şəxslərin yaxınları zala buraxılmırdı. Yalnız hər məhkumun yaxın ailə üzvündən 1 və ya yaxşı halda 2 nəfər məhkəmə prosesini izləyə bilərdi. Nə qədər cəhd etsək də bizi də məhkəməyə buraxmadılar.

Əvvalə qeyd etmək lazımdır ki, əgər bu açıq məhkəmədirsə niyə insanlar məhkəmə zalına buraxılmırlar? Niyə məhkəmə prosesləri yarımqapalı keçirilir? Məhkəmə önündə qeyri-rəsmi fövqəladə vəziyyət elan edib, polisləri məhkəmə önünə töküb, insanlarda xof yaratmaq, onlara qarşı zorakalıq və qeyri- etik münasibət sərgilmək nəyə xidmət edir? Əgər doğurdan da insanların məhkəməyə buraxılmaması məhkəmə salonlarının darısqal olması ilə bağlıdırsa bu vəziyyət insanların deyil, hakimiyyətin problemidir. Necə ola bilir ki, sən 18 nəfəri həbs edib onlara cinayət məcəlləsinin 20- yə yaxın ən ağır maddəsi ilə qondarma ittiham irəli sürürsən, onları ömürlük həbsə hazırlayırsan, amma məhkəmələrinin açıq, şəffaf və ədalətli keçirilməsini təmin etmirsən?
Hesab edirəm ki, ictimaiyyət nümayəndələrinin, hüquq müdafiəçilərinin, mətbuat işçilərinin məhkəmə proseslərinə buraxılmaması sırf siyasi qərardır. Məqsəd odur ki, “Nardaran işi” ilə bağlı əsl həqiqətlər ictimaiyyətdən gizlədilsin. Hər şey xalqın, yerli və beynəlxalq ictimaiyyətin yaddaşında AzTV-nin düzüb-qoşduğu “terror”, “dövlət çevrilişi” şousu kimi qalsın. Hakimiyyət istəyir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən əsassız ittihamların ifşa olunması, həmin şəxslərə qarşı yol verilən işgəncə, zorakalıq, qeyri- insani hərəkətlər, siyasi bazarlıq cəhdləri, Milli Şuranı, AXCP- ni və onun rəhbərliyini “Nardaran işi”- nə süni şəkildə bağlmaq iddiaları ictimailəşməsin. Mümkün qədər bu qanunsuz və biabırçı olaylardan az adam xəbərdar olsun.

Ona görə də hesab edirəm ki, “Nardaran işi” ilə bağlı məhkəmə proseslərini daha çox diqqətdə saxlanılmalı, təqsirləndirilən şəxslərə qarşı yol verilən qanunsuzluq və işgəncə halları daha çox ictimailəşməlidir. Dinc, günahsız insanlara zorakalıq edənlər qanun qarşısında cavab verməlidir.

Bu gün Fuad Qəhrəmanlı Facebook-da yazdığı (və yazmadığı- red.) yazılara görə, ifadə etdiyi fikirlərə, düşüncələrinə görə ittiham olunur. Bu adamlar hələ bilmirlər ki, insanları düşüncələrinə görə ittiham etməzlər. Tale Bağırzadə və digərləri etmədiyi cinayətə görə ittiham olunurlar. Onların yerində sabah hər birimiz ola bilərik. Növbənin bizə, qardaşımıza, dostumuza çatmaması üçün ən azından bu qanunsuzluqlara etiraz etməli, onlara dəstəyimizi bildirməliyik. (azadliq.info) /

Yazı Oqtay Gülalıyevin Facebook səhifəsindən götürülüb