“BESƏT”İN ZƏRURƏTİ

Hikmətli Allah insanın səadət və təkamülə yetməsi, hidayət tapması və doğru yolda addımlaması üçün müqəddəs insanlar göndərmiş və qeybi xəbərləri insanlara çatdırmaq üçün onları vasitə qərar vermişdir. Həmin müqəddəs şəxslər peyğəmbərlərdir. Peyğəmbərlik məqamı İslamın əziz peyğəmbəri həzrət Muhəmmədin (s) dövrünədək davam etmiş və o həzrətin peyğəmbərliyi ilə sona yetmişdir.

İnsan yaradılışı hikmətli Allahın feli və işi olduğundan, təbii ki, səbəbsiz və hədəfsiz deyildir. İnsan heyvanla müştərək olduğu nəfsani istəklərdən əlavə, əql və idrak qüvvəsinə də malikdir. Odur ki, insan yaradılışında ağlabatan bir səbəb olmalıdır. Digər tərəfdən, insan ağlı və düşüncəsi onun təkamülə yetməsində təsirli şərt və zəruri səbəb olsa da, kafi deyildir. İnsanın hidayətində əql və düşüncə ilə kifayətlənilərsə, o, əsla təkamülə yetə bilməz. Daim bəşəri maraqlandıran məsələlərin ən önəmlisi olan “məbdə” (Allah) və “məad” (axirət həyatı) buna bir misaldır. İnsan həmişə bilmək istəyir ki, haradan gəlib, nə üçün gəlib və hara gedəcək?

Əql və düşüncə təklikdə bu suallara mükəmməl cavab verməyə qadir deyildir. Müasir insanların elm və texnologiya sahəsində yüksək nailiyyətlər əldə etməsi, elmi-texnoloji tərəqqiyə çatmasına rəğmən, hələ də insan cəmiyyətinin bir çox hissəsinin bütpərəst olması bu müddəaya açıq-aşkar bir sübutdur.

Əql və düşüncə yalnız “məbdə” və “məad” predmetində deyil, həm də həyati məsələlərin çoxunun həllində də acizdir. İnsanların iqtisadiyyat, əxlaq, ailə münasibətləri və s. bu kimi məsələlərdə ixtilaflı və fərqli fikirləri əqlin bu məsələləri düzgün dərk edə bilmədiyini göstərir.

Beləliklə, sağlam əqlin hökmünə əsasən, Allahın hikməti insanlara düzgün həyat tərzini öyrətmək və aşılamaq üçün ilahi rəhbərlər göndərilməsini tələb edir. Çünki:

1. Bəşər elmi və əqli insanı mükəmməl tanımaqda, varlıqların sirrini kəşf etməkdə acizdir. Halbuki yaradan Allah insan vücudunun bütün sirlərindən tam agahdır. Qurani-Kərimin “Mülk” surəsinin 14-cü ayəsində buyurulur:

أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ

“Məgər yaradan (öz yaratdığı hər şeyi) bilməzmi? Allah (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır.”

2. İnsan nəfsani istək və meyillərinin tələbinə əsasən, daim şəxsi mənafeyini güdür və müəyyən tədbir zamanı şəxsi və ümumi mənafelərin təsir dairəsindən tam surətdə ayrıla bilmədiyindən, bəşəri tədbirlər və proqramlar yüksək səviyyədə ola, eyib və nöqsandan kənarda qala bilməz. Peyğəmbərlərin tədbir və proqramları isə Allah tərəfindən olduğu üçün hər növ eyib və nöqsandan uzaqdır. Demək, bəşəriyyət aləmi ilahi hidayətlərdən və peyğəmbərlərin proqramlarından əsla ehtiyacsız omayıb və olmayacaq da! (“Mənşuri əqaide imamiyyə” (İmamiyyə şiələrinin əqidələri), Ayətullah Cəfər Sübhani, səh.97-99.)

Rza Şükürlü (Maide.az)