Ərbəin zəvvarlarına Kərbəlada 500 nəfərlik həkim heyəti xidmət göstərəcək

İmam Hüseyn ziyarətgahı müqəddəs Kərbəla şəhərinə gələn zəvvarlara pulsuz səhiyyə xidmətləri göstərməyə hazır olduğunu bəyan edib.
 
Maide.Az "Kerbela.info"-a istinadla xəbər verir ki, tibbi briqadaların sədri Əhməd Cəlil əl-Şimrinin sözlərinə görə, 500 həkimdən ibarət 14 tibb qrupu Kərbəla şəhərinin giriş-çıxış hissələrində yerləşdiriliblər. Buradan müqəddəs məqbərələrin yerləşdiyi Kərbəlanın qədim şəhər hissəsinə doğru hərəkət edən zəvvarlara xidmət göstəriləcək.
 
Əl-Şimri bildirib ki, tibbi qruplar zəvvarların ehtiyac duya biləcəyi hər cür tibbi avadanlıq və preparatlarla təchiz ediliblər. Fövqəladə hallar üçün 20 ədəd təcili tibbi yardım maşını da xidmətə cəlb olunub. O, həmçinin əlavə edib ki, daha əsaslı tibbi yardım üçün Kərbəla Səhiyyə Departamenti və İmam Zeynəlabidin və əs-Səfir hospitalları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstəriləcək.
 
Səhiyyə rəsmisinin sözlərinə görə, kiçik cərrahi əməliyyatları həyata keçirmək üçün tibbi qruplara müvafiq mobil otaqlar da həvalə olunub. Nisbətən ağır əməliyyatlar isə müvafiq xəstəxana və hospitallarda həyata keçiriləcək.