’Müdafiə Nazirliyi 20 ölüm hadisəsi barədə açıqlama verməyib‘

Xəzər Hərbi Tədqiqatlar İnstitutu: ''Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 37 hərbi qulluqçu ölüb''
 
2018-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 37 hərbi qulluqçu ölüb. Bunlardan 6 nəfəri döyüş, 31 nəfəri isə qeyri döyüş itkisidir.
 
Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.  
 
“Silahlı Qüvvələrin 6 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 5 hərbçi xəstəlik nəticəsində, 4 nəfər isə bədbəxt hadisədən dünyasını dəyişib. 8 nəfər naməlum hadisə səbəbindən, 4 nəfər əsgər yoldaşının açdığı atəş nəticəsində, 6 nəfər avto-qəzadan, 2 nəfər mina partlayışından dünyasını dəyişib. Bundan başqa 2 hərbçi intihar edib”, - xəbərdə deyilir.
 
İnstitutun bildirdiyinə görə, ölənlərdən 3 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 25 nəfəri əsgər, 4 nəfəri gizir, 5 nəfəri zabit olub.
Bunlardan 32 nəfəri Müdafiə Nazirliyinin, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Daxili Qoşunların, 1 nəfər Hərbi Prokurorluğun hərbi qulluqçuları olublar.
“Müdafiə Nazirliyi ona aid olan 32 ölüm hadisəsinin 20-si barədə hər hansı açıqlama verməyib”.
 
Məlumata görə, ötən dövrdə ümumilikdə 21 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb).
 
“Bir nəfər mina partlayışından, 11 nəfər avtomobil qəzasından, bir nəfər erməni tərəfindən açılan güllədən, bir nəfər mülki şəxs tərəfindən bıçaqlanmadan, bir nəfər əsgər yoldaşı tərəfindən xəsarət alıb, digər əsgərsə sərhəd pozucuları ilə qarşıdurmada yaralanıb. Başqa bir nəfər ciddi xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib. 4 nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb”.
 
İnstitutun məlumatında deyilir ki, 2018-ci ildə 3 nəfər mülki şəxs minaya düşərək ciddi xəsarət alıb, bir nəfər erməni tərəfinin açdığı atəş nəticəsində xəsarət alıb.
Ötən il Azərbaycan hərbçiləri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində bir nəfər Ermənistan vətəndaşını saxlayıblar.
 
Xəzər Hərbi Tədqiqatlar İnstitutu xatırladıb ki, 2017-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 59 hərbi qulluqçu dünyasını dəyişmişdi.
 
Dünyasını dəyişənlərin 19 nəfəri döyüş, 40 nəfəri isə qeyri döyüş itkisi idi.  / rakurstv /