Maide.Az "APA"a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Hakimlər kollegiyasının qərarına əsasən, Elxan İsgəndərov və Əbülfəzl Bünyatovun kassasiya şikayəti təmin edilməyib.
Ə.Bünyadovun 15, E.İsgəndərovun isə 14 il azadlıqdan məhrum edilməsi barədə hökm və qərarlar qüvvədə saxlanılıb.
Ali Məhkəmədə vəkillər çıxışlarında hər iki şəxsin günahsız, ittihamların isə əsassız olduğunu bildirməklə yanaşı, Ə.Bünyadovun durumuna diqqət çəkiblər. Bildiriblər ki, onun vəziyyəti kritikdir.
Xatırladaq ki, 2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı Ə.Bünyadovun aldığı güllə yarası onurğasını zədələyib. Yataq xəstəsi olmasına baxmayaraq, onu bir neçə ay həbsdə saxlayıblar
Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Lakin məhkəmə onu konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, terrorizm və s. ittihamlarla 15 il azadlıqdan məhrum edib.