Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı

Vəkillər Kollegiyası daha bir üzvününü vəkillik fəaliyyətinə xitam verilməsi haqda qərar çıxarıb.
 
Maide.Az “Qafqazinfo”a istinadla xəbər verir ki,  VK-nın noyabrın 27-də keçirilən Rəyasət Heyətinin iclasında tanınmış vəkil Şəhla Hümbətovanın kollegiya üzvlüyündən çıxarılması ilə bağlı qərar verilib.
 
Ş.Hümbətova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onun barəsində verilən qərar adekvat deyil: “Birinci məsələ bu olub ki, vətəndaş məndən şikayət edib. Bu hadisə 2018-ci ilin may ayında olub, artıq bunun üzərindən 1 il 6 ay vaxt keçib. Qanuna görə, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun törədildiyi gündən bir il müddətində tətbiq edilə bilər. Buna görə də həmin şayiələrlə dolu şikayətə xitam verilməli idi.
 
 İkinci məsələ isə mənim Vəkillər Kollegiyasına üzvlük haqqını ödəməməyimlə bağlıdır. Bu da mənim yadımdan çıxıb ödəməmişəm. Amma bu haqda araşdırma gedən zaman mənə heç bir məlumat verilməyib, üzvlük haqqını ödəmədiyim bildirilməyib. Mən isə unutmuşam, bunu bilən kimi ödənişi edib qəbzləri kollegiyaya təqdim etmişəm. Noyabrın 28-də ərizə yazaraq mənim haqda qərara yenidən baxılmasını istəmişəm. Çünki bu günə kimi haqqında heç bir vətəndaş şikayəti olmayan, barəsində heç bir intizam tədbiri görülməyən vəkilin üzvlük haqqını unudaraq ödəməməsinə görə vəkillik fəaliyyətinə xitam verilməsi qeyri-adekvat qərardır. Bundan daha yumşaq təhbeh növləri var, Rəyasət Heyəti ən azından töhmət verə bilərdi. Yaxud da mənim üzvlük haqqını ödəmədiyin aşkar olunduqda bu barədə mənə məlumat verilsəydi, dərhal ödəniş edərdim”.