Əhli-beyt (ə) dostlarının 5 fəqli xüsusiyyəti: 4-Eyş-işrət məclislərindən uzaqlıq

İmam Sadiq (ə) Abdullah ibn Cündəbə Əhli-beyt (ə) dostlarının xüsusiyyətlərini bəyan edərkən belə buyurur:
 
يَا عَبْدَ اللَّهِ لَقَدْ نَصَبَ‏ إِبْلِيسُ‏ حَبَائِلَهُ‏ فِي دَارِ الْغُرُورِ فَمَا يَقْصِدُ فِيهَا إِلَّا أَوْلِيَاءَنَا وَ لَقَدْ جَلَّتِ الْآخِرَةُ فِي أَعْيُنِهِمْ حَتَّى مَا يُرِيدُونَ بِهَا بَدَلًا آهِ آهِ عَلَى قُلُوبٍ حُشِيَتْ نُوراً أَنِسُوا بِاللَّه
 
“Ey Abdullah! Şübhəsiz, İblis bu aldadıcı dünyada öz tələlərini qurub. Onun bu işdə bizim dostları tələyə salmaqdan başqa məqsədi yoxdur. Lakin axirət onların nəzərində o qədər əzəmətlidir ki, onu əsla heç nəyə dəyişməzlər. Qəlbləri nurla dolu olanların xoş halına! (Əhli-beyt (ə) dostları) dünyanı onları aldatmaq intizarında olan təhlükəli bir ilan və söz anlamayan düşmən kimi bilərlər. Onların ünsiyyəti Allahladır.” 
 
Həzrət (ə) sözünün davamında Əhli-beyt (ə) dostlarının başqa bri xüsusiyyətinə toxunaraq buyurur:
 
و اسْتَوحَشوا ممّا بِهِ اسْتَأْنَسَ المُتْرَفونَ اولئك اوليائى حقّاً 
 
“(Əhli-beyt (ə) dostları) mütrüblərin, eyş-işrət əhlinin ünsiyyətdə olduğu işlərdən qorxarlar. Həqiqi dostlar onlardır...” (“Tuhəful-uqul”, c.2, səh.301.)
 
İnsan təbiəti belədir ki, başı eyş-işrətə qarışıb dünya nemətlərindən kef çəkdikdə, nə Allah yadına düşür, nə də mənəvi işlər. Buna görə də, Quranda məstanə şadlıq məzəmmət olunur: «Əgər bir adama (uzun) sıxıntıdan, çətinlikdən sonra nemət əta etsək, məğrur və qafil olub deyər: «Çəkdiyim əziyyətlərin və zəhmətlərin bəhrəsi gəlib çatıb». Sonra kef çəkib şadlıq keçirməkdən, lovğalanmaqdan başı ayılmaz.» («Hud» / 10.)
 
İmam Əli (ə) dünya nemətlərindən məstanə dərəcədə şadlanmağın məzəmməti barədə buyurur: «Sizə nə oldu ki, əlinizə bir balaca dünya malı çatanda şad olursunuz, lakin axirətdə çox şeydən məhrum olmağınız sizi qəmgin etmir?» («Nəhcül-bəlağə», xütbə 111.)
 
Bu şadlıq və məstliyin, bu sayaq eyş-işrətin qarşısında insanı Allaha bəndəliyə, itaətə hazırlayan hüzn, xof və ilahi qorxu durur. Əhli-beyt (ə) dostları Allahdan qorxduqları üçün eyş-işrət məclislərindən uzaq dururlar. Çünki bilirlər ki, belə məclislər insanı Allaha itaət və bəndəçilikdən çəkindir. Odur ki, eyş-işrət məclislərindən uzaqlıq Əhli-beytin (ə) həqiqi dostlarının xüsusiyyəti kimi göstərilir. Bu xüsusiyyət Əhli-beytin (ə) həqiqi dostları ilə yalançı dostları arasında bir sərhəddir, bir xüsusiyyət ki, Əhli-beytin (ə) həqiqi dostlarını qadağan olunmuş məntəqəyə daxil olmağa icazə vermir. Onlar bu məntəqəyə daxil olmaqdan çəkinərlər, eyş-işrət əhlinin ünsiyyət qurduğu işlərdən qorxarlar.
 
Ardı var...
 
Maide.az – Maarif bölümü
 
Öncəki yazını BURADAN oxuya bilərsiz