Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-5

QURANİ-KƏRİMDƏ ƏXLAQ AYƏLƏRİ

Qurani-Kərimin “Kəhf” surəsinin 103-104-cü ayələrində belə buyurulur:

قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا. الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا.

“De: “Sizə insanların əməlləri baxımından ən çox ziyana uğrayanlarından xəbər verimmi?” Onların dünya həyatındakı səyləri (puç olaraq) yoxa çıxmış və bununla yaxşı iş gördüklərini sanan kəslərdir.”

Bu ayədə dünyada ən çox ziyan çəkən insanlardan söz açılır. Onlar o kəslərdir ki, həyatda qiymətli sərmayələrini, o cümlədən, ömrü, gəncliyi, idrak qüvvəsini, cismani qüdrətlərini batil yollara sərf etmişlər. Halbuki onlar yaxşı iş gördüklərini düşünür, buna sevinir və hətta fəxr edirlər. Nə üçün bu insanlar belə bir qara tale ilə üzləşirlər? Səbəb pisliklərə, çirkin əməllərə, nəfsi istəklərə, özünüöyməyə, xüdbinliyə alışmaq, vərdiş etməkdir. Bu pisliklər qara zülmət pərdələri kimi onların ağıl gözünün önünü örtür, beləcə, həqiqətləri olduğu kimi deyil, tam fərqli təsəvvür edirlər.

Bu yanlış əqidənin nəticəsi sonrakı “Kəhf” surəsinin 105-ci ayəsində belə qeyd olunur:

أُولَئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا

“Onların Rəbbinin ayələrini və Onun görüşünü inkar edən kəslərdir və onların əməlləri məhv olmuşdur.”

Bu ayəni təfsir edən hədislərdə müxtəlif izahlara rast gəlmək olar. Onların hər birini ayəyə aid nümunələrdən bir aydın nümunənin bəyanı saymaq mümkündür. Bəzi hədislərdə bu insanların İmam Əlinin (ə) vilayətini inkar edən adamlar olduğu göstərilir. Bəzi hədislərə görə, onlar xaçpərəst rahiblərdir. Yəni dünyanın bütün ləzzətlərinə göz yummuş, zahirdə tərki-dünya, əslində isə düzgün yolu tamamilə səhv salmış qadın və kişilər nəzərdə tutulur.

Bəzi hədislərdə müsəlmanlar içində bidət yaradanlar, başqa hədislərdə Nəhrəvan xəvaricləri, bəzilərində yəhudi və xaçpərəst bidətçilər kimi təfsir olunmuşdur. Onların hamısı həqiqətdə əməlləri pis olan, günaha və cinayətə aludə olan, lakin həmişə doğru yolda olduqlarını güman edən insanlardır. Maraqlıdır ki, ayədə qeyd olunmuş “həbitət” (yoxa çıxmış və məhv olmuşdur) felinin məşhur mənası “heyvanın yeməkdən qarnı şişərək ölməsi”dir. Yəni dəvəyə, yaxud başqa bir heyvana yemək üçün həddindən çox ot və yaxud zəhərli otlar, bitkilər verəndə qarnı şişir və onun ölümü ilə nəticələnir (Bu yerdə “həbitət” felindən istifadə olunur). Aydındır ki, heyvanın bu şəkildə qarnının böyüməsi onun köklüyünün və güclü olmasının göstəricisi deyil. Bu şişkinlik onun xəstəliyinə və çox vaxt ölümünə az qaldığına bir işarədir. Sözsüz ki, məlumatı olmayan insanlar belə bir heyvanı kök, yağlı və sağlam təsəvvür edə bilərlər. Bu tale ilə üzləşən bəzi insanlar da xoşbəxtlik yolunda addımladıqlarını zənn edərək səy və zəhmətlərini bu səhv yolda əsirgəmirlər. (“Quranda əxlaq”, Ayətullah Məkarim Şirazi, səh.184-185.)

Maide.az – Maarif bölümü