ABŞ Rusiyanı Orta Şərqdən İŞİD kartı ilə çıxarır (ANALİZ)

ABŞ tərəfindən İŞİD təşkilatına qarşı yaradılan koalisiyanın nümayəndələri təşkilata qarşı həyata keçiriləcək strategiyaları müzakirə üçün dünən Fransanın paytaxtı Parisdə toplanıb. Fransa prezidenti François Olland İŞİD-in qlobal təhdid olduğunu və qlobal mübarizə tələb etdiyini bildirib.
 
Fransa hökuməti ABŞ-ın İŞİD-ə qarşı İraqda icra etdiyi hava hücumlarını dəstəkləmək məqsədi ilə İngiltərə ilə birlikdə kəşfiyyat uçuşları başlatdıqlarını açıqlayıb. Fransa ilə birlikdə konfransa ev sahibliyi edən Peşmərgə mənşəli İraq prezidenti Fuad Məsum beynəlxalq cəmiyyətin İŞİD-i hər yerdə təqib altında saxlamalı olduğunu söyləyib. İŞİD-lə mübarizə aparacaq koalisiyada 10 ərəb ölkəsi yer alır. 
 
Ərəb ölkələrindən sıx dəstək
 
Bəzi ərəb ölkələrinin İŞİD hədəflərini vuracaq hava hücumlarına qatılması təklif olunur. Ancaq bu təklifin qəbul edilməsi üçün əvvəlcə İraq hökumətinin əməliyyatlara icazə verməsi lazımdır. Dünənki yığıncaqda Misir, İraq, Livan, Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri səlahiyyətliləri də iştirak edib. Bəs 1991 və 2003-cü illərdə İraqı iki dəfə işğal edən ABŞ  niyə üçüncü bir əməliyyata ehtiyac duyur? Bu problemin cavabını Orta Şərqdə yaranan yeni siyasətdə axtarmaq lazımdır.
 
Moskva ilə yenidən üzləşmə
 
Bu siyasəti təyin edən hadisələri bu şəkildə sıralamaq mümkündür:
 
1. Hizbullahın 2006-cı ildə Livana quru hərəkatı təşkil edən İsraili məğlub etməsi. İsrail o tarixdən bu yana Qəzzada iki dəfə böyük qırğın edib, ancaq Hizbullahın üstünə gedə bilmədi. ABŞ-İsrail cütlüyü bunun əvəzinə Hizbullaha yaxından dəstək verən Bəşşar Əsədi sıradan çıxarmağa qərar verdi. Ancaq bu ssenari Putin Rusiyasının hərbi, iqtisadi və diplomatik sahədə Qərbə etirazına görə həyata keçmədi.
 
2. Ukrayna mövzusunda da Rusiya qarşısında özünü toplaya bilməyən ABŞ və müttəfiqləri yenidən Orta Şərqə üz tutdular. Çünki Rusiya diplomatik sahədə Suriya mövzusuyla böyümüşdü. Vaşinqton İŞİD hücumuyla Bəşşar Əsəd vasitəsi ilə Orta Şərqə girən Rusiyanı 1991-ci ildəki birinci İraq işğalında olduğu kimi bölgədən çıxarmağı məqsəd güdür. Soyuq müharibə dövründə bölgənin baş aktyorlarından olan Rusiya 1991-ci ildə tənəzzülə uğradığı üçün 20 il ərzində bölgədə özünü göstərə bilməmişdi.
 
İsrail rejiminə əlavə dəstək
 
3. ABŞ İsrailin təhlükəsizliyini möhkəmləndirmək üçün Hizbullahı da bu əməliyyatla kənarda qoymaq istəyir.
 
4. Vaşinqtonun İran ilə əlaqədar bir ssenarisi var... Bütün müşahidəçilər İŞİD-in şiə İraq xalqına hücum etməsi halında İranın buna göz yummayacağını yazır. ABŞ isə Rusiya ilə enerji sahəsində yenicə 10 milyard dollarlıq müqavilə imzalayan İranın İraqa hərbi gücüylə girməsini istəmir.
 
Demokratiya ölsün, krallıq yaşasın!
 
5. İŞİD-in bu günə qədər maliyyəçisi Səudiyyə Ərəbistanı idi. Ancaq İŞİD təhdidinin bir Franknşteyn kimi krallıq rejiminə yönəlməsi ehtimalı var. ABŞ-ın bölgədəki üç əhəmiyyətli strateji müttəfiqindən biri də Səudiyyə krallığıdır. Digərləri isə Misir ordusu ilə İsrail. Vaşinqton İŞİD hücumuyla kral rejimini də müdafiə etməyi məqsəd güdür. Onsuz da hazırda kral rejimini Səudiyyə əsgərlərdən çox Amerika əsgərləri ölkədəki bazaları ilə qoruyur.
 
ABŞ-ın niyyəti fərqlidir
 
İranın dini lideri Ayətullah Əli Xameneyi ABŞ-ın İŞİD-lə mübarizə üçün İrana əməkdaşlıq təklif etdiyini, ancaq buna etiraz etdiyini açıqlayıb. O bildirib ki, koalisiya İŞİD-lə mübarizədən daha fərqli hədəflər arxasıncadır.
 
Ayətullah Əli Xameneyi bildirib ki, amerikalılar belə bir siyasətə cəhd etsələr, İraqda son 10 ildə üzləşdikləri problemlərlə bir daha üzləşmək məcburiyyətində qalacaqlar.