Adil Qeybulla: “Azərbaycanda xəstələrin ölüm halları düzgün şərh edilmir”

Ölkədə həkim səhvləri ilə baş verən ölüm və ya ciddi narahatlıqların yaranması halları mütəmadi baş verir. Bu da insanlarda səhiyyəyə qarşı olan inamsızlığı daha da artırır. Bu günlərdə Gəncədə baş verən ölüm halı da buna bir daha sübutdur. Belə ki, xəstənin narkozdan ayılmaması növbəti faciəyə yol açıb.

Professor Adil Qeybulla Deyerler.org-la fikirlərini bölüşərkən bildirib ki, ölkədə həkimlərdə peşəkarlıq probleminin olması artıq bir faktdır: “Hər bir ölüm halının konkret bir səbəbi var. Bu cür faktlar mütləq ayrı-ayrılıqda araşdırlmalıdır. Ölüm halı qanaxmadan, boğulmadan, narkozun hansısa ağırlaşmasından, xəstənin özündə olan fəsaddan və s. hallardan ola bilər. Bu cür hallar məhkəmə tibbi ekspertizasının pridmetdir. Bu ölüm faktında həkim səhvi və ya digər bir səbəblərdən hansı birinin olması mütləq ekspertizanın cavablarından sonra bilinə bilər. Sadəcə narkozun, əməliyyatın özünün müəyyən riskləri var. Bəzən xəstənin özündə elə xəstəliklər ola bilər ki, ölüm faktı məhz o xəstəlik səbəbi baş verə bilər. Əməliyyat üçün müəyyən müayinə paketi var. Bu müayinələr sonrası əməliyyata girilməlidir. Amma bəzən hepatitli xəstələr də əməliyyata girir. Onlar əməliyyat olunma hüquqi var, eyni zamanda bəzən zəruriyyət yaranır. Əgər xəstə əməliyyat stolunda keçinibsə, konkret olaraq ciddi bir səbəb var. Bu ya əməliyyatla, ya da narkozla bağlı ola bilər. Bu gün ümumi şəkildə heç bir şey deyilə bilməz. Amma ekspertizadan sonra bu cür hallara dəqiq qiymət vermək olur.

Ölkədə həkimlərdə peşəkarlıq probleminin olması artıq bir faktdır. Amma tibbi xidmətin düzgün təşkili, bu cür məsələlərin düzgün araşdırılması bir sistem şəklini almalıdır. Dünyanın hər bir yerində ölüm halları var. Amma Azərbaycanda ölüm halları düzgün şərh edilmir. Hər hansısa bir səbəbdən ölüm halı olubsa bir rəy çıxmalıdır. Rəydə ölüm halının baş vermə səbəbi ilə bağlı bütün detallar qeyd edilməlidir. Biz bunların heç birini eşitmirik. Sadəcə medianın ümumi bir rəyi olur və bundan nə səhiyyə, nə həkim, nə də xəstə qazanmır. Düşünürəm ki, bu cür neqativ halları sistemli şəkildə yanaşma ilə həll edilməlidir. Epizodik yanaşmalar bizə heç nə verməyəcək”. /