`Şahin Novruzluya əfv ərizəsi yazması üçün təzyiq göstərilib`

NİDA vətəndaş hərəkatının daha bir üzvü Şahin  Novruzlu  prezident İlham Əliyevə müraciət edərək əfv olunmasını xahiş edib.
Müraciətdə deyilir :

“ Cənab prezident, mən Novruzlu Şahin İbrahim oğlu 1995-ci il sentyabrın 16-da  anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmişəm və Odlar Yurdu Universitetinin maliyyə-kredit fakultəsinə daxil olmuşam. Ötən bir il ərzində keçdiyim qısa gənc həyatıma nəzər salmağa imkanlarım çox olub. Düşünürəm ki, məhkum olmağım həyatımda ən böyük səhvdir. Mən bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi sizdən xahiş edirəm, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsirlərinə söykənərək məni əfv etmənizi rica edirəm.

Qeyd etmək istəyirəm ki, indiyə qədər heç bir siyasi təşkilatın üzvü olmamışam və bundan sonra heç bir siyasi təşkilatın üzvü olmayacağam.

Cənab prezident,  söz verirəm ki, gələcək həyatımı dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağam”.

Öz növbəsində Ş. Novruzlunun atası  oğlunun  prezidentə müraciətindən xəbərsiz olduğunu deyib.

O, Turanın müxbirilə söhbətində bildirib ki, bu barədə  söhbət  uzun müddətdir  gedib. Axır belə bir şey olacaqdı.

“İnanmıram  ki, oğluma fiziki təzyiq ediblər. Bəzi şeyləri indi deyə bilmirəm. Çox şeyi nəzərə almaq olar. Mən belə bir şeyi bəyənmirəm, amma hər halda olub. Şahin  ərizəsində siyasi kursunun dəyişməsi ilə bağlı  heç nə yazmayıb. Şahin qabaqlar mənimlə danışmışdı. Mövqeyi belə idi ki əfv yazmayacaq. Deyirdi ki, mənim heç bir  günahım yoxdur. Ola bilsin ki, təsir və ya təklif  olunub”, - ata bildirib.

Lakin o, oğlu  həbs olunan götürülən 94 min manatın hələ də qaytarılmadığını deyib.

Ş.Novruzlunun vəkili  Nemət Kərimli isə müdafiə etdiyi şəxsə qarşı  təzyiqlərin olduğunu düşünür.

Bununla belə, o, Ş. Novruzlunun əfv ərizəsi yazmasından təəccüblənmədiyini  və təəssüflənmədiyini bildirib. Onun fikrincə,  bu cür siyasi sifarişli işlərdə hakimiyyət qanunsuz olaraq təzyiq edir və buna görə də məhkəmə hökmü çıxandan sonra hər gün əfv ərizəsi yazaraq adiləşdirmək lazımdır.    

Bundan əvvəl isə  gənc fəal  Bəxtiyar  Quliyev  NİDA-dan imtina edib və etdiyi əməllərə görə peşmançılıq çəkdiyini bildirib. Daha sonra  AXCP və NİDA  fəalı Elsəvər Mürsəlli  eyni xarakterli ərizə yazıb. Buna görə də Sumqayıt Apellyasiya Məhkəməsi onun cəza müddətini 5 ildən  2 ilə  endirib.

NİDA-çılar 2013-cü ilin mart-may aylarında həbs olunublar. Onlar əsgər ölümlərinə etiraz olaraq martın 10-da keçirilən aksiya zamanı iğtişaşların təşkilində ittiham olunurlar. Fəallara qarşı həmçinin qanunsuz narkotik və partlayıcı maddə saxlamaq, xuliqanlıq ittihamları irəli sürülüb. Gənc fəallar ittihamları qəbul etmir, siyasi sifariş hesab edirlər.  

“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə  təşkilatı onları vicdan məhbusu elan edib.