Aksiya iştirakçılarının bəziləri 51 manat cərimələnərək azad ediliblər

Xəbər verdiyimiz kimi, bu gün İsrail səfirliyi qarşısında Qüds günü ilə əlaqədar piket keçirilib. Saxlanılan aksiya iştirakçıları Yasamal rayon 27-ci polis bölməsinə aparılıb.
 
Saxlanılanlarla bağlı AİP sədrinin müavini Akif Heydərli Maide.az-a məlumat verib. Akif Heydərlinin bildirdiyinə görə, polis bölməsində 52 nəfər olub və onlardan bəziləri 51 AZN cərimə olunaraq buraxılıblar:
 
“Bizdə olan məlumata görə, hazırda Yasamal rayonunun 27-ci polis bölməsində 52 nəfər saxlanılıb. Saxlanılanlar arasında qadınlar da olub. Güman edirik ki, cərimə olunanlardan əlavə bir neçə günlük inzibati həbs alacaqlar. Dünyanın bütün ölkələrində müsəlmanlar, hətta qeyri-müsəlmanlar da Qüds gününü qeyd edir. Bundan başqa, rayonlardan gələn insanların qarşısı da alınıb. Masallı rayonunda Qüds günü ilə əlaqədar tədbir və piket keçirilməli idi. Lakin Azərbaycan İslam Partiyasının Masallı rayon komitəsinin sədri və üzvləri ötən gecə saxlanılıblar.”
 
Partiya sədrinin müavini onu da əlavə edib ki, keçirilən piketdən sonra partiyanın ofisinə polis əməkdaşları gələrək onları bölməyə dəvət edib:
 
“Nəsimi rayon polis əməkdaşları AİP-in ofisinə gəliblər. Bu günkü etirazın təşəbbüskarı AİP olduğuna görə, bizi polis bölməsinə dəvət etdilər. “İslamın səsi” saytının əməkdaşları ilə birlikdə mənim də izahatımı alıb sərbəst buraxdılar.”