Aslan İsmayılov: `Həyatımda bu cür murdarlığa bulaşmamışdım`

Bunların öz balalarının ruhuna etdikləri hörmətsizliyi heç kim edə bilməzdi

32 ildir ki, hüquq sahəsində işləyirəm. Bu dövr ərzində canilər, fitnəkarlar, zərərçəkənlər və bir çoxları ilə mürəkkəb vəziyyətlərdə görüşmüşəm. Bu gün mənə "Azadlıq" qəzetində cavab yazan Zaməddin Həmişəyev kimisini həqiqətən heç vaxt görməmişəm. Bir daha təkrar edirəm, bu cür şəxslərə heç vaxt cavab verməmişəm və indi də verməzdim. Sadəcə gəlini olan bir xanıma bunun etdiklərinə həqiqətən susmaq olmur. Bilirəm ki, hakimiyyətin işi-gücü mənim başımı bu tip insanlarla qatmaq olsa belə, yenə susa bilmirəm. Anlamadığım bir şey var, bu insanın etdikləri murdarlıqları, atdığı şər böhtanları yüzlərlə insan bilir, hər gün mənə şikayətlənirlər, bəs niyə susurlar? Bunun etdiklərini hamı bilməlidir ki, insanlar görsünlər ki, tək oğlunu itirmiş insan hansı əməllərdən çıxa bilər. Bu bədbəxtçilikdən qamətinin əyilməsi əvəzinə şou proqramlarda deyib gülər, oğlunun hansı şəraitdə qətlə yetirildiyini ilk saatlardan bilə-bilə KİV-lərə “oğlum xəstə yanına gedəndə öldürülüb”, “oğlumu Tibb mafiyası öldürdü”, “oğlum Nobel mükafatına görə dostları tərəfindən öldürüldü" və s. bəyanatları ilə mətbuatın gündəmini və insanların şüurunu zəbt etmək istəyər. Buna nail ola bilmədikdə insanları həyasızcasına şərləyə bilər. Bu gün onun mənim haqqımda yazdıqlarını, elə oğlunun yas yerində olanlar mənim bu işlə məşğul olacağımı bilən kimi haqqımda dedikləri ilə müqayisə edəndə onun haqqında nə fikirləşəcəklər? Hərçənd ki, onun kim olduğu hamı üçün kənd yerində bəllidir. Kənd yerində hər kəsin dəyəri onun böyüklərinə bəslədikləri münasibətlə ölçülür.
 
Bu qətl işinin müzakirə olunmadığı orqan qalmadı. Rayon prokurorluğundan alıb, şəhər prokurorluğuna verdilər. Dəfələrlə Baş prokurorluqda bu işin müzakirəsi oldu. İşin mahiyyətini bilən, abırı həyası olan şəxs bu işi bu qədər ictimailəşdirməzdi. Məni təəccübləndirən başqa bir məqam KİV-lərin heç bir araşdırma aparmadan insanları, xüsusilə xanımları ləkələyən yazıları tirajlamasıdır. Şər-böhtanın da bir əndazəsi olar! Bir daha təkrar edirəm, ortada bir xanımın bir insanlığını itirmiş tərəfindən cavabsız təhqirlərə məruz qalması halı olmasaydı, belələri ilə heç vaxt üzləşməzdim. Mənə qarşı irəli sürdüyü ittihamın birinci bəndi: "Hadisə olan gün Aslan İsmayılov rayon prokuroru Fikrət Mahmudova, saat 21.00 radələrində mobil telefonla zəng edərək deyib ki, sizin rayon ərazisində qətl hadisəsi törədilib, məşhur bir həkimi qətlə yetiriblər, onun vəkili mən olacam! Əlövsət Ağamoğlanovun iştirakı ilə dedi." Axı bu həyasızlığı yoxlamaq çətin deyil. Telefon zəngləri ilə bu gün hər şeyi müəyyən etmək olur. İnsan bu qədər həyasız, vicdansız, ağılsız olar?! Əgər bunun ağılı uçubsa bunun bir yiyəsi yoxdurmu? Yoxsa hesab edirlər ki, məni də İradə Oruclu kimi gözümçıxdıya salacaqlar?! Məhz bunların bu həyasızlığına görə gəlinləri iki uşağı ilə birlikdə ona və həyat yoldaşına məxsus evi bunlara atıb qaçdı. 1 ildir iki nəvəsindən xəbəri olmayan birisi, oğlunun qətlinin 3-ü günü artıq onun əmlaklarını axtarırdı, oğlunun bəzi borclarını ödəyən etibarlı dostlarının hamısına iftira atdı, gəlininə qarşı bir neçə məhkəmə mübahisəsi açdı. İnanın, dilə gətirilməsi ayıb olan çox şeylər var. Qətlin hansı şəraitdə baş verdiyini bildiyimizdən çoxlarımız cavab vermirdik ki, ayıbdır. Mərhumun doğmaları isə bunu başa düşmədilər, daha da azğınlaşdılar. Məhkəmə zalında mənim ifşa etdiyim canilər bu tiplərin mənə yağdırdıqları təhqirlərə necə sevindiklərini hamı gördü. Bunların öz balalarının ruhuna etdikləri hörmətsizliyi heç kim edə bilməzdi. İnsan bu qədərmi... Bununla da bu məsələ mənim üçün bitdi! Bundan sonra digər təhqirə məruz qalanlar cavab versinlər.
Həqiqətən həyatımda bu cür murdarlığa bulaşmamışdım.
 
Aslan İsmayılov / hüquq müdafiəçisi