ATƏT prezidentindən Ramazan təbriki

ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Qurumun Bakıda keçirilən 23-cü sessiyasının açılış mərasimində çıxış edən R.Krivokapiç deyib ki, müsəlman dünyasında ilk nümunəvi dünyəvi dövlət Azərbaycanda yaradılıb.

Onun sözlərinə görə, Azərbaycan regionda böyük rol oynayır, ATƏT qarşısında götürdüyü öhdəliklərin çoxunu yerinə yetirib. R.Krivokapiç ATƏT-in Ukrayna böhranına öz töhfəsini verdiyini bildirib: “Dünən 4 ATƏT müşahidəçisinin sərbəst buraxılmasına töhfə verən tərəflərə təşəkkür edirik. Biz münaqişələrin həllinə töhfə verməyə çalışacağıq”.

R.Krivokapiç 5 gün ərzində ATƏT Parlament Assambleyasının sessiyasında müxtəlif məsələlərin müzakirə olunacağını söyləyib: “Səylərimiz Bakı Bəyannaməsində əksini tapacaq. Əsas məqsədimiz insan təhlükəsizliyinə nail olmaqdır”.

R.Krivokapiç növbəti 40 il ərzində ATƏT Parlament Assambleyasının fəaliyyətinin prioritet istiqamətini müəyyənləşdirməyin zəruri olduğunu qeyd edib.