Avropa Şurası siyasi məhbuslarla bağlı işçi qrup yaradılmasını dəstəkləyir

AŞPA-nın yay sessiyasında Azərbaycanın rəsmi qurumları ilə insan haqlarının müdafiə təşkilatlarının birgə fəaliyyəti yenidən gündəmə gəlib
 
Azərbaycan İnsan Haqları Müdafiə Təşkilatlarının monitorinq qrupu Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun baş katibi Torbörn Yaqland və Parlament Assambleyasının sədri Ann Brosörlə görüşüb. Bu haqda “Yeni Müsavat”a danışan monitorinq qrupunun üzvü deputat Çingiz Qənizadə bildirib ki, hər iki görüşdə əsas mövzu Azərbaycanda demokratiyanın, insan haqlarının durumu olub: “Azərbaycandakı siyasi məhbuslarla bağlı Avropa Şurasına bir neçə siyahı göndərilib. Ancaq Avropa Şurası parlamentarlarının sessiya boyu etdiyi çıxışlarda siyasi məhbuslarla bağlı səsləndirdiyi 30 rəqəmi bizim təqdim etdiyimiz siyahıya uyğundur. Həmin 30 nəfərin də artıq 3 nəfəri cəzadan azad edilib.
 
 Biz toplantının gedişində bu haqda informasiya verərək bildirdik ki, digər siyahılardan fərqli olaraq bizim azadlığını tələb etdiyimiz şəxslər məhz siyasi motivlərlə həbs edilən şəxslərdir. Radikal dindarları, digər silahlı dəstələrin üzvlərini biz siyahıya salmamışıq. Bu məsələ ilə bağlı müxtəlif mövqelər olsa da biz o fikrimizdə qalırıq ki, məhz siyasi düşüncəsinə görə həbs edilən şəxslərin azadlığı ilk sırada təmin edilməlidir, bundan sonra digər şəxslərin hüquqları təmin edilməlidir”.
 
Çingiz Qənizadə onu da bildirir ki, bir sıra qurumların Azərbaycadakı siyasi məhbuslarla bağlı Avropa Şurasına təqdim etdiyi siyahı həddən artıq şişirdilib: “Elə siyahılar var, orada 130 nəfərin siyasi səbəblərlə məhbus olduğu iddia edilir. Biz məsələnin bu şəkildə qoyuluşuna tamamilə qarşıyıq. Həm Avropa Şurasının baş katibi, həm də prezident dedi ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı ölkədə QHT-lərlə hakimiyyət nümayəndələri arasında məhbus problemi ilə bağlı işçi qrupunun yaradılması ideyası ortaya gəlib. Bu praktika var. Bir neçə il öncə işçi qrup fəaliyyət göstərirdi. Monitorinq qrupunun üzvləri olaraq biz ötən sessiyada da bu məsələni qaldıraraq qurumun yenidən fəaliyyətə başlamasını Azərbaycanda siyasi məhbus problemini aradan qaldırılması üçün vacib saydığımızı bildirmişdik. Avropa Şurası bu prosesi dəstəkləyir. İnanırıq ki, yaxın zamanlarda Azərbaycanın rəsmi qurumları ilə hüquq müdafiəçiləri arasında yeni işçi qrup yaradılacaq”.