Ayətullah Xamenei: İran xalqının “Amerikaya ölüm” şüarının arxasında məntiq və zülmə qarşı düşüncə prinsipləri dayanır

Ali Lider Ayətullah Seyyid Əli Xamenei ötən gün 13 aban – Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü münasibəti ilə minlərlə tələbə və şagirdlə görüşüb. 
Maide.az xəbər verir ki,  Ayətullah Xamenei  ran xalqının imperializmə qarşı mübarizəsinin tarixi təcrübəyə əsaslanan müdrik və məntiqli bir mübarizə olduğunu bildirib. 
Ayətullah Xamenei İranın müasir tarixində bəzi siyasətçilərin sadəlövhlük edib Amerikaya etimad göstərməsi ucbatından ölkənin üzləşdiyi problem və zərbələrə toxunub və deyib ki, Amerika elə köhnə Amerikadır, bir qrup qərəzli və ya sadəlövh insan isə onun münasib fürsətdə arxadan xəncəri belimizə saplaya bilməsi üçün bu məkrli düşmənin simasını xalqa unutdurmağa çalışır.
 
Ayətullah Xamenei bildirib ki, hazırkı etap xalqın qürur və heysiyyətini təsbit etmək, iranlıların inkişaf planını cızmaq dövrüdür.  O, bu etapda hamı, özəlliklə gənclər üçün sayıqlıq, məlumatlılıq və gözüaçıqlığın son dərəcə mühüm olduğunu qeyd etdi. “Hazırkı vəziyyəti dərk və təhlil etməkdə, habelə ölkənin gələcək hərəkət kursunu müəyyən etməkdə əsas məqam aşağıdakı reallığı dərk etməkdir: bəzilərinin dediyindən fərqli olaraq, İslam Respublikasının və İran xalqının imperializmə qarşı mübarizəsi emosialardan irəli gələn, məntiqsiz bir davranış deyil, ağıl və təcrübədən qaynaqlanan, elmi nəzəriyyəyə əsaslanan bir mübarizədir”.
Ayətullah Xamenei bildirib ki, Xalqların ibrətamiz təcrübəsinə diqqət yetirmək insanın məsələlərə yanlış yanaşmasına, səhv hesablamalara yönəlməsinə mane olur. “ Qurani-Kərimin zülm və imperializmə qarşı mübarizədən söz açan açıq-aşkar ayələrini bir kənara qoysaq belə, 1332-ci il 28 mordad tarixində baş vermiş böyük çevriliş Amerika ilə necə davranmaq lazım olduğunu göstərir”.
 
Mühüm bir etap olan neft sənayesinin milliləşdirilməsi dövründə baş vermiş hadisələrdən danışan Ayətullah Xamenei Amerikaya ümid və etimadın Doktor Müsəddiqin (həmin dövrdə baş nazir) tarixi səhvi olduğunu qeyd edərək dedi: “Müsəddiq İngiltərəyə qarşı mübarizə aparmaq üçün Amerikaya söykəndi və elə bu sadəlövhlük, məlumatsızlıq və primitiv düşüncə tərzi də Amerikanın cızdığı çevriliş planının uğurla nəticələnməsi üçün zəmin yaratdı. O çevriliş ki, xalqın neftin milliləşdirilməsi uğrunda çəkdiyi bütün zəhmətləri hədər etdi, xaricdən asılı Pəhləvi diktaturasını yenidən hakimiyyətə gətirdi və nəticədə əziz İranımız 25 il müddətində milli, siyasi, iqtisadi və mədəni cəhətdən ən ağır zərbələrə məruz qaldı”.
 
1332-ci il 28 mordad çevrilişindən sonra Amerikanın İranda geniş və dərin nüfuz qazandığını deyən Ayətullah Xamenei əlavə etdi: “Layiqli lideri olmayan xalqlar bu cür çətinliklər qarşısında geri çəkilərək təslim olur. Allahın lütfündən bəhrələnən və İmam Xomeyni kimi bir rəhbəri olan İran xalqının isə getdikcə gözü daha da açıldı və xalq həyata keçirdiyi dini hərəkatla xaricdən asılı Pəhləvi rejimini və onun əsas himayəçisi olan Amerikanı hədəfə aldı”.
 
İmam Xomeyninin (r.ə) 1342-ci ildə İran xalqının Amerika prezidentinə dərin nifrət bəslədiyi barədə söylədiyi fikirlərə istinad edən Ali Lider bildirdi: “İlahi vədlərə dərin inam bəsləyən o güclü və qətiyyətli lider inqilabi hərəkatın formalaşdığı ilkin dövrdən xalqa başa saldı ki, bütün şər və məkr Amerikadan baş verir”.
 
İslam İnqilabının qələbə çaldığı ilk aylardan etibarən Amerikanın İslam İnqilabına düşmən kəsildiyini xatırladan  Ayətullah Xamenei dedi: “İnqilabdan sonra bir müddət Amerikanın Tehrandakı səfirliyi fəaliyyət göstərdi və onlar dövlətimizlə əlaqələrini qoruyub saxladılar, amma bir gün belə olsun məkrli niyyətlərindən əl çəkmədilər. Bəziləri bu tarixi təcrübədən anlamalıdırlar ki, əlaqə saxlamaq və üzdə dostluq etməklə Amerikanın düşmənçiliyinə və məkrli planlarına son qoyulmur”.
 
Ayətullah Xamenei bildirib ki, İran xalqının “Amerikaya ölüm” şüarının arxasında  məntiq və zülmə qarşı düşüncə prinsipləri dayanır. “Bu şüarın anlamı ABŞ-ın siyasətlərinə ölüm deməkdir və bu məntiq hər bir xalqa izah olunarsa qəbul ediləcək” /