Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün xaric-fiqh dərsinin əvvəlində Myanmada müsəlmanlara qarşı törədilən terrordan danışıb. O, beynəlxalq qurumların və insan haqları carçılarının bu faciələr qarşısında sükut etməsini pisləyib.
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei bildirib ki, bu məsələnin yeganə həll yolu müsəlman ölkələrinin sözdə deyil, əməldə addımlar atması ilə mümkündür. “Əlbəttə, əməldə addımlar atmaqda məqsəd ordu yeritmək deyil. Müsəlman ölkələri Myanmanın qəddar hökumətinə qarşı siyasi və iqtisadi təzyiqləri artırmalıdır. Həmçinin bu cinayətlər əleyhinə beynəlxalq tribunalarda haqq səsini qaldırmalıdır.”
Ayətullah Xamenei Myanmada baş verən faciələrin müsəlmanlar və buddistlər arasında məzhəb qarşıdurması kimi təqdim edilməsinin kökündən yanlış olduğunu qeyd edib. “Ola bilər bu hadisədə məzhəb təəssübkeşliyinin təsiri olsun. Amma bu faciənin icraçısı Myanma hökumətidir və onun başında da Nobel sülh mükafatı qazanan qəddar bir qadın durur. Bu hadisələr, əslində, Nobel sülh mükafatının ölümünü göstərdi."
Ayətullah Xamenei əlavə edib ki, bu faciələr İslam ölkələri, beynəlxalq təşkilatlar və insan haqları müdafiəsi iddiasında olan ikiüzlü və yalançı hökumətlərin gözü qarşısında törədilir.
Ali Rəhbər BMT baş katibinin Myanmada baş verənləri pisləməklə kifayətlənməsini tənqid edərək bildirib ki, insan haqları carçıları bəzi vaxtlar bir ölkədə olan bir cinayətkarı cəzalandırmaq üçün səs-küy salırlar. Amma Myanmada on minlərlə insanın qətliamı və didərgin salınması qarşısında heç bir reaksiya vermirlər.
Ayətullah Xamenei İslam Əməkdaşlıq Təşkilatının Myanmada baş verən faciələrlə bağlı konfrans keçirməsinin zəruriliyini vurğulayıb və deyib ki, bugünkü dünya zülmlə doludur. “İran İslam Respublikası dünyanın hər hansı bir yerində sionistlərin işğal etdiyi torpaqlarda, Yəməndə, Bəhreyndə və Myanmada olunan zülmlərə qarşı cəsarətli və aşkara mövqe bildirməkdən qürur duymalıdır.”