Ayətullah Xameneyi: `Biz o gün üçün çalışmalıyıq`- YENİLƏNİB

-- Ayıq və sayıq olmaq lazımdır. Ayıq olmağın şərtlərindən biri də...

(İlk xəbər  bu gün saat 09:58 dərc olunub)
 
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Tehranda keçirilən “Əhli-beyt (ə) sevərlər və təkfirçilik məsələsi” beynəlxalq konfrans iştirakçıları ilə görüşüb. O, çıxış edərək bildirib ki, hazırda İslam ümməti arasında vəhdət və birlik hər şeydən vacibdir.
 
Maide.Az “Leader.ir” saytına istinadən məlumat verir ki, Ayətullah Xamenei bildirib ki, mövcud vəziyyətdə İslam Respublikası müsəlmanlar arasında müharibə və qarşıdurmalar yaratmaq istəyən hegemon və sionizm cəbhəsi qarşısında durub və Allahın izni ilə bu mübarizədə qələbə qazanacaq. Necə ki, İraqda və Suriyada xəbis ağac  olan İŞİD-i məhv etdi. 
 
Ayətullah Xamenei deyib ki,  İraq və Suriyada İŞİD əfsanəsi sona çatsa da düşmənlərin hiylə və çirkli planlarından qəflət etməmək lazımdır.  “Çünki  ABŞ, sionizm və onların  davamçıları  İslamla düşmənçilikdən əl çəkməyəcək. Ola bilsin İŞİD kimi və ona oxşar digər planları  regionda işə salsınlar.” 
 
Ayətullah Xamenei deyib ki, düşməni  görməməzlikdən gəlmək olmaz: “Ayıq və sayıq olmaq lazımdır.  Ayıq olmağın şərtlərindən biri  də İslam Ümməti arasında  qardaşlıq və  məhəbbətin çoxalmasıdır.  Bu qardaşlığın tələbi isə  İslam dünyasına açıq şəkildə düşmənçilik edən və düşmənlərə yardım edənlərlə mübarizə aparmaqdır.
 
Ayətullah Xamenei  Əhli-beytə (ə) sevginin müsəlmanlar arasında  vəhdət üçün əlverişli sahələrdən biri olduğunu da diqqətə çatdırıb: “Müxtəlif ölkələrdə Əhli-beyti (ə) sevənlərin ən önəmli vəzifələrindən biri İslam dünyasında baş verən həqiqətləri müsəlmanlara çatdırmaq və İslam ümməti arasında ixtilaf və düşmənçilik toxumu səpənlərə qarşı  ayıq və sayıq olmaq ruhiyyəsini yaratmaqdır”. 
 
Ayətullah Xamenei qeyd edib ki, İslam dünyası bu gün  küfr cəbhəsi və hegemonlar qarşısında durmaq gücünə malikdir və İrandakı İslam sistemi  İslam düşmənlərinə qələbə üçün bir vasitə olacaq. 
 
Fələstin məsələsinə toxunan Ali Rəhbər bunun İslam dünyasının birinci məsələsinin olduğunu vurğulayıb. “İslam düşmənlərinə  qələbənin açarı  Fələstin məsələsindədir. Ona görə ki,  küfr, sionizm və hegemon cəbhə  Fələstini işğal etməklə  oranı region ölkələrində təhlükəsizliyi pozmaq üçün bir vasitəyə çevirib.  Xərçəng şişi olan İsrail ilə mübarizə aparmaq lazımdır”. 
 
Ayətullah Xamenei deyib ki,  düşmənlərin əsas məqsədi  müsəlmanlar arasında  ixtilaf yaratmaq və sionist rejim üçün təhlükəsiz kəmər yaratmaqdır.  “Ümid edirəm ki, bir gün gələcək  Fələstin xalqı öz torpaqlarına sahib olacaq və o gün  İslam dünyasının bayram və sevinc günü olacaq.  Fələstin fələstinlilərin qucağına qayıtdığı gün hegemonlara  möhkəm və əsl bir zərbə dəyəcək və biz o gün üçün çalışmalıyıq."

Görüşə dair  fotoları  bu linkdən izləyə bilərsiz.