“Seçkilər günü milli bayram günüdür.Bu münasibətlə bütün vətəndaşlarımızı təbrik edirəm. Bu gün vətəndaş hüquqlarının qorunduğu günüdür. Seçkilərdə iştirak etmək şəri vəzifədir.”
Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Seyid Əli Xamenei bu gün səhər İslami Şura Məclisi və Xobreqan Ekspertlər Şurası seçkilərində səs verdikdən sonra açıqlamasında bildirib.
Ayətullah Xamenei bildirib ki, seçkilər ölkənin milli mənafeyinə zəmanətdir. “Hər kəs milli mənfenin qorunmasında maraqlıdırsa seçkilərdə mütləq iştirak etməlidir. Tövsiyəm odur ki, vətəndaşlar erkən saatlarda seçkilərdə iştirak edib, öz seçdikləri namizədə səs versinlər.”
Qeyd edək ki, Ayətullah Xamenei səhər seçkilərin başlandığı ilk dəqiqələrdə İmam Xomeyni (r.ə) adına hüseyniyyəyə gələrək, orada quraşdırılmış 110 saylı qutuya səsini atıb.
Xatırladaq ki, bu gün İran parlamentinə - İslam Şura Məclisinə seçkilər keçirilir. İranda keçirilən budəfəki parlament seçkilərində 290 yer uğrunda 7 mindən çox namizəd mübarizə aparır. İran İslam Respublikasının parlamentində millət vəkili statusunda qalmaq müddəti 4 ildir.
Budəfəki parlament seçkilərində səsvermədə seçki hüququ olan 57 milyon 918 min insanın iştirak etmək hüququ var.


