Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 1

 
Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 
 
 
بسم الله الرحمن الرحيم
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
 
ƏLƏVİ HÖKUMƏTİNİN NİZAMNAMƏSİ
 
NƏHCÜL-BƏLAĞƏ
 
(Yeddi xütbənin şərhi)
 
Ayətullah əl-üzma Seyid Əli Xamenei
 
 
MÜQƏDDİMƏ
 
İslamın həyatbəxş məktəbi həm fərdin maddi və mənəvi təkamülünə, həm də cəmiyyətin tərəqqi və yüksəlişinə zəmanət verən mükəmməl bir proqrama malikdir. İslama görə, hökumətin təşkili ləyaqətli hakimlərin – həyatda və aşkarda olduqları vaxt məsumların (ə), qeyb dövründə isə “vəliyyi-fəqih”in tanıtdırılması ilə möminlərin ixtiyarına verilmişdir. Məsələ burasındadır ki, Əziz Peyğəmbərimizin (ə) vəfatından sonra İslam cəmiyyəti Allahın əmri və Peyğəmbərin (s) itaətindən çıxaraq, özünü Əmirəlmöminin Əlinin (ə) rəhbərliyindən məhrum etdi. Lakin üzərindən 25 il ötdükdən sonra, artıq, yaranmış çıxılmaz vəziyyətdən çıxış yolunu o Həzrətin siyasət və tədbirlərində gördü. Əmirəlmöminin Əlinin (ə) beş illik enişli-yoxuşlu hakimiyyəti həqiqi İslam siyasəti və idarəçiliyinin, idarəetmənin İslam modelinin hansı formada olduğunu görmək və bilmək üçün gözəl bir nümunədir.
 
Ələvi maarifinin gələcək nəslə ötürülməsinin qarşısını almaq istəyən o Həzrətin düşmənlərinin bütün təlaşlarına baxmayaraq, yenə də o zəngin maarif dəryasının bir hissəsi tarixin sonrakı dövrlərinə ötürüldü. Bu zəmində ən önəmli və ən mötəbər mənbə 5-ci əsrin ədib və fəqihi Seyid Rəzi tərəfindən toplanmış “Nəhcül-bəlağə” kitabıdır və qədim zamanlardan tutmuş indiyə qədər şiə və sünni alim və mütəfəkkirləri bu kitabın əzəmətini dərk etmiş, ona şərhlər yazmışlar. 
 
Müasir dövrdə də İslamın ictimai və siyasi maarifinə ehtiyacın artması ilə alimlər, müəllimlər və gənclərin “Nəhcül-bəlağə”yə rəğbəti artmış və hazırkı əsrdə ona çoxlu şərhlər yazılmışdır. Xoşbəxtlikdən, İslam İnqilabının qələbəsindən sonra “Nəhcül-bəlağə”yə maraq artmış, Elmi Hövzə və Universitetlərdə müxtəlif elmi müəssisələr təşkil edilmiş və bu iki elm ocağında “Nəhcül-bəlağə” ixtisası üzrə təhsil fakultələri yaradılmışdır. Elə gənclik çağlarından bu dəyərli kitabla munis olan Həzrət Ayətullah əl-üzma Xamenei onun xütbə, məktub və hikmətli kəlamlarını müxtəlif toplantılarda, xüsusilə də gənc tələbələrin hüzurunda şərh etməyə başlamışdır ki, 1974 və 1980-cı illərdə “Nəhcül-bəlağə” ilə bağlı silsilə dərsləri, həmçinin rəhbərlik dövrü başlandıqdan sonra mübarək Ramazan ayında dövlət heyəti ilə görüşlərində “Nəhcül-bəlağə”nin bəzi hissələrinin şərhinə yer ayırmasını buna misal göstərmək olar. 
 
Ali Rəhbər 1972-1974-cü illərdə tədris etmək, xütbə söyləmək və elmi əsərlər yazmaqla yanaşı, İmam Həsən Müctəba (ə) məscidi, sonra isə Kəramət məscidində imamlıq etməyi öhdəsinə götürmüş və beləcə, bu iki məscid inqilabçı qüvvələrin, xüsusilə də gənc tələbə və şagirdlərin düşərgəsinə çevrilmişdi. Ayətullah əl-üzma Xameneinin bu iki məsciddə təkid etdiyi məsələlərdən biri də “Nəhcül-bəlağə”nin yenidən araşdırılması və onun bəzi hissələrinin şərhindən ibarət idi. 
1974-cü ilin Avqust ayının axırlarından etibarən, Bazar ertəsi axşamları bu mövzuya həsr edilmiş və SAVAK-ın sənədlərinə istinadən, 1975-ci ilin Yanvar ayının 3-nə qədər on altı məclis keçirilmişdir. Bəhsin xütbələri insanların oyanış və mübarizə prizmasından seçilirdi, onun səs yazısı, həmçinin xülasə şəkildə yazılıb nəşr edilməsi məsciddən və müqəddəs Məşhəd şəhərindən kənarda da çoxlu təsirlər qoymuşdu. “Nəhcül-bəlağə”nin islami hakimiyyətlə bağlı hissələrinin seçilməsi dolayısı ilə dinləyiciyə Pəhləvi rejiminin islami hökmləri necə ayaqlar altında qoymasını aşılayırdı. 
 
Ayətullah əl-üzma Xameneinin bəyanatları o qədər təsirli idi ki, Məşhədin SAVAK təşkilatının rəisi 03/01/1975 tarixində “Nəhcül-bəlağə”nin şərhinə həsr edilmiş məclisdən sonra öz əmrindəki qüvvələrə yazdı: “Xameneinin fəaliyyətlərinə son qoymaq lazımdır.”
 
Ali Rəhbər 1975-cü ilin Yanvar ayının 10-da növbəti uyğun məclisin keçirilməsindən bir saat qabaq həbs olunur, Tehrana, Müştərək Anti-Təxribat kömitəsinə göndərilir və həmin tarixdən 1978-ci ilə qədər onun bütün təbliğ və tədris fəaliyyətlərinə qadağa qoyulur.
 
Hazırkı kitab “Nəhcül-bəlağə”nin şərhi ilə bağlı 12 söhbətdən ibarətdir və 1973-1974-cü illərdə İmam Həsən Müctəba (ə) və Kəramət məscidlərində bəyan edilmişdir. Təəssüflər olsun ki, indiyə qədər bu bəhslərin digər səs yazıları və yazılı mətnlərini əldə edə bilməmişik.
 
Ümid edirik ki, bu dəyərli kitabdan faydalanmaqla bərabər, islami dövlət və cəmiyyətin digər təbəqələrinin tərəqqisinin şahidi olacağıq. İnşallah!
 
Müvəffəqiyyət Allah tərəfindəndir!
 
1-ci hissə
 

KEÇMİŞDƏKİLƏRİN TALEYİNDƏN İBRƏT ALMAQ[1]

“Nəhcül-bəlağə”nin əhatəli maarifindən cəmiyyətin məhrum qalması

...İndiyə qədər burada söhbət etdiyimiz mövzu dəyərli “Nəhcül-bəlağə” kitabı ilə əlaqədar idi. Biz ötən həftələrdə məclis iştirakçılarına bu dəyərli və qiymətli kitabı oxuyub-öyrənməyi tövsiyə edərkən bir qədər gileyləndik ki, axı nə üçün İslam aləmi bu kitabı unudub? Bu müqəddimədən sonra, nə yaxşı olar ki, biz bu kitabdan qafil olmayaq! Təqribən, iki həftə olar ki, biz burada bu kitabın bəzi hissələrini oxuduq. Allah-Taalanın təqdir etdiyi vaxta qədər[2] və imkan daxilində bu məsciddə hər Bazar ertəsi axşamı “Nəhcül-bəlağə”nin mətnindən bir qədər oxumağı və möhtərəm iştirakçılar üçün onu geniş şərh etmədən tərcümə etməyi düşünürəm. Məqsədimiz də təşrif gətirən məclis iştirakçılarının bu kitabla tanış olmasıdır.

Hər hansı bir kitabı oxuyub-öyrənmək və onunla bağlı məlumat əldə etmək, sözsüz ki, məlumatsız qalmaqdan daha yaxşıdır. Yaxşı və dəyərli mətləbləri olan kitab belədir. Hansı kitab “Nəhcül-bəlağə”dən yaxşı və hansı mətləb bu dəyərli kitabın mətləblərindən üstün və tutarlıdır?

Digər tərəfdən də, şiə cəmiyyətinin, şiə məzhəbli müsəlman kişi və qadınlarının əksəriyyəti “Nəhcül-bəlağə”dən məlumatsız və xəbərsizdirlər, onlar bu kitabdan – həqiqətdə kitabın mətnindən yox, onun mənasından uzaq düşmüşlər. Kitabın mətni bütün kitab mağazalarında doludur, amma kitabın mətləblərinin mənası, ondakı dərin məna və ali həqiqətlərin əsli əksəriyyət üçün əlçatmaz olub. Səbəbi odur ki, əvvəla, kitabın dilini bilmirlər, ikinci də bu kitabın qiymət və dəyəri ilə tanış deyillər. Əgər tanış olsaydılar və ona rəğbət bəsləsəydilər, ən azından, kitab əhli və kitab həvəskarları bu işin arxasınca düşərdilər. Təəssüf ki, bu istiqamətdə təbliğat və maarifləndirmə işi aparılmamışdır! Halbuki ikinci, üçüncü və dördüncü dərəcəli kitablar üzərində nə qədər təbliğat aparılır! Bəziləri tərəfindən hansısa ikinci və üçüncü dərəcəli kitaba azacıq etinasızlıq, digərləri tərəfindən şiddətlə tənqid atəşinə tutulmaqla qarşılanır. Bu möhtəşəm kitab – imamların atası, müsəlmanların rəhbəri, azad şəxslərin öndəri, bütün dünya müsəlmanlarının və hətta onlardan da önəmlisi, Allah-Taalanın nəzərində möhtərəm sayılan bir şəxsiyyətin, Əmirəlmöminin Əlinin (ə) buyruq və kəlamlarını özündə ehtiva edən bu dəyərli əsər üzərində maarifləndirmə işi aparılmamışdır. Bizim camaatımızın əksəriyyətinin bu kitabın nə qədər dəyərli olması haqda məlumatı yoxdur, elə buna görə də onun arxasınca getmirlər.

Bu mətləblər camaatın düşüncəsindən uzaq qaldığından, biz hər Bazar ertəsi axşamı qapı-divarı bu böyük şəxsiyyətə, onun müqəddəs xanədanına əlaqəli olan və hər zaman İslam maarifinin çatdırıldığı bu məsciddə və bu məkanda İslamla maraqlananların təzə düşüncə tərzinə sahib olacaqlarını ümid edərək bu yeni işə başlayırıq.

Bu camaat, əlbəttə, bu xas zümrə Quranı onun müəllim və təfsirçilərindən dərs alıb öyrəndiyi, habelə insanların rəvayətləri xətiblərin dilindən eşitməyə adət etdiyi kimi, “Nəhcül-bəlağə”ni də dərs kimi öyrənməyə alışmalı və öyrənməlidirlər. Çünki bu kitab onların axtarışında olduqları həmin kitabdır. Həmçinin xətiblər, məzhəb təbliğatçıları və insanların təlim-tərbiyəsi, maarifləndirilməsi və hidayəti ilə məşğul olanlar da bu metoddan istifadə edərək “Nəhcül-bəlağə” barəsində ayrıca söz açmalı, onun mətləblərini bəyan edərək həqiqətləri üzə çıxarmalıdırlar.

Əlbəttə, “Nəhcül-bəlağə”nin əksər xütbələri İslam xətiblərinin çıxışılarında öz əksini tapmasına, həmin xütbə və kəlamlar onların dillərindən düşməməsinə baxmayaraq, yaxşı olardı ki, bu kitabı da bir dərs vəsaiti kimi tədris edib öyrətsinlər. Mən bildiyim qədər, tərcümələr də demək olar ki, naqisdir. Bu sahənin mütəxəssis və tədqiqatçıları onun tədrisi ilə məşğul olmalıdırlar. İndi biz bu işə başlayırıq, əlbəttə, şərhə çox yer ayırmayacağıq. Əgər müttəqilərin ağası İmam Əlinin (ə) sözlərini şərh etmək istəsəm, çox uzun çəkər. Məclisin, eləcə də, bir qrup dinləyicinin vaxt və imkanı da geniş şərhə yer ayırmağa icazə vermir. Möhtərəm iştirakçıların bu dəyərli kitabın mətni ilə tanış olması üçün gələn həftələrdən etibarən, ömrümüz, nəfəsimiz və gücümüz çatarsa, Allah-Taala müvəffəqiyyət verərsə, hər həftə “Nəhcül-bəlağə”dən bir hissəni seçib izah edəcəyik. Əlbəttə, biz “Nəhcül-bəlağə”dən danışmaq istədiyimiz zaman, demək olar ki, geniş və əlavə mütaliəyə ehtiyac duymamışıq; kitabı açdıqda, qarşımıza çıxan mühüm və faydalı mövzu ətrafında danışmağı qərara almışıq. Bu gecə də həmin kitabdan bir və yaxud yarım səhifəni oxumaq istəyirik:

“Nəhcül-bəlağə”nin bu hissəsinin mündəricatı

Mənim danışmaq üçün seçdiyim mövzu “Qasiə” adlı uzun və məşhur xütbənin bir hissəsidir.[3] “Qasiə” xütbəsi “Nəhcül-bəlağə”nin ikinci yarısında yerləşir. Əlimdəki iki cildli bu “Nəhcül-bəlağə”yə Əbdüh şərh yazıb və bu xütbə ikinci cildin əvvəllərində yerləşir ki, həmin hissəni açıb oxuyacağıq. “Qasiə” xütbəsi İblisin, Şeytanın və hər bir təkəbbür əhlinin, məğrur insanın, özünü hamıdan üstün bilənlərin tənqidi haqqındadır. İnsanı məğrurluqdan, öyünməkdən, özünü hədsiz dərəcədə üstün bilməkdən çəkindirir. “Özünüzü üstün bilməyin!” – dedikdə, “şəxsin zəlilliyi” və bu kimi məna nəzərdə tutulmur, əksinə məqsəd özünüzü ictimai işlərdə digər insanlardan üstün hesab etməməyinizdir. Özünüzlə müqayisədə insanlara zəlil və alçaq gözlə baxmayın! Xütbənin bir hissəsi bu məsələyə həsr olunur. Amma mənim nəzərdə tutduğum və söhbət edəcəyim hissə xütbənin sonlarıdır. Əmirəlmöminin Əli (ə) İslam ümmətinə xəbərdarlıq edərək buyurur ki, bəzi işləri, bəzi yanlışlıqları, bəzi çatışmazlıq və azğınlıqları ucbatından bədbəxtliyə düçar olmuş öncəki ümmətlər kimi, siz də həmin azğınlıqlar səbəbindən bədbəxtliyə düçar ola bilərsiniz (dünən gecə həmin məsciddə[4] Quran ayəsindən istifadə edərək bəyan etdiyim məsələlər kimi...).

Əmirəlmöminin Əli (ə) bu xütbədə Qurani-Kərimin işarə edərək qeyd etdiyi məsələləri bütün təfsilatı ilə bəyan edir. Quranın birinci şagirdi olan Əmirəlmöminin Əli (ə) həmin məsələni geniş şəkildə izah edir. Deməli, “Nəhcül-bəlağə” Quranın, Quran da “Nəhcül-bəlağə”nin yardımçısıdır, hər ikisi eyni həqiqəti aşılayır. İndi isə həmin xütbəni açıb oxuyaq və bəzi mürəkkəb sözlərə aydınlıq gətirək. Xütbəni üzündən oxumaqda məqsədim budur ki, iştirakçılar bu dəyərli kitabın mətni ilə azacıq da olsa, tanış olsunlar.

Keçmişdəkilərin taleyinə düçar olmamaq üçün müsəlmanlara xəbərdarlıq

...وَ احْذَرُوا مَا نَزَلَ بِالْأُمَمِ قَبْلَكُمْ مِنَ الْمَثُلَاتِ

“...Ey İslam ümməti, sizdən qabaqkı ümmətlərə nazil olmuş əzablardan qorxun!” Ehtiyatlı olun ki, keçmiş ümmətə göndərilmiş əzablar sizə də göndərilməsin. Hansı əzablar nəzərdə tutulur? Görəsən, əzablarda məqsəd güclü soyuq, öldürücü qara və qırmızı küləklərdir, yoxsa müəyyən bir qövmə nazil olub onları həlak edən tufan, yaxud başqa bir qövmü yerlə yeksan edən zəlzələ və yaxud yerin aralanıb həmin qövmü udması? Görəsən, məqsəd bunlardırmı? Xeyr! Əvvəla, bir çox rəvayətlərə görə, təkzib nəticəsində göndərilən bu kimi əzablar axır-zaman ümməti üçün yoxdur və varlıq aləmində də İslam tarixi boyunca zəlzələ, yerin aralanması, şimşək, ildırım və bu qisimdən olan hadisələr ümmətin qorxması üçün nəzərdə tutulmayıb. Bu əzablar keçmiş ümmətlərə məxsus olub. Düşüncəsi yetkinlik həddinə çatmayan keçmiş qövmlər bu cür əzablarla qorxudulurmuşlar ki, hidayət olsunlar. Amma bəşəriyyət yetkinlik həddə çatdıqda, onu belə qorxulu hadisələrlə yola gətirmək olmaz. Əgər bir müəllim, tərbiyəsi ilə məşğul olduğu bir uşağı gah əlindəki çubuğu yelləmək, gah qaş-qabaq tökmək, gah da döyməklə ədəbləndirirsə, həmin uşaq böyüyüb gənclik dövrünə qədəm qoyduqda, daha onu tərbiyə və hidayət etmək üçün döymək üsulundan istifadə etmir və burada döyməyin mənası da yoxdur. O, artıq başa düşür, odur ki, onu başa salmaqla, dəlil-sübut gətirməklə islah etmək lazımdır. İslam ümməti də bundan istisna deyil. Çünki aləmlərin Rəbbinin düşüncə baxımından yetkinlik həddə çatan İslam ümmətini əzabla, yerə batırmaqla, zəlzələ, ildırım və şimşəklə ədəbləndirməsi yersizdir. O, öz əqli ilə ədəblənməlidir. Ədəblənmədiyi təqdirdə, başqa əzablara düçar olasıdır. Deməli, sözügedən ifadədəki “məsulat” (əzablar) sözündə səmavi əzab və göydən nazil olan bəlalar deyil, əksinə ictimai bəlalar nəzərdə tutulur; yəni zillətlər, irticaçılıq, geriləmələr, deqradasiyalar, düşmən caynağında inləmələr və yaxud keçmiş ümmətlərin də düçar olduğu yoxsulluq və nadanlıqlar. Həzrət buyurur: “Ey İslam ümməti, ehtiyatlı olun ki, keçmiş ümmətlərə nazil olmuş əzablar və bəlalar sizə də nazil olmasın!”

بِسُوءِ الْأَفْعَالِ وَ ذَمِيمِ الْأَعْمَالِ

Keçmiş ümmətlərin başına gələn bəlalar “Allah onlara zülm və haqsızlıq etmək istəyirmiş” mənasında başa düşülməməlidir. Xeyr, əsla belə deyildir! Bu bəlalar onların öz çirkin əməlləri və pis rəftarlarının nəticəsi idi.

فَتَذَكَّرُوا فِي الْخَيْرِ وَ الشَّرِّ أَحْوَالَهُمْ وَ احْذَرُوا أَنْ تَكُونُوا أَمْثَالَهُمْ

“Onların başlarına gələnləri xeyir-şər(iniz)də, yaxşılıq və pislik(ləriniz)də yad edin və onlar kimi olmaqdan çəkinin!”

Həmişə onların işlərinə, düşdükləri vəziyyətə, başlarına gələnlərə nəzər salın, yaxşılıqları və pisliklərini hər zaman xatırlayın və ehtiyatlı olun ki, pislik və çirkinliklərdə siz də onlar kimi olmayasınız.

Bəşər tarixində həmişəyaşar ictimai ənənələr

فَإِذَا تَفَكَّرْتُمْ فِي تَفَاوُتِ حَالَيْهِمْ فَالْزَمُوا كُلَّ أَمْرٍ لَزِمَتِ الْعِزَّةُ بِهِ شَأْنَهُمْ

“Onların iki (yaxşı və pis) halının fərqləri üzərində düşündükdə, onların hörmət və izzətinə səbəb olmuş işlərini seçin.”

Oxuduğumuz bu cümlədən öncəki ifadədə deyilən əzabda məqsədin nə olduğu da anlaşılır. Bu cümlədə məqsəd odur ki, keçmiş ümmətlərin hər iki halını (bədbəxtlik və xoşbəxtliyini), onların izzət və zillətdə olduqları halı (misal üçün, İsrail oğullarının həm izzət və şərəf, həm də zillət və bədbəxtlik içində olduqları halı) yad etdikdə və öz nəzərinizdə canlandırdıqda, baxın görün, onlara nəsib olmuş izzət və başıucalığın, sahib olduğu ağalığın, onlara verilmiş dünya və axirət xeyir və həzzinin səbəbi nədir? Səbəb nədirsə, siz də ondan yapışın. Sonra isə onların həlakına səbəb olmuş bədbəxtlik və uğursuzluğun acı aqibətini xatırlayın. Baxın görün, onların bədbəxtlik amilləri nədir? Nə oldu ki, onlar vəhdəti əldən verdilər və pərakəndə hala düşdülər? O zaman həmin acı səbəb və amillərdən siz də çəkinin. Bu nə deməkdir? O deməkdir ki, (məsələn) İsrail oğullarını 40-50 əsr öncə pis hala salan səbəb sizin də dövrünüzdə, sizin də aranızda mövcuddursa, siz də həmin taleyə düçar olacaqsınız. Bu isə dünyaya hakim ənənə və qanunauyğunluq, islami təfəkkürün ali və maraqlı ifadəsi, İslam dünyagörüşüdür. Həqiqi İslam fəlsəfəsi, İslam intuisiyası və İslam dünyagörüşü məsələni belə ifadə edir. Əlbəttə, fəlsəfə dedikdə, “İslam fəlsəfəsi” adı ilə müsəlmanlara yeridilən Aristotel və Yunan fəlsəfəsi deyil, “Quran fəlsəfəsi” nəzərdə tutulur.

Quranın və həqiqi Quran mütəxəssislərinin bizə öyrətdiyi sözlərdən belə qənaətə gəlirik ki, dünya qanunları, təbiət və ictimai qanunlar bütövlükdə eynidir və tarix boyunca da dəyişməzdir. Eynilə, bir milyon il əvvəl yerlə göy arasında cazibə qanunu olduğu kimi, həmin qanun indi də var. Xalqların tərəqqi və irticasına, irəliləyiş və geriləməsinə, izzət və zillətinə səbəb olan qanunların bizim yaşadığımız bu çağdaş dünyamız və müasir zamanımızdakı bərabərlik və bənzərliyi ilə milyon illər öncə yaşaması ehtimal edilən bir insan cəmiyyəti arasındakı bərabərlik və bənzərlik eynidir. Yaradılış qanunları azacıq belə dəyişilmir. İsrail oğullarının bədbəxtliyi və alçaqlığına səbəb olmuş hər hansı bir amil sizin aranızda da hökm sürərsə, mütləq siz də həmin bədbəxtlik, zəlillik və alçaqlığa uğrayacaqsınız. Eynilə, İslamın ilkin müsəlmanlarının izzəti, başıucalığı və ağalığına səbəb olmuş amillər sizin aranızda da mövcud olarsa, sözsüz, siz də izzət, başıucalıq və ağalıq əldə edəcəksiniz. İranda Sasanilər hakimiyyətinə son qoyan, onu məğlubiyyətə uğradan, zərdüşt və müşrik Sasani cəmiyyətini dağıdan səbəb bu gün müsəlman ümməti arasında da yaranarsa, şübhəsiz, müsəlman ümməti də məğlubiyyətə uğrayacaq, pərakəndə hala düşəcək və dağılacaq. Bəli, məsələ belədir!

Tarixin bir guşəsindəki ictimai bir quruluş və reformasiyanı nəzərdən keçirin; bu cəmiyyət bir zamanlar hökmranlıq edir. Hökmranlıq etməsinə nə səbəb oldu? Bunun bir səbəbi var; həmin səbəb bu gün bizim cəmiyyətimizdə hökm sürərsə, sözsüz, ağalıq və hökmranlıq edəcək. Tarixdə məhv olmuş, həlakətə uğramış və dağılmış başqa bir cəmiyyəti də müşahidə edin; onun həlakına nə səbəb oldu? Bir səbəbi var; əgər həmin səbəb günümüzdə hakim olarsa və bizdə də meydana çıxarsa, onun ucbatından bu cəmiyyət də məhv olub dağılacaq, həlak olub aradan gedəcək. Bu qanunauyğunluqlar tarix boyu sabitdir. Əmirəlmöminin Əli (ə) bunu buyurmuşdur.

Xalqların izzət və xoşbəxtlik amilləri – birlik və təfriqədən uzaqlıq

فَإِذَا تَفَكَّرْتُمْ فِي تَفَاوُتِ حَالَيْهِمْ فَالْزَمُوا كُلَّ أَمْرٍ لَزِمَتِ الْعِزَّةُ بِهِ شَأْنَهُمْ

“Keçmiş ümmətlərin iki fərqli halının – yaxşı və pis, izzət və zillət halının üzərində düşündüb mütaliə etdikdə və onları nəzərdən keçirdikdə, onların hörmət və izzətinə səbəb olmuş hər bir işi siz də özünüz üçün seçin.”

وَ زَاحَتِ الْأَعْدَاءُ لَهُ عَنْهُمْ

“Onların düşmənlərinin həlak olmasına, məğlubiyyətə uğramasına səbəb olan işləri siz də öz aranızda formalaşdırmağa çalışın.”

Baxın görün, o zaman keçmiş ümmətlərin düşmənlərinin zəlil və bədbəxt olmasına səbəb nə idisə, həmin səbəbi siz də öz aranızda dirçəldin. Məsələn, Həzrət Musanın (ə) ümmətinin öz dönəmindəki müəyyən zaman çərçivəsində zillət və bədbəxtliyə düşməsini fərz edin. Bunun bir səbəbi var idi. Həmin səbəbi arayıb axtarın və ondan çəkinin. Başqa bir zamanda həmin ümmət izzət və iftixara nail oldu. Onun bir səbəbi var idi. Həmin səbəbi axtarıb tapın, görün, onların düşmənlərinin məhvinə nə səbəb olubsa, siz də onu öz cəmiyyətinizdə tətbiq edin.

وَ مُدَّتِ الْعَافِيَةُ فِيهِ عَلَيْهِمْ

Baxın görün, onların afiyətinə – “sağlam yaşam və həyat tərzi”nə səbəb nə idisə, siz də onu seçin, onu əldə edin. Əlbəttə, afiyət və sağlam həyat tərzi tənbəllik və yaxud tənbəlliklə birgə rahatlıq deyil, tamamilə “rifah” mənasındadır. İnsan həyatına münasib olan və uyğun şəraiti yaradan hər bir şeyə “afiyət” deyilir.

 

Ardı var..

 


[1]. “Nəhcül-bəlağə”nin “Qasiə” xütbəsinin bir hissəsinin şərhi. Bu söhbətin dəqiq tarixi məlum deyil.

[2]. Bu silsilə söhbətlər 1974-cü ilin Yanvar ayına qədər davam edir və Ayətullah Xamenei həmin ay həbs olunur. 1975-ci ilin yayında həbsdən çıxsa da, dini fəaliyyətinə qadağa qoyulur.

[3]. “Nəhcül-bəlağə”, xütbə 187.

[4]. İmam Həsən (ə) məscidi.