Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 4

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 
 
 
4-cü hissə
 

 

مِنَ الْجِنَّةِ وَ النَّاسِ

“Cinlərdən və insanlardan olan şeytanlar.” [1]

Adi dilimizdə də bunu deyirik. Bizə belə öyrədiblər ki, insan və insan simasında olan şeytanlar da vardır. (Bir gün) Şeytanla şeytansifət (şeytanlaşmış) insan arasında mübahisə yaranır. Şeytan deyir: “Mən səndən zirək və bacarıqlıyam.” Şeytansifət isə deyir: “Gəl sınaqdan keçirək, görək, kim zirəkdir!”

عِندَ الامتِحانِ يُكرَمُ الرّجُلُ أو يُهانُ

“İnsanın böyüklük və ya kiçikliyi imtahan zamanı bilinər.”[2]

Şeytan bir tayfa arasında ixtilaf, ikitirəlik yaratmaq və qan axıtmaq üçün əl-ayağa düşür. Şeytansifət isə iki naməhrəm kişi ilə qadını bir-birinə qovuşdurur. Şeytan yuxarı kəndlə aşağı kənd əhalisini bir-birinin canına salmaq üçün bir gün çalışır və nəhayət, yüz nəfər qətlə yetirilir. Şeytansifət də iki naməhrəmi bir-birinə qovuşdurmaq üçün bir gün çalışır, nəhayət, haram bir iş və haram intim münasibət baş tutur. Sonra gördükləri işin hansı birinin daha böyük olmasını hesablamağa başlayırlar. Şeytansifət insan Şeytana deyir: “Mənim gördüyüm işin nəticəsində sənin kimi bir haramzadə dünyaya gələcək və sənin gördüyün işin on bərabərini, hətta ondan artığını yerinə yetirə biləcək. Sən yüz nəfərin qətli ilə nəticələnən iki dəstə arasında ixtilaf salmaq üçün sadəcə bir gün çalışdın, amma insanları bir-birinə qırdıra bilən bir haramzadə isə hər gün bu işlə məşğul olacaq. Bu, daha önəmlidir.”

Bəzi şeytansifət insanlar şeytanlardan daha çox çirkindirlər, şeytanların müəllimləridirlər. Şeytanları şeytan edən onlardır. Onlar insanları şeytana müti edirlər. İnsanlardan bir çoxu iffətsizliyə sövq edən şeytandan uzaq gəzsə də, şeytansifətlər bu sayaq şeytanı onların qarşısına çıxarırlar. Əksər pak insanlar məstedici şeytanı (alkoqollu içkilər) lənətləyib özündən uzaqlaşdırsa da, şeytansifətlər həmin şeytanı onların ixtiyarında qoyur, ondan istifadəyə təşviq edirlər. Bir sözlə, bəzən şeytansifət insanlar şeytanlardan daha pis, daha təhlükəlidirlər.

Peyğəmbərlərin hədəfi – Allaha pərəstiş

Peyğəmbərlər, o cümlədən İslam Peyğəmbəri (s) insanları canlı və cansız bütlərə pərəstişdən, cin və insanlardan olan şeytanlara itaətdən nicat vermək, hamını Allah-Taalanın mütləq bəndəçiliyinə yönəltmək üçün göndərilmişlər. Onlar göndərilmişlər ki, hamı Allaha bəndə olsun; ənənələri ilahi olsun, qüdrətləri ilahi qüdrət olsun. Onlara Allahdan, Allahın dili (kəlamı) və əlindən (qüdrətindən) başqası hakim olmasın; yalnız Allahın əmrinə boyun əysinlər, Allahın istədiyi kimi yaşasınlar və ilahi çərçivədən kənara çıxmasınlar. Peyğəmbərlər gəlmişlər ki, cəmiyyətə Quran ayələri, islami və ilahi hökmlər hakim olsun. Bu, peyğəmbərlərin vəsfidir.

Qurani-Kərim – Hidayət vasitəsi

Bu ifadənin iki mənası var: Peyğəmbər (s) öz ağır risalət və missiyasını hansı vasitə ilə yerinə yetirirdi?

بِقُرْآنٍ قَدْ بَيَّنَهُ وَ أَحْكَمَهُ

“Aydın və möhkəm etdiyi Quran vasitəsi ilə!”

Quran hamının istifadə edib başa düşə biləcəyi bir kitabdır. Quranın sözlərinin, bu müqəddəs kitabdakı ilahi kəlamların “elmdə qüvvətləri olanlar”dan başqa, heç kimin bilmədiyi batini mənalar ifadə etməsi adi insanların Quranın zahirindən istifadə edə bilməyəcəyi mənasında deyil.

Quran – Hamının istifadə edə biləcəyi bir kitab

Bu məqamı bəlkə də, on dəfədən çox vurğulamışam, on birinci dəfə təkrar edirəm, hətta yüz dəfə desəm belə, yenə də yüz birinci dəfə təkrar etmək zərurəti yaranacaq. Bəziləri insanları Quranın zahiri mənalarından uzaq saxlamaq və Quranı onların əlindən almaq üçün deyirlər ki, Quran elmi imamların yanındadır. Biz də bunu deyir və qəbul edirik ki, Quran elmi imamların yanındadır. Quranın dərin mənaları və batinini ilahi vəhy şagirdlərindən başqa, heç kimin bilmədiyini və heç kəsin onu təklikdə başa düşə bilmədiyini biz də qəbul edirik. Bu danılmazdır. Amma İmam Sadiqin (ə) Quranın batinini bilməsinin mənası bu deyil ki, mən və siz Quranın zahirini başa düşməyəcəyik. Quranın batini ilə zahiri ziddiyyət təşkil etmir. Ərəb dilini bilən, Quran dili və kəlamı ilə tanış olan bir insanın Quranın zahirindən başa düşdükləri onun üçün höccət və dəlil-sübutdur. Bu, böyük şiə alimlərinin sözüdür. Şiə alimləri son əsrlərdə “Üsul elmi”nə aid bu məsələ üzərində tədqiqat aparmış və “Üsul” alimləri bu haqda çoxlu bəhslər etmişlər. Son 120 ildə şiənin ən böyük alimi olan Şeyx Ənsari bizim Elmi Hövzənin dərslik kitablarından olan “Rəsail” kitabında, “Quranın zahirinin höccət və dəlil olması” ilə bağlı geniş fəsildə yazır: “Quranın zahiri höccət və dəlildir.”[3]

Alimlərin çalışqanlığı sayəsində öz həllini tapan, mədrəsələrdə nöqtəsi qoyulan və hətta dörd dərslik kitab oxuyan bir insana qaranlıq qalmayan bir məsələ ilə bağlı bu qədər aydın sözlərlə yanaşı, təhsil almamış bir neçə nəfər nadan və cahil insanın “Qurana əl vurmayın, Qurana baxmayın, Quranı açmayın, Qurandan bir şey oxumayın, çünki Quranı yalnız imamlar başa düşürdülər!” – deyə səslənməsinin səbəbini hələ də başa düşə bilmirəm. Düzdür, Quranı imamlar başa düşürdülər, lakin Quranın batini və dərin mənalarını. Quranın zahirini isə hər bir ərəbdilli başa düşə bilir.

Bir nəfər İmamın (ə) hüzuruna gəlib bir məsələ soruşur. Məsələn, deyir: “Yerə yıxıldım və ayaq dırnağım qopdu. Amma (bədənim) qanamadı. Onu qoyun dərisi ilə bağlamışam. İndi ayağıma məsh çəkmək istəyirəm. Necə məsh çəkməliyəm?” İmam (ə) cavab verdiyi zaman Qurana istinad edir və buyurur:

یعرف هذا و اشباهه من کتاب الله عزّوجلّ

“Bu və buna oxşar məsələni Allah-Taalanın kitabından öyrənmək olar.”[4]

İmam (ə) buyurur ki, bu məsələni Qurandan başa düşmək olur. Sonra onunla bağlı bir ayəni[5] tilavət edir ki, Şeyx Ənsari bu haqda yazır: “Bu hökmü həmin ayədən başa düşmək bir qədər çətindir.” Bununla belə, yenə yazır ki, onu Qurandan başa düşmək olar. Gəlin, Quranı başa düşək!

Qeyd etdiyim bu mətləb məclis iştirakçılarına aydın olsa da, başqalarına qaranlıqdır. Odur ki, onun üzərində araşdırma aparmaları zəruridir. Ərəb dili və qrammatikası ilə tanış olmağımız sayəsində Quranı başa düşdüyümüz üçün Quranın zahiri mənası elə Quranın aydın buyruğuna və hidayət imamlarının (ə) aşkar kəlamlarına əsasən höccət və dəlildir, İslam alimlərinin şəksiz-şübhəsiz, yekdilliklə qəbul etdiyi bir məsələdir. “Quranı başa düşmək olmaz, Qurana əl vurmayın, Qurana istinad etməyin, Quranla işiniz olmasın!” – deyənlər ya nadandır, ya da qərəzli. Nadandır; çünki şiənin böyük Üsul alimlərinin (uyğun məsələ ilə bağlı) qeydləri haqda məlumatı yoxdur. Qərəzlidir – bilir, amma məqsədli şəkildə Quran maarifindən uzaq qalmağımızı istəyir. Bu da mütləq yadda saxlamalı olduğunuz bir mətləbdir. Demirəm ki, mütləq qəbul edin, amma onun üzərində tədqiqat aparın. Dəfələrlə demişəm ki, söylədiklərimi dinləyicilərimin zehninə zorla yeritməyi xoşlamıram. Dediklərimə Quran ayəsinə əsaslanaraq əməl edin:

الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə tabe olarlar.” [6]

Dinləyin, əgər həqiqət və fitrətə uyğun gəldiyini, həqiqi İslam meyarlarına əsaslandığını görsəniz, qəbul edin, yaddaşınızdan silməyin, araşdırın, mütaliə edin və kim bu mətləbə əks danışsa, bilin ki, ya nadandır, ya da qərəzli.

Qurani-Kərimin xüsusiyyətləri

بِقُرْآنٍ قَدْ بَيَّنَهُ وَ أَحْكَمَهُ

“(Allah Öz Peyğəmbərini) aydın, aşkar və möhkəm etdiyi Quran vasitəsi ilə (göndərdi)!”

لِيَعْلَمَ الْعِبَادُ رَبَّهُمْ إِذْ جَهِلُوهُ

“Bəndələr nadan olduqları və Allahı tanımadıqları halda, Allahı Quran vasitəsilə tanısınlar.”

وَ لِيُقِرُّوا بِهِ بَعْدَ إِذْ جَحَدُوهُ

“Allahı inkar etdikləri şəriatdə Allah bəndələri Quran vasitəsilə Allahın varlığını etiraf etsinlər.”

Quran insanları Allaha itaətə, Onun varlığını iqrar etmək və Onu tanımağa doğru sövq edən bir vasitədir. Bütün bunlar Quranın işi və Quranın üzərinə qoyulan vəzifələrdir. Əgər mən və siz Quranla bağlı bu məsələləri anlamırıqsa, deməli, Quranı dərk etməklə bağlı müəyyən problemə düçar olmuşuq .

وَ لِيُثْبِتُوهُ بَعْدَ إِذْ أَنْكَرُوهُ

“Bəşər nəsli Allahı inkar etdikdən sonra, yenə Quran vasitəsilə Onu isbat etsin.”

 

فَتَجَلَّى لَهُمْ سُبْحَانَهُ فِي كِتَابِهِ  مِنْ غَيْرِ أَنْ يَكُونُوا رَأَوْهُ

 

“Nəticədə, onlar (zahiri) gözlə Allahı görmədən , pak və müqəddəs Allah onlar üçün öz kitabında cilvələnmiş və təcəlla etmiş olur.”

 

Bəndələr ağıl, düşüncə və bəsirət gözü ilə Allahı görsünlər.

بِمَا أَرَاهُمْ مِنْ قُدْرَتِهِ وَ خَوَّفَهُمْ مِنْ سَطْوَتِهِ

“(Allahı) Quranda onlara göstəridiyi (nişan verdiyi) güc və qorxutduğu qüdrətilə (tanıyarlar.)”

وَ كَيْفَ مَحَقَ مَنْ مَحَقَ بِالْمَثُلَاتِ

“İntiqam və əzablarla ümmətləri necə məhv etdi?”

وَ احْتَصَدَ مَنِ احْتَصَدَ بِالنَّقِمَاتِ

“İnsanları, qövmləri və ümmətləri Öz qəzəb və intiqam orağı ilə necə biçib həlak etdi?”

Peyğəmbəri-Əkrəmin (s) besəti və insanların azadlığa çıxması

Qeyd edilənlər Peyğəmbərin (s) və Quranın məqamı ilə əlaqədar idi. Başa düşdük ki, Peyğəmbər (s) insanları azad etmək, onların əl-ayaqları və çiyinlərindən köləlik, asılılıq zəncirləri və ağır yükləri götürmək, cahillik əsarətindən qurtarmaq, nadanlığı onlardan uzaqlaşdırmaq, xurafata uyan insanların beynindən xurafatları silib təmizləmək, çiyinlərində bəşəriyyət düşmənlərinin yükünü daşıyanları bu yükün altından çıxarmaq, zülmə məruz qalanlara zülmdən və yoxsulluq əsarətində yaşayanlara yoxsulluqdan nicat vermək üçün gəlmişlər. Bunlar Peyğəmbərin (s) vəzifəsi, risaləti və missiyasıdır. Peyğəmbər (s) insanları yuxuya vermək üçün yox, ayıltmaq üçün gəlmişdir. Eyni zamanda, Peyğəmbər (s) ümməti yoxsullaşdırmaq üçün deyil, zənginləşdirmək, insanların qulağını, ağıl, dərrakə və zəka yolunu bağlamaq üçün yox, onların varlığında bütün dərrakə qapılarını açmaq üçün göndərilmişdir. Şübhəsiz, insanların zehinlərini kütləşdirmək və “başa düşməyin, fikirləşməyin, düşünməyin!” – demək üçün yox, əksinə beyinlər üzərindəki nadanlıq pərdələrini qaldırmaq üçün gəlmişdir.

Qeyd etdiklərim Əmirəlmöminin Əlinin (ə) başqa xütbələrindəki cümlələridir:

وَ يُثِيرُوا لَهُمْ دَفَائِنَ الْعُقُولِ

“(Allah peyğəmbərləri) insan varlığındakı ağıl xəzinələrini (gizlənmiş ağılları) üzə çıxararaq işə salmaları üçün göndərdi.” [7]

Bunlar o Həzrətin bu və digər xütbələrdə peyğəmbərlərin məqamı və vəsfləri ilə bağlı buyurduqlarıdır.

Müsəlmanların Qurana ehtiyacı

Bu xütbədə müəyyən qədər Quranla tanış olduq. Quran aydın, aşkar və sabitdir, insana həqiqətləri aşılayır. Əgər Quran haqqında düşünsəniz, Quranda Allahı görər, həyat yolunu taparsınız. Allah eləsin, Əmirəlmöminin Əlinin (ə) bu kəlamı İslam ümmətinin qulağında cingildəsin, bu səs İslam aləmində sönməsin, aradan qalxmasın. Allah eləsin, İslam ümməti çarəsizliklərin həlli və xəstəliklərin şəfasının Quranda olduğunu başa düşsün, Əmirəlmöminin Əlinin (ə) vilayəti sayəsində Quran həqiqətlərinə nail olsun. Allah eləsin, bu baş versin. Əlbəttə, əgər Quran və Əmirəlmöminin Əlinin (ə) düşmənləri Quranın üstünü Əmirəlmömininin adı ilə örtməsələr, yenə Əmirəlmömininin düşmənləri o Həzrətin vilayət (və rəhbərliyi) adı ilə bu haqq sözü söndürməsələr, həmçinin nadanlıqlarına görə İslama, Qurana və Əlinin (ə) “Nəhcül-bəlağə”sinə hər bir qərəzli və inadkar düşməndən daha da təhlükəli olan Əmirəlmöminin Əlinin (ə) nadan tərəfdarları o Həzrətin (həqiqi) ardıcılları və şiələrinin bu sözü anlaması və onu əməldə gerçəkləşdirməsinə imkan versələr (bu, baş tuta bilər). Yəni, o Həzrətə, onun vilayət və rəhbərliyinə düşmənçilik səbəbindən bu məsələlərin üzərini örtsələr və buna mane olsalar, həmin məsələ gerçəkləşməz. Allah eləsin, bu səs kəsilməsin. Allah eləsin, Əmirəlmöminin Əlinin (ə) bu cümlələri İslam cəmiyyətinin səhifəsi və səhnəsində həkk olunsun. Əgər biz insanlar o Həzrətin sözünə əməl etsək, ən azından başa düşsək, o Həzrətin və Quranın düşmənləri heç bir iş görə bilməzlər. Əlbəttə, o Həzrətin dostlarının da bunu istəməsi lazımdır. Bu da Quran və onun xüsusiyyəti ilə bağlı o Həzrətin buyurduğu başqa bir cümlə idi.

İslam cəmiyyətinin gələcəyi ilə bağlı proqnoz

1. Həqiqətin gizlədilməsi:

İndi isə (Əmirəlmöminin Əli (ə)) gələcəklə bağlı proqnozlar verir və bu proqnozlar bizim nadanlıq və bədbəxtlik dövrümüzdə, rifah, səadət və xoşbəxtlikdən uzaq olduğumuz günlərdə vəzifəmizi aydınlaşdırır:

وَ إِنَّهُ سَيَأْتِي عَلَيْكُمْ مِنْ بَعْدِي زَمَانٌ لَيْسَ فِيهِ شَيْ‏ءٌ أَخْفَى مِنَ الْحَقِّ

“Şübhədiz, məndən sonra sizin üçün elə bir zaman gələcək ki, onda haqq və həqiqətdən daha gizli bir şey olmayacaq.”

Bu zaman haçandır? Nadan insan cavabında deyəcək ki, bu, Müaviyənin zamanına təsadüf edir. Ondan soruşsan ki, Mərvan ibn Həkəmin zamanına aid deyil? Məcbur olub deyəcək ki, o zamana da aiddir. “Mərvan ibn Həkəmin zamanından sonra Əbdülməlikin zamanına necə? ” – deyə soruşsan, “Bəli, o zamana da aiddir!” – deməyə məcbur olacaq. Soruşsaq ki, Əbdülməlikdən sonra, Süleyman ibn Əbdülməliklə Vəlid ibn Əbdülməlikin zamanına aid deyilmi? Yenə “Aiddir!” – demək və eyni cavabı vermək məcburiyyətində qalacaq. Ona demək lazımdır ki, ay nadan, zaman keçdikcə tarixin təcrübə süzgəcindən su kimi keçən bir sözlə bağlı səni həmin zamanın Müaviyə ibn Əbu Süfyanın dövrünə aid olduğunu deməyə nə məcbur edir?! Nə üçün Əlinin (ə) naməhdud kəlamını məhdudlaşdırırsan? Nə üçün öz kiçik əqlini və cılız nəzərini Əmirəlmöminin Əlinin (ə) geniş və dərin sözünə yeridirsən? İcazə ver, Əli (ə) buyurduğu kimi başa düşək: Bir zaman gələcək və bu zaman uzun və davamlı olacaq, xas bir dövrana aid olmayacaq və bütün dünyada mütləq haqq hakimiyyətinin qurulacağı vaxta qədər (sözsüz, belə bir vaxt gələcək) bu söz zaman-zaman özünü göstərəcəkdir:

لَيْسَ فِيهِ شَيْ‏ءٌ أَخْفَى مِنَ الْحَقِّ

“O zaman haqq və həqiqətdən daha gizli bir şey olmayacaq.”

وَ لَا أَظْهَرَ مِنَ الْبَاطِلِ

“Batildən daha aşkar, daha əlverişli, daha böyük bir şey olmayacaq.”

Şiəlik evlərdə, daxmalardadır. İmam Sadiqdən (ə) soruşdurlar: “Sizin təsvir etdiyiniz (həqiqi) şiələri harada tapmaq olar?” Həzrət buyurdu:

رُءُوسُ اَلْجِبَالِ وَ بُطُونُ اَلْأَوْدِیةِ

Şəhərlərin və xiyabanların daxilində yox, “dağların başında və vadilərin içində (axtarıb tapa bilərsiniz).” Haqq bu güşələrdədir. Haqq cilvəsini bu qədər əzəmət, qüdrət və vüqarına baxmayaraq məhdudlaşdıran, onun üzə çıxmasına maneçilik törədən batildir. Haqqın cilvəsinə fürsət yarandıqda, batil dərhal qara bulud kölgəsi tək özünü yetirir və həqiqət günəşini pərdələyir.

2. Allaha və Peyğəmbərinə qarşı yalan uydurmaq:

وَ لَا أَكْثَرَ مِنَ الْكَذِبِ عَلَى اللَّهِ وَ رَسُولِهِ

“Cəmiyyətdə heç bir şey Allaha və Onun Peyğəmbərinə (s) qarşı yalan uydurmaqdan daha çox olmayacaq.” (Yəni, Allaha və onun Peyğəmbərinə həddən artıq yalan şeylər nisbət veriləcək.) Allahın və Peyğəmbərin (s) adından danışanların çoxu yalan, həqiqətə və Quranın aydın ayələrinə zidd danışacaq.

 

Ardı var.. 

 

Öncəki hissələri oxumaq üçün aşağıdakı linklərə toxunun! 

1-ci hissə,  2-ci hissə , 3-cü hissə

 


[1]. “Nas” surəsi, ayə 6.

[2]. Alman filosofu Georq Vilhelm Fridrix Hegel.

[3]. “Fəraidul-üsul”, c.1, səh.154.

[4]. “Kafi”, c.3, səh.33.

[5]. “Həcc” surəsinin 78-ci ayəsinə istinad edir: حَرَجٍ مِنْ وَ ما جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ “Allah dində sizin üçün heç bir çətinlik yeri qoymadı.”

[6]. “Zumər” surəsi, ayə 18.

[7].“Nəhcül-bəlağə”, xütbə 1.