Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 5

 

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 
 
 
5-ci hissə
 

3. Həqiqi Qurana rəğbətin olmaması:

وَ لَيْسَ عِنْدَ أَهْلِ ذَلِكَ الزَّمَانِ سِلْعَةٌ أَبْوَرَ مِنَ الْكِتَابِ إِذَا تُلِيَ حَقَّ تِلَاوَتِهِ

“O zamanın camaatının nəzərində düzgün oxunan Qurandan ucuz, qiyməti aşağı və kasad məhsul olmayacaq.”

Gördüyünüz camaat Quranı düzgün oxuya bilməyənlərin ardınca gedir. Quran oxuyanlar və dindən danışanlar iki qrupdur: Onun bir qrupu pis, bir qrupu isə yaxşıdır. Pis qrupda dinin ruhundan əsər-əlamət yoxdur. Yaxşı qrupa isə dinin ruhu hakimdir. Dinin ruhu nədir? Həqiqət, ayıqlıq və aydınlıq. Dinin hər bir aydın və ayıq sözü onun yaxşı sözüdür. Dinin həqiqi sözü budur. “Din” adı ilə danışılan, amma zəiflik, süstlük və ətalətə aparan, canlanma və tərəqqiyə zidd olan, insanları durğunluğa, qəflətə, yuxuya və qüsurlu əməlləri ilə məğrurluğa sövq etdirən hər bir söz dinin sözü deyildir. Düzgün oxunan Quran insanları ayıldan Qurandır. Yanlış oxunan, qeyri-düzgün və batil şəkildə məna və bəyan edilən Quran insanları ayıqlıqdan çıxaran, onları qəflət pərdəsi arxasında saxlayan Qurandır. İnsanları ayıqlıq və qəflətdən oyanmaqdan çəkindirən hər bir söz və əməl məhdud və kasad bir məhsuldur. Əksəriyyət dini olmayan (dinin ruhundan uzaq qalan) zümrənin ardınca gedirlər.

4. Dünyatələbliklə təfsir edilən Quranın geniş şəkildə yayılması:

وَ لَا أَنْفَقَ مِنْهُ إِذَا حُرِّفَ عَنْ مَوَاضِعِهِ

Əgər Quranın mənasını təhrif edib istəklərinə uyğun təfsir edərlərsə, onların nəzərində Qurandan dəyərli mal tapılmaz.

Əgər Peyğəmbərə (s) nazil olmuş Quranı öz meyilləri, istək və maraqlarına uyğun dəyişib insanların qəlblərini Quran vasitəsilə ələ alaraq hamını sevindirsələr, hamını Quranla razı salsalar, həm qoluzorlunun, həm nadan və fasiqin Quran vasitəsi ilə şəfaətə nail olacağını aşılasalar və Quranı bu cür bəyan etsələr, cəmiyyətdə bu məhsul tarixdə görüb-oxuduğumuz kimi, bol olacaq. Məsələn, Süleyman ibn Əbdülməlikin xətibi minbərə çıxıb Quran, din, tövhid və nübuvvət barəsində nə istəyirdisə danışırdı. Özü də elə danışırdı ki, onun danışığından Süleyman ibn Əbdülməlikin heykəli düzəlirdi; danışanda Süeyman ibn Əbüdlməliki nurani və sevimli bir sima və şəxsiyyət kimi təqdim edirdi. Həmin zamanlarda İmam Səccad (ə) da Quran oxuyurdu, görəsən, o Həzrətin Quranını neçə nəfər eşidir və dinləyirdi? Bir zaman onun hədisini danışmışdım. Bir hədisə əsasən üç, bir hədisə əsasən beş, bir hədisə əsasən də yeddi nəfər dinləyirdi. O Həzrətin imaməti dövrünün ortalarında deyək ki, həmin say yetmiş, yeddi yüz və yaxud yeddi min nəfərə çatırdı. Beş milyonluq İslam sivilizasiyasında yeddi min insan həqiqi Quranı, milyonlarla insan isə sözləri deyil, həqiqi mənası dəyişilmiş və təhrif edilmiş və iki cür mənası olan Quranı dinləyirdi. Ayələr və kəlmələr arasında fərq yox idi, lakin bəyanlar, təfsirlər, yozumlar və Qurandan çıxarılan mətləblər iki cür idi. Düzgün Quran məhsulunun bazarı kasad, batil (yanlış oxunub təfsir edilən) Quran məhsulunun bazarı bol və müştərisi daha çox idi.

5. “Məruf”un (yaxşı işin) “münkərə” (pis işə) və “münkər”in “məruf”a çevrilməsi:

وَ لَا فِي الْبِلَادِ شَيْ‏ءٌ أَنْكَرَ مِنَ الْمَعْرُوفِ وَ لَا أَعْرَفَ مِنَ الْمُنْكَر

“(Bir zaman gələcək ki,) İslam şəhərləri və ərazilərində yaxşı və bəyənilən işlərdən daha pis və pis işlərdən daha yaxşı və bəyənilən bir iş olmayacaq.”

Bu sözlərin hər biri əlavə izahat tələb etsə də, tərcümə ilə kifayətlənirəm. Elə əvvəlcədən məqsədimiz bu olub ki, dinləyicilərimiz, bizi eşidən dostlarımız və qardaşlarımız özləri cümlələr üzərində düşünsünlər. Əgər düşünsəniz, özünüz məna və şərh edib çoxlu nümunələr tapa biləcəksiniz.

6. Quranın onu daşıyanlar (elminə sahib olan kəslər) tərəfindən bir kənara atılması:

فَقَدْ نَبَذَ الْكِتَابَ حَمَلَتُهُ

“Kitabı daşıyanlar – Quran yükünü, onun təfsir məsuliyyətini öz öhdələrinə götürənlər onu bir kənara atdılar.”

Quranı daşıyanlar Quranı tərk etdilər.

وَ تَنَاسَاهُ حَفَظَتُهُ

“Quran hafizləri və onu qoruyanlar onu unutdular.”

Məsələnin nöqsanı buradadır; əgər Quran daşıyıcıları və hafizləri onu unutmasaydılar, camaata xatırlatmaq asanlaşacaqdı. Amma xəzinədar xəzinəni unutdusa və özünün belə bir xəzinəyə sahib olduğunu yadından çıxartdısa, həmin xəzinədən nə onun özü istifadə edə biləcək, nə də başqaları. Əksinə, əgər unutmayıbsa, xəzinədən götürüb xərcləyəcək, istər-istəməz, hamı ondan istifadə edəcək. Əgər cibində pul varsa, xərcləyəcək və camaat da ondan bəhrələnəcək.

7. Quranın və Quran əhlinin cəmiyyətdən təcrid edilməsi:

فَالْكِتَابُ يَوْمَئِذٍ وَ أَهْلُهُ طَرِيدَانِ

Bu haqq sözə mənim canım fəda olsun! Quran və Quran əhli – hər ikisi eyni taleyə düçar olan, hər ikisi cəmiyyətdən qovulan, hər ikisi sürgün edilən, hər ikisi cəmiyyətin isti qucağından təcrid edilən varlıqlardır. Həm Quranın özü, həm də Quranın həqiqi daşıyıcıları bu vəziyyətə tuş gəlib.

فَالْكِتَابُ يَوْمَئِذٍ وَ أَهْلُهُ طَرِيدَانِ مَنْفِيَّانِ

“Həmin zamanda Quran və Quran əhli – onların hər ikisi inkar olunacaq, cəmiyyətdən uzaqlaşdırılıb çıxarılacaq.”

وَ صَاحِبَانِ مُصْطَحِبَانِ فِي طَرِيقٍ وَاحِدٍ

“Hər ikisi vahid bir yolda bir-birinə yoldaş olacaq.”

لَا يُؤْوِيهِمَا مُؤْو

“Nə Qurana, nə də Quran əhlinə sığınacaq verən bir kəs olmayacaq.”

فَالْكِتَابُ وَ أَهْلُهُ فِي ذَلِكَ الزَّمَانِ فِي النَّاسِ وَ لَيْسَا فِيهِمْ

“O zaman Quran və Quran əhli insanlar arasında yaşamalarına baxmayaraq, onların arasında olmamış kimidir.”

Onların var olmasına baxmayaraq, onlarla sanki insanlar arasında deyillərmiş və yoxmuşlar kimi rəftar olunacaq. Quranlar çoxdur; Quranın mətni, Quranın səsi, Quranın sözü və həqiqi Quran əhli insanların arasındadır, amma onlardan istifadə fürsəti olmayacaq, insanların onlara doğru yönəlmək yolu bağlanacaq.

لِأَنَّ الضَّلَالَةَ لَا تُوَافِقُ الْهُدَى

Səbəbini bilmək istəyirsənsə, bu aydın məsələdir; “Çünki azğınlıqla hidayət (doğruluq) bir yerdə olmaz.”

وَ إِنِ اجْتَمَعَا

Hətta bir yerdə və bir-birinin yanında olasalar belə, onların suları eyni bir arxa axmaz.

Əgər Mövlanın sözünü başa düşmək istəyirsinizsə, bu qədər kifayətdir, hətta bu qədəri də çoxdur. Bu qədər göstəriş, bu qədər haqq söz, təfəkkürlə yanaşı bu qədər mətləblər və insanın ehtiyacını təmin edən bu qədər kəlamlar yetərlidir.

Bu xütbəyə müraciət etmək istəyənlərin diqqətinə çatdırım ki, bu xütbə 147-ci xütbədir vəفَبَعَثَ اللَّهُ مُحَمَّداً (صلى‏ الله ‏عليه‏وآله) بِالْحَقِّ  (Allah Muhəmmədi (s) haqq olaraq göndərdi...) – ifadəsi ilə başlayır.

“Ərbəin ziyarəti” adlı konqres planının səbəbi

Bu gecə Ərbəindən sonrakı gecədir. Keçmiş adətim üzrə, məzhəbimizin əlamətdar günlərinin növbəti axşamı həmin münasibətlə bağlı söhbət edirəm. Bu axşam isə bu haqda danışmadım. Bunun səbəbi vardır. Səbəbi odur ki, ixtiyarımızda olan bu az fürsətdən layiqincə istifadə edək və hər Bazar ertəsi axşamını Əmirəlmöminin Əlinin (ə) kəlamlarına həsr etdiyimiz həmişəki tədbirimizə xələl yetirməyək. Keçmiş zamanlarda əlamətdar günlərin keçirilməsi ilə bağlı fürsətimiz çox idi. İndi isə azdır. Odur ki, bizim xatirələrimizdən biri olan Ərbəin haqqında bu axşam geniş söz açmadıq, amma bu sözü deməyim yerinə düşər.

Ərbəin ziyarətinin iman əlamətlərindən olduğunu bilirdinizmi? Mən bu rəvayətin nə dərəcədə düzgün olduğunu bilmirəm və onun mən təsəvvür etdiyim kimi məna daşıdığına da israrla təkid etmirəm. Həqiqət də budur ki, zənnimcə, bu mövzu ilə bağlı irəli sürülən ehtimal və versiyalardan biri də elə bu mənadır. Amma mənim dediyim bu ehtimalın təsdiqi də az deyildir:

Şiə pərakəndə, bir yerdə və bir məkanda yaşamayan bir toplumdan ibarət idi; Mədinədə yaşayırdılar, Kufədə, Bəsrədə, Əhvazda, Qumda, Xorasanda və müxtəlif şəhər və məntəqələrdə (pərakəndə vəziyyətdə) məskunlaşmışdılar. Lakin bu pərakəndə bədənə, bir-birindən ayrılmış hissələrə bir ruh hakim idi, təsbeh dənələri kimi, onların hamısını bir ip birləşdirirdi. O ip nə idi? Şiə mərkəzinə, ali şiə rəhbərliyinə, yəni imama itaət. Bu ip həmin mərkəzdə birləşirdi və bütün üzvlərə əmr verən bir qəlb rolunu ifa edirdi. Demək, şiəlik bir quruluş, bir təşkilat idi. İki nəfərin bir-birinin halından xəbərdar olmaması mümkün idi, amma bəziləri hamının halından xəbərdar idilər. Onların itaəti hesab-kitaba, fəryad səsləri əmrə, sükutları plana, bir sözlə, hər bir işləri hesab-kitaba əsaslanırdı. Amma qüsurları da var idi, bir-birini çox az görürdülər. Düzdür, bir şəhər və məntəqənin şiələri bir-birini görürdülər, lakin o zamanın şiələri üçün dünyamiqyaslı bir konqresin təşkili olduqca zəruru idi. Bu konqres yarandı və vaxtı da təyin olundu. Dedilər ki, hər bir kəs təyin olunmuş gündə həmin konqresdə iştirak edə bilər. Həmin gün “Ərbəin günü”, görüş yeri də “Kərbəla torpağı”dır, çünki şiəyə Kərbəla və Aşura ruhiyyəsi hakimdir. Şiə varlığında Aşura gününün döyüntüsü görünür. Harada şiə olsa, Hüseyn Aşurasının ardıncadır. Şiədə gördüyümüz bütün bu hiss-həyəcan və duyğular o pak türbədən qaynaqlanır. Bunlar o müqəddəs ruhdan, o qiymətli türbədən baş qaldırıb canlara və ruhlara nüfuz edən, insanları yandırıcı güllələrə çevirib düşmənin qəlbinə sancan şölələr idi.

Hüseyn Aşurasından sonra şiələr tərəfindən yaranan ilk hərəkat “Təvvabin” (töbvə edənlər) hərəkatı idi. Onlar o pak türbənin ətrafında bir yerdə toplaşdılar. Tarixi mənbələrdə qeyd olunur ki, onlar çox ağladılar. Bəziləri elə güman edirdi ki, bu ağlamaqlar insanın yalnız rahatlıq tapmasına səbəb olur. Bəli, ağlamaq insanın rahatlıq vasitəsidir, bu şərtlə ki, yalnız hisslərdən qaynaqlansın. Əgər ağlamaq və göz yaşları, insanın təfəkkür və düşüncəsindən qaynaqlanırsa, bu, eynilə manqalı daha da alovlandıran kababın yağ damcıları kimidir və insana rahatlıq bəxş etmir, əksinə onu daha da coşdurur. Odur ki, ağlamaq zülm və haqsızlıqla mübarizə aparan, Aşuranın (hədəfləri) uğrunda addımlayan ilk şiələrin adi işlərindən sayılırdı. İmam Cəfər Sadiq (ə), İmam Rza (ə) daim ağlayardılar. Səhabələrə də buyurardılar ki, aliməzmunlu (Aşura) qəsidələrini danışın, bu əzadarlıq heyətlərini keçmiş şiələri yad etməklə ağladın ki, bu ağlamaqla onlar daha da alovlanacaq, daha da şölələnəcək.

Təvvabin dəstəsi gəlib burada yetəri qədər və həddən çox ağladı. Zənnimcə, onların bir, ya iki gecə-gündüz ağladıqları deyilir. Bu barədə tarixdə məlumat verilib.[1] Bu ağlamaqlardan sonra əlbir oldular, qərara aldılar ki, gedib canlarını Allah yolunda fəda etsinlər, müharibədən sağ qayıtmasınlar, öldürülənə qədər müharibədən əl çəkməsinlər. Belə də oldu. Əmirəlmöminin Əlinin (ə) səhabəsi, İmam Hüseynin (ə) həvarisi Süleyman ibn Sürəd Xüzai kimi böyük şəxsiyyətlər canlarını qurban verdilər, qətlə yetirildilər. Bu, Kərbəladan qaynaqlanırdı. Baxın, o zaman bu həqiqət necə də cilvəlinirmiş. Əlbəttə, bu gün bu həqiqət bizim camaatın zehnində o gözəllik və əzəmətdə öz inikasını tapmasa da, başqa formada yaşamaqdadır.

Beləliklə, Ərbəin hadisəsi, mühüm bir hadisədir. Yəni, Ərbəin şiələrin beynəlxalq və dünyamiqyaslı bir qurultayının, xatirə dolu bir torpağın vədəgahıdır, xatirələr – özü də əzəmətli, vüqarlı xatirələr məskənidir. Şəhidlərin dəfn yeri, Allah yolunda öldürülənlərin məzarıdır. Şiə məzhəbinin ardıcılları qardaşlıq və vəfadarlıq əhd-peymanı bağlamaq üçün bu məkanda toplaşırlar. Ərbəin budur. Təvvabin dəstəsindən başqa, həmin məkana üz tutub ordan stimul alan digərləri də olmuşdur.

Abbasi xəlifələrinin dövründə ən böyük şiə hərəkatından biri də “İbn Təbatəba” hərəkatıdır. (Bu hərəkatın banisi) Məhəmməd ibn İbrahim ibn İsmayıl Təbatəba “Təbatəbayilər” silsiləsindən olan möhtərəm bir seyid övladıdır. Məhəmməd ibn İbrahim böyük bir hərəkata imza atdı, İslam dünyasının mühüm bir hissəsini fəth etdi, qələbə çaldı, şiə və Ələvi hökuməti qurdu. Bəzləri elə təsəvvür edirlər ki, imamzadələrə belə bir haqq (hökumət qurmaq haqqı) verilməmişdi, əslində isə onlara bu haqq verilmişdi. Onlara böyükləri tərəfindən icazə verilmişdi və onlar hədəfə də çatdılar, hətta müvəffəq də oldular. Lakin bu seyidin qəfil xəstələnib dünyasını dəyişməsi onun hərəkatının məğlubiyyətə uğraması ilə nəticələndi. Bu sülalə neçə il hakimiyyətdə oldu. Onlar Baş Hərbi Komandan və digər şiələrlə birgə hərəkata başlamaq istədikdə, Kərbəlaya gəldilər, Hüseyn ibn Əlinin (ə) qəbrinin yanında bir-biri ilə qardaşlıq və vəfadarlıq əhd-peymanı bağladılar.

Eşitmisiniz ki, Cabir ibn Abdullah Ənsari də Kərbəlaya gəldi. Mənim nəzərimcə, bu böyük şəxsiyyət Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət edən üçüncü şəxsdir. Kərbəla ziyarətinə gələn üçüncü heyət Cabir və Ətiyyənin heyətidir. Ondan öncə bəziləri ziyarətə gəlmişdilər. Bəlkə də, bu pak türbəni ziyarət edən ilk dəstə Bəni-Əsəd qəbiləsidir. Onlar Kərbəlaya gəlib Hüseyn ibn Əlinin (ə) bədənini dəfn etdilər və onlar (Aşuradan sonra Kərbəlaya gələn) ilk heyət idi. Eşitdiyiniz kimi, Cabir də ziyarət məqsədilə gəldi və (mübarək) qəbrin yanında eşitdiyiniz o sözləri dedi. (Əlbəttə, bu gün məclis və yığıncaqlarda iştirak etmisiniz və bu barədə öncədən təkrar-təkrar eşitmisiniz.) İcmali şəkildə “Aşura” adlı böyük cihad və fədakarlq xatirəsi Ərbəin günü Kərbəla torpağında yad edilirdi. Əgər bu gün şiələr də o pak və müqəddəs torpaqda belə bir vədələşməyə qatıla bilərlərsə, böyük və dəyərli bir iş görmüş olacaqlar. Bu isə hidayət imamlarının bizə öyrətdikləri yolun davamıdır.

İlahi, Səni Muhəmməd və ali-Muhəmmədə and verirəm, bizi Quranın, eləcə də Quranın həqiqi carçısı Əmirəlmöminin Əlinin (ə) ardıcıllarından et!

İlahi, Səni Muhəmməd və ali-Muhəmmədə and verirəm, bizi saleh və layiqli bəndələrinin zümrəsində olanlardan et!

İlahi, Səni Muhəmməd və ali-Muhəmmədə and verirəm, dedikərimiz və eşitdiklərimizi dünya və axirətimiz, özümüz, millətimiz və ümmətimiz üçün faydalı et!

İlahi, Səni Muhəmməd və ali-Muhəmmədə and verirəm, sözümüzü, danışığımızı, dinləməyimizi Sənin üçün və Sənin yolunda həyata keçirilən söz və danışıqlardan et!

İlahi, kərəmin, fəzlin və lütfünlə bunları bizdən qəbul et!

İlahi, müvəffəqiyyətini bizdən əsirgəmə!

İlahi, Səni Muhəmməd və ali-Muhəmmədə and verirəm, bizim cəmiyyət və ümmətimizi islami cəmiyyət və islami ümmət et!

İlahi, Səni Muhəmməd və ali-Muhəmmədə and verirəm, Quranı anlamaq və Qurana əməl etmək üçün bizim hamımıza müvəffəqiyyət ver!

İlahi, Səndən istədiklərimiz və istəmədiklərimizin hər hansı biri xeyrimizədirsə, onu bizə bəxş et!

İlahi, şərrindən Sənə pənah apardıqlarımız və aparmadıqlarımızın hər hansı biri zərərimizədirsə, bizi ondan qoru!

Rəhiməllahu mən qərəəl-fatihətə məəs-sələvat – Fatihə surəsini salavatla oxuyana Allah rəhm etsin.

Ardı var.. 

 

Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 

 


[1].“Əl-kamilu fit-tarix”, İbn Əsir, c.4, səh.177.)