Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 11

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 
 
 
11-ci hissə
 

Görün, xütbənin mənası necə aydınlaşdı! O Həzrət buyururdu: Ey camaat, sizin bugünkü xəstəliyiniz şirk, Allahdan qeyrisinə pərəstiş və bəndəçilik xəstəliyidir. Allahdan qeyrisi də Lat, Mənat, Uzza, Hubəl və Allah evinin divarından asılmış 360 bütdən ibarət idi! Bu gün isə, həmin bütlər Müaviyə, Təlhə, Zübeyr və aləmlərin Rəbbi tərəfindən göndərilməyən digər haqsız rəhbərlər, xalqa hökmranlıq edənlər və əmr verənlər, onlara əyilmək, pərəstiş etmək və ehtiram göstərməkdir. Bu, şirkdir. Xalis islami tövhidin mənası budur! İndi başa düşürük ki, nə üçün həmin tarixdən yüz neçə il sonra, bu dəyərli xütbənin sahibinin övladlarından olan İmam Rza (ə) Nişabur şəhərində on minlərlə cəmiyyət qarşısında “Tövhid kəlməsi Allahın hasarı, qalasıdır!” – deyə buyurmuşdur?:

كلمة لا إِلَهَ إِلا اللَّهُ حِصْنِي، فَمَنْ دَخَلَ حِصْنِي أَمِنَ مِن عَذَابِي

““Lə iləhə illəllah” kəlməsi Mənim qalamdır. Elə isə Mənim qalama daxil olan kəs əzabımdan amanda qalacaqdır.”[1]

Bəziləri irad tuturdular ki, axı necə ola bilər “Lə iləhə illəllah” kəlməsi onu deyənə yetərli olsun və başqa bir şeyə ehiyac duymasın? Bəli elədir! Əgər “Lə iləhə illəllah” desəniz, İmam Əlinin (ə) bu xütbədə işarə etdiyi şirkdən əsər-əlamət qalmayaraq, həqiqi mənada xalis mömin olacaqsınız. Həqiqi iman budur! Həqiqi tövhid, yəni dinin hamısı, hər növ eyibdən uzaq olan xalis tövhid, şəriətin incəliklərinə qədər bütün hökmlər.

Bir sözlə, “Lə iləhə illəllah” kəlməsi ilə bağlı bəhsin əhatə dairəsi genişdir və onun haqqında çox danışmaq, nəzər söyləmək olar. Əlbəttə, bu haqda başqa bir vaxtda söhbət açmaq lazımdır.

Əmirəlmöminin Əli (ə) bu ağır xəstəliyə toxunur, onu bizim diqqətimizə çatdırır və öz zamanında hansı bəlalarla üz-üzə qaldığını başa salır. Öz zəmanəsinin ən böyük şəxsiyyəti, ilahi düşüncə və ilhamla rabitəsi olan, həqiqəti əsl qaynağından əldə edən, bulaq tək həqiqətin qaynadığı qəlbə sahib olan bir insan öz xalqı ilə heç vaxt belə rəftar etməz, istədiyi kimi davranmaz, istədiyi kimi hökmranlıq etməz, zülm əhli olmaz. Həmçinin “bu iş mütləq baş tutmalıdır, əgər baş tutmasa, hamı ölməlidir” deməz. O Həzrət özü buyururdu:

فَلَا تَكُفُّوا عَنْ مَقَالَةٍ بِحَقٍّ أَوْ مَشْوَرَةٍ بِعَدْلٍ

“Öz rəhbərinizə haqqı deməkdən və ya ədalətli məsləhətlər verməkdən çəkinməyin”,[2] mütləq deyin.

İmam Əlinin (ə) başqalarının məsləhətinə ehtiyacı var idimi? Yoxsa, xalqa başa salmaq istəyirdi ki, xalqın işlərini sahmana salmaq, xalqla hesablaşmaq, xalqla birgə yaşamaq lazımdır, İslam hökumətinin və insanlar arasında Allahın canişininin idarəçilik metodu ilə zalım və ədalətsiz hakimiyyətin rəhbərlik üslubu fərqlidir? Əmirəlmöminin Əlinin (ə) bu xütbədəki ilk cümləsi budur!

Əmirəlmöminin Əlinin (ə) nəzərində tarixin əhəmiyyəti

Üzərində dayanmaq istədiyim mətləb tarixə diqqətdir. Əmirəlmöminin Əli (ə) buyurur ki, bəşəriyyətin keçmişinə nəzər salın və keçmişdə etdikləriniz səhvləri bir daha tərkrar etməyin. Əlbəttə, xütbənin bəzi giriş sözləri adi “Nəhcül-bəlağə”lərdə yoxdur. Bəzi “Nəhcül-bəlağə” şərhçiləri zəhmət çəkib həmin giriş sözləri tapmışlar. Əmirəlmöminin Əli (ə) sözügedən xütbənin girişində bu cümləni xüsusilə vurğulayır:

وَ قَدْ قَتَلَ اَللَّهُ اَلْجَبَابِرَةَ

“Allah zalımları öldürsün.”[3] Yəni, zülm etməyin, Allah fılan kafirləri və fılan zalımları həlak etdi, yəni küfr və zülm etməkdən çəkinin. Xütbə belə cümlələrlə başlayır ki, mərhum Seyid Rəzi ilk cümlələri “Nəhcül-bəlağə”də qeyd etməmişdir. Bəzi şərhçilər isə mənbə və qaynaqlardan onu axtarıb taparaq qeyd etmişlər. Bəli, tarixin keçmişinə diqqət olduqca əhəmiyyət kəsb edir.

Bu gün biz müsəlman cəmiyyət üçün tarixi keçmişə diqqət hədsiz dərəcədə önəm daşıyır. Ey müsəlman qardaşlar, ey Quran ardıcılları! Bir zaman Quran ardıcılları maddi və mənəvi nemətlərdən layiqincə bəhrələnirdilər, bu gün isə belə deyil! Nə hadisənin birinci, nə də ikinci hissəsində şübhə var! Bir gün onlar dünyanın imperatorları, böyük siyasi qüdrətləri idilər, yerüstü və yeraltı sərvətlər, sağlam iqtisadiyyat və ticarət, yaxşı kənd təsərrüfatı onlara məxsus idi. Bu gün isə onlardan əsər-əlamət yoxdur. Əxlaq və insani keyfiyyətlər, məhz İslam ərazilərində cücərən bir bitki idi. Bu gün həmin ərazilər bu bitkinin əsla cücərmədiyi şoranlığa çevrilmişdir. Əgər əkib-becərsəniz və göyərtsəniz də, az müddətdən sonra quruyacaqdır. İslam ərazilərində bütün gözəlliklər öz-özünə, təbii olaraq inkişaf edirdi. Bu gün isə, bütün gözəlliklər öz-özünə və təbii seyri ilə ölür. O, bizim keçmişimiz, bu da bizim indiki vəziyyətimiz! Bəs buna səbəb nədir?

Xalqın azğınlıqdan doğruluğa qayıdışı

Görkəmli alim Mərhum Şərəfuddin Amili xəstəlik və müalicənin harada olduğunu bilir və onu sağaldırdı. (Bir gün) Livana, Cəbəl-Amilə getdi və şiələrin yalnız bir neçə peşə ilə məşğul olduğunu gördü; hamamda kisəçi, qarajda hambal və üçüncüsünü isə deməyə utanıram, xəcalət çəkirəm, demirəm, qadınlara aid bir iş idi. Livanda şiələrin şərafətli işləri bunlardan ibarət idi. Məsələni araşdırmağa başladı. Axı, şiələr nə üçün bu vəziyyətə düşüblər? Nə üçün şiə məzhəbinin ardıcılları bu cəmiyyətdə yaşamaq haqqını əldən veriblər? Hay-küy etməklə məşğul olmadı, ümidini üzmədi, məyus olmadı, sünnilərlə mübahisə və dalaşmaqla başını qatmadı, “döyüşək, görək kim kişidir” – deyə düşünmədi. Təbib kimi müalicəyə başladı, xəstənin nəbzini tutdu, dilinə baxdı, müayinə edib xəstəliyini müəyyən etdikdən sonra dərmanını tapdı. Bu böyük kişi, bu görkəmli şiə alimi bir cümlə deyib: “Alim gərək xəstəliyi və onun dərmanını bilsin.” Keçən həftə qeyd etdim ki, alim qalanın üstündə dayanıb düşmənin haradan, hansı silahla və haçan hücuma keçəcəyini, haçan gizləndiyini, harada gizləndiyini, nə məqsədlə gizləndiyini (və gizləndikdən sonra nə edəcəyini) izləyib dəqiqləşdirən gözətçiyə bənzəyir. Onun gözləri zəif olmamalıdır ki, yalnız “gözətçi qülləsi”nin altını güclə görsün. Düşməni gördükdə, gözünü yumacaq və onu görməzdən gələcək, düşmən hücum edən zaman rahatçılığını fikirləşərək “günortadan keçib, mənim yatmaq vaxtımdır” deyəcək qədər vecsiz olmamalı və məsələlərə əhəmiyyətsiz yanaşmamalıdır. Eyni zamanda, “Düşmən nəkarədir! Mən qüllədə durmuşamsa, düşmən heç bir qələt edə bilməz.” – deyə xudpəsəndlik etməməli, yersiz qürrələnməməli, düşünməli və ağıllı şəkildə davranmalıdır.

Şiə aləminin böyük mərcəi-təqlidi Şeyx Ənsari 1281-ci hicri-qəməri (1859-cu il)  ilində vəfat etdikdə, həmin zaman mərcəi-təqlid üçün üç nəfər molla və böyük alimin adı çəkilirdi və camaat onalardan birini özünə mərcəi-təqlid seçməli idi. O üç nəfərdən biri böyük alim və görkəmli fəqih Mərhum Hacı Mirzə Həbibullah Rəşti idi, kitabı da qalır. İnsan bu kitabı mütaliə etdikdə, onun islami hüquq sahəsində elm dəryası olduğunu anlayır. İkincisi aliməqamlı şəxsiyyət Seyid Hüseyn Kuhkəməri idi. Azərbaycanlı və böyük ustad idi, çoxlu şagirdləri vardı. Minbərə çıxanda, yüzlərlə insana dərs deyirdi. Şeyx Ənsari ilk dəfə Nəcəfə gedəndə, 4-5 nəfərə tədris edirdi. Bir gün Seyid Hüseyn Kuhkəməri məscidin bir küncündə əyləşib şagirdlərini gözləyərkən, təsadüfən, Şeyx Ənsarinin dərsini də dinləmək qərarına gəldi və Şeyxin savadlı molla olduğunu gördü. O bütün şagirdləri ilə birlikdə Şeyx Ənsarinin dərsində iştirak etdi. Şeyx Ənsarinin zamanında Seyid Hüseyn Kuhkəmərinin Nəcəf Elmi Hövzəsində şöhrəti hər tərəfə yayılmışdı, qeyd etdiyim kimi, Şeyx Ənsariyə bərabər bir şəxsiyyət idi, Şeyx Ənsarinin dostu idi. Amma öz istək və rəğbəti ilə Şeyxə şagirdlik edirdi. Üçüncüsü isə onlardan daha da gənc idi, onlar qədər sabiqəsi olmasa da, mərcəi-təqlid dərəcəsinə çatmışdı. O, Mirzə Həsən Şirazi idi.

Şeyx Ənsarinin vəfatından sonra 1281-ci hicri-qəməri ilində (1859-cu il)  bu üç müctəhidin adı mərcəi-təqlid kimi dillərə düşdü. Hər üçü bir yerə yığışdı. Bir yerə yığışması da çox maraqlıdır. Amma burada onun haqqında danışmaq fürsətimiz yoxdur. Dedilər ki, İslam aləminin vəhdətinin qorunması naminə iki nəfərimiz birimizin xeyrinə kənara çəkilməli və mərcəi-təqlidliyi həmin bir nəfərə həvalə etməliyik. Öz təqlidçilərimizə də deməliyik ki, bundan sonra həmin müctəhidə təqlid etsinlər. Hər üçü bununla razılaşdı. Mirzə Şirazi dedi: “Gəlin, belə bir şəxsi seçək ki, ağlı elmindən çox olsun, molla, müctəhid və şübhəsiz, təqvalı olsun. Eyni zamanda, zəkalı və dərrakəli, bəsirətli və uzaqgörən olsun, düşməni uzaqdan tanıya bilsin – bəşərin və İslam cəmiyyətinin xeyrini, gələcəyini, hər bir şeyi dərk etsin.”

Mirzə Həbibullah Rəşti və yaxud Seyid Hüseyn Kuhkəməri dedi: “Bu xüsusiyyətlərə, yalnız sən özün sahibsən. Həm münasib elmi məqamın, həm də zəngin ağılın var.”

Hər iki müctəhid dedi ki, öz payımızdan, mərcəlik haqqımızdan üz çeviririk.

Bilirsinizmi yüz il bundan öncə mərcəi-təqlidin nüfuz və iqtidarı nə qədər idi? Baxın, əziz və möhtərəm ruhani alimlərimiz necə də mələksima insanlar olmuşlar! Belə böyük qüdrət, heysiyyət, nüfuz, ehtiram və belə ali məqamdan Allaha, ilahi hədəf və məsuliyyətə, İslam və müsəlmanlara xatir üz çevirmişlər.

Hər ikisi mərcəilikdən kənarlaşıb deyir ki, Hacı Mirzə Həsən Şirazi, sən mərcəi-təqlid olmalısan! Əlbəttə, o da dünyapərəst insanlar kimi, qarşısına bir şey qoyulduqda, dərhal qapıb ələ keçirməyə hazır biri deyildi. Onun da ruhu digər mərcəi-təqlidlər kimi pak idi, o da müqəddəs və pak ruha sahib idi. Odur ki, deyir: “Axı mənim risaləm yoxdur, mən risalə yazmamışam!”

Özünü mərcəi-təqlidliyə hazırlamayıbmış, mərcəi-təqlid olmağı xəyalından belə keçirməyibmiş. Dedilər: “Eybi yox, nə olar, sənə təqlid edənlərə xəbər ver ki, altı ay bizim risaləyə əməl etsinlər, sən də bu altı ay ərzində risaləni tərtib et və mərcəi-təqlid ol.” Belə də oldu. Ayətullah Mirzə Şirazini mərcəi-təqlid seçdilər və onun qüdrəti, nüfuzu “Tənbəki müqaviləsi”ndə[4] (və tənbəkiyə qadağa fətvasında) özünü göstərdi. Alimin məqamı budur! Alimin durumu budur: “Güclü durbinlərlə, modern silahlarla, möhkəm ağıl və məntiqlə İslam qalasının gözətçisi olmaq.” Alimin İslamın müdafiəsində istifadə etdiyi silah nədir? Agahlıq, ayıqlıq, məntiq, elm, təqva, xalislik, paklıq və iffət. Bir alim bu xüsusiyyətlərə sahib olmalıdır. Əmirəlmöminin Əli (ə) insanlara tövsiyə edir və buyurur ki, keçmişə baxın, ehtiyatlı olun ki, bədbəxtliyə düçar olmayasınız, tarixi araşdırın.

Mərhum Şeyx Şərəfuddin Amilidən danışırdım. Bu agah və ayıq alim Livan və Cəbəl-Amilin durumunu gördükdə, bir cümlə işlədir: İslam cəmiyyəti elə zərbə aldığı yerdən də hidayət olunmalıdır:

لا یَنْتَشِرُ الْهُدی الاَّ مِنْ حَیثُ اِنْتَشَرَ الضَّلال

“Azğınlıq haradan yayılıbsa, hidayət də elə oradan yayılmalıdır.”

Nə üçün Livan şiələri zəif və zəlil idilər? Çünki savadsız və maarifsiz idirlər, ayıq deyildilər, kitab oxumurdular, öz hüquqlarından xəbərsiz idirlər. Onlar azad olsalar da, mənada ilişib-qalmışdılar. Küçə-bazarlarda gəzib dolansalar da, həqiqətdə dəyirman daşı kimi, yerlərində sayırdılar. Qarşıları və ruhlarında açıq üfüq, ayıqlıq və mərifət yox idi. Odur ki, ayılmalı, mərifət qazanmalı idilər. Görəsən, haradan başlamaq lazımdır? Sıfırdan; Bismilləhir-Rəhmənir-Rəhim deyib, ikiotaqlı evi mədrəsəyə çevirməli – birini özü və əhli-əyalı, birini də Livan uşaqları üçün. Həmin birotaqlı mədrəsə bu gün Livanda şiə təlimlərini mənimsəmək üçün xaricdən tələbə qəbul edən böyük universitetlərdən birinə çevrilmişdir. Bildiyiniz kimi, bu gün Livanda üç siyasi qüdrətdən biri dinin şərəfi Əllamə Şərəfuddinin səyi nəticəsində şiənin qüdrətidir. Qeyd etdiyim “Nə üçün müsəlmanlar o zaman elə, indi isə belədir və qayıdış yolu nədir?” – sualın cavabı İmam Əlinin (ə) kəlamının davamı sayılan Əllamə Şərəfuddinin qısa cümləsidir:

لا یَنْتَشِرُ الْهُدی الاَّ مِنْ حَیثُ اِنْتَشَرَ الضَّلال

“Azğınlıq haradan yayılıbsa, hidayət də elə oradan yayılmalıdır.”

Bədbəxtlik, pozğunluq və azğınlıq hansı dəlikdən yağıbsa, hidayət və doğru yolu da elə oradan – öyrənib-öyrətmək, dəyərli mətləbə malik qəzetlər, elmi kitablar, maarifləndirici kütləvi informasiya vasitələri sayəsində və Quranı, dini düzgün başa düşməklə – gətirmək lazımıdır.

Əmirəlmöminin Əlinin (ə) inqilabi sözləri

ذِمَّتِي بِمَا أَقُولُ رَهِينَةٌ وَ أَنَا بِهِ زَعِيمٌ

“Mənim əhdim dediyim sözlərin girovundadır və mən onların hamısına zəmanət verirəm.”

‏ إِنَّ مَنْ صَرَّحَتْ لَهُ الْعِبَرُ عَمَّا بَيْنَ يَدَيْهِ مِنَ الْمَثُلَاتِ حَجَزَتْهُ التَّقْوَى عَنْ تَقَحُّمِ الشُّبُهَاتِ

“Həqiqətən, ibrətlər hər kimə qarşısındakı cəzaları aydınlaşdırarsa (kim keçmişdəkilərin əməl və rəftarlarından, eləcə də pis aqibətlərindən ibrət alarsa), (şəxsi, əməli, fikri, ruhi, siyasi və ictimai) təqva onu şübhələr diyarına düşməkdən (şübhə və bədbəxtliklərə düçar olmaqdan) qoruyub-saxlayar.”

أَلَا وَ إِنَّ بَلِيَّتَكُمْ قَدْ عَادَتْ كَهَيْئَتِهَا يَوْمَ بَعَثَ اللَّهُ نَبِيَّكُمْ (صلى‏الله‏عليه‏وآله)

“Agah olun! Həqiqətən, sizin başınıza gələn bəla Allahın sizin Peyğəmbərinizi (s) seçdiyi gündə düçar olduğunuz bəlanın oxşarı kimidir.”

Bəla həmin bəla, xəstəlik həmin xəstəlik, bədbəxtlik də həmin bədbəxtlikdir, deməli, əlacı da eynidir. Bu, müqəddimədir. Hökumətlə bağlı məktub isə buradan başlayır:

وَ الَّذِي بَعَثَهُ بِالْحَقِّ لَتُبَلْبَلُنَّ بَلْبَلَةً وَ لَتُغَرْبَلُنَّ غَرْبَلَةً وَ لَتُسَاطُنَّ سَوْطَ الْقِدْرِ

“And olsun Peyğəmbəri haqq olaraq göndərənə! Bir-birinizə elə qarışacaqsınız, elə mat-məəttəl qalacaq, elə yıxılacaq, torpaq ələkdən keçdiyi kimi, elə ələnəcəksiniz ki,

حَتَّى يَعُودَ أَسْفَلُكُمْ أَعْلَاكُمْ

Sizdən ən aşağıda olan ən yüksək məqama yüksələcək.

وَ أَعْلَاكُمْ أَسْفَلَكُمْ

Sizdən ən yüksəkdə olan isə ən aşağı məqama enəcək.

(Fərz edin ki,) bizim üçün bir mağaza tikilib, vitrinə də mallar yığılmışdır. Ən başda sərvət sahibi olduğu üçün Əbdürrəhman ibn Ovfu, bir tərəfdə dualarına görə Təlhə ilə Zübeyri, digər tərəfdə də xəlifə ilə dostluğuna görə Osmanın qohum-əqrəbasını qoyublar. Əmmar, Bilal və Əbuzər isə ən aşağı vəzifədə yerləşdiriblər. Əbuzəri dağ-dərə və səhralara sürgün etdilər və elə oradaca vəfat etdi ki, Əbdürrəhman ibn Ovf külçə-külçə qızıllarla xoş güzəran keçirsin, Təllhə ilə Zübeyr dəbdəbəli həyat sürsün, Səd ibn Əbi Vəqqas ağalıq etsin... Əmmar Yasir və yaxud Abdullah ibn Məsud isə xəlifənin əli ilə döyülsün, qabırğaları sınsın. Bunun səbəbi Mərvan, Vəlid və başqalarının rahatlıqla ağalıq edə bilməsi idi. Mağaza üçün vitrin düzəltmiş, insanları təbəqələrə bölmüş, onların arasında ayrı-seçkilik yaradıb, onları bir-birindən ayıraraq bəzilərini yuxarıda, bəzilərini isə aşağıda yerləşdirmişlər; bəziləri tox, bəziləri isə ac olduqları halda ölməli idi! Əmirəlmöminin Əli (ə) buyurur ki, biz bu vitrini dağıdacağıq, alt-üst edəcəyik:

حَتَّى يَعُودَ أَسْفَلُكُمْ أَعْلَاكُمْ وَ أَعْلَاكُمْ أَسْفَلَكُمْ

“Aşağıdakları dindarlıq şərəfi ilə yuxarıda, yuxarıdakıları isə nifaq və fasiqlik damğası ilə aşağıda yerləşdirəcəyik.”

Bu, Əmirəlmöminin Əlinin (ə) proqramı idi; elan etdiyi vaxtdan icra etməyə başladı və şəhadətə yetdiyi vaxta qədər elə bu yolda da addımladı.

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə, Əmirəlmöminin Əlinin (ə) məqamına and veririk, bizi Əmirəlmöminin Əlinin (ə) ardıcıllarından et!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Sənin razı olduğun işlərdə müvəffəq et, səhlənkarlıqları, tənbəllikləri, süstlükləri və zəiflikləri bizdən uzaqlaşdır!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Özünün layiqli və saleh bəndələrindən et, layiqli və saleh bəndələrini həyatda qalib və müvəffəq et!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi şiə yaşat və şiə öldür!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, müvəffəqiyyətin, peyğəmbərliyin, İslamın, imanın, şiəliyin, imamlara itaət və məhəbbətin mənasını – bütünlüklə, İslamın həqiqi və dəyərli maarifini bizə anlat!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, müsəlmanların işlərindəki düyünləri aç!

Ardı var.. 

Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 

 

[1]. “Əmali”, Şeyx Səduq, səh.235 (azacıq fərqlə).

[2]. “Nəhcül-bəlağə”, xütbə 207 (bəzi nüsxələrdə xütbə 216.)

[3].“Nəhcül-bəlağənin şərhi”, İbn Meysəm, c.1, səh.297.

[4].Tənbəki ticarəti və istehsalının İngiltərənin inhisarında olması.