Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 13

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 

 
 
13-cü hissə
 

Əmirəlmöminin Əlinin (ə) hakimiyyəti dövründəki fitnələr

Əmirəlmöminin Əlinin (ə) bu cümləsini yalnız “Siffeyn” döyüşünə deyil, “Nəhrəvan” və “Cəməl” döyüşlərinə də aid etdikdə, cümlənin xarici nümunəsi həqiqi mənada öz yerini tutacaqdır. Belə bir meydanda döyüşmək olduqca çətindir. Hələ o gün (Əlmirəlmöminin (ə) sözügedən cümləni buyurduğu gün) Əli (ə) ilə döyüşənlər keçmişdə də Quran və İslamla döyüşürdülər. Əlbəttə, döyüş iştirakçılarının eyni olduğunu deməklə fərdlərin eyniliyini deyil, əksinə eyni təfəkkür tərzi və eyni sıranın adamları olduğunu nəzərdə tuturam. Bununla belə, onlardan bəziləri doğrudan da, vaxtilə açıq-aşkar Quran və İslamın əleyhinə döyüşənlər, “Ühüd” və “Bədr” döyüşlərində “u`lu Hubəl, u`lu Hubəl” (ucal Hubəl, ucal Hubəl) – deyə şüar verənlər idilər. Onların şüarları məşhur və hamının tanıdığı Hubəl bütünün adını daşıyırdı: Döyüş meydanına “Yaşasın Hubəl, yaşasın Hubəl! Ucalsın Hubəl, ucalsın Hubəl!” – şüarları ilə ayaq basırdılar. Bəli, müsəlmanlarla birgə “Əllahu ə`la və əcəll” (Allah daha uca və daha böyükdür)[1] – deyərək qılınclarını siyirib düşmənin özünün, Hubəlinin və şüarının əleyhinə döyüşmək və onları həlakətə uğratmaq çox asan idi. Bu gün isə həmin münafiq (ikiüzlü), qəlbi kafir, Allaha iman gətirməyən və sənin qibləni qəbul etməyənlər “Allah” şüarı ilə döyüş meydanına ayaq basmışlar. Bu gün necə? Bu gün belələrinin müqabilində dayanmaq üçün cəsarətlə, şücaətlə, imanla, qətiyyətlə meydana ayaq basa biləcəksən, ya yox? Əmirəlmöminin Əlinin (ə) məqsədi bu idi.

Tarixdən ibrət götürmək, onun ənənələrini öyrənməyin əhəmiyyəti

Tarixdən kənara çıxın. Əmirəlmöminin Əli (ə) haqqında danışmaqda yalnız tarixin nümunəvi şəxsiyyəti və o Həzrətin vəziyyəti ilə tanışlıq məqsədi güdülmür. Bu, elə də mühüm və zəruri bir məsələ deyil, mühüm olan tarixlə tanışlıqdır. Dəfələrlə demişik ki, İslamın nəzəri və dünyagörüşünə əsasən, tarixi qanunauyğunluqlar həmişə bərabər və eyni olub. Tarixə hakim bu qanun və ənənələr əsrlər boyunca, “tarix” adlı uzun zolağın əvvəlindən sonuna qədər həmişəyaşar və dəyişilməzdir. Əgər Əlinin (ə) zamanını tanıdınsa, Əlidən (ə) sonrakı və daha sonrakı zamandan tutmuş, öz zamanına və Qiyamətə qədər bütün zamanları tanıya biləcəksən.

Aşkar düşmənlə dost libasında olan (gizli) düşmən

Həmişə belə olub, bir qrup təməl fikir, azad fikir, qurucu və yaradıcı fikir müqabilində əlinə qılınc alıb dayanmışdır, çünki həmin fikri və onun carçılarını gücləri çatdıqca əzmək istəmişlər. Belələri üzbəüz dayanmış düşmənlərdir. Təbii ki, belə bir fikir və əqidəyə meyilli və bağlı olan hər bir kəs bu düşməni tanıyacaq. Həm Peyğəmbərimizin (s) zamanında o Həzrətlə üzbəüz döyüşən, həm də Əmirəlmöminin Əli (ə) və İmam Sadiqin (ə) zamanında da onlarla döyüşən və mübarizə aparan düşmənlər olmuşdur. Şiəlik qarşısında xalis və maskasız düşmənlər mübarizə aparmış, ona qarşı çıxaraq düşmənçilik etmişlər. Belələri üzbəüz döyüşən və aşkar düşmənlər sayılırlar.

Üzbəüz düşmənin təhlükəli olmadığını demirəm. Onlar da təhlükəlidir, amma təhlükəsi ikinci növ düşməndən azdır. Bu gün kimsə sizə şiəliyin əleyhinə danışmaq, şiəyə nalayiq söz demək, şiəliyi gözdən salmaq, imamınızı söymək, dininizi istehza etmək istəsə, siz onunla nə edərsiniz? Əlbəttə, İslamın ilkin vəzifələrini yerinə yetirməkdə özü aciz qalan bugünkü müsəlmandan[2] danışmağa dəyməz. Düzgün və qorxmaz müsəlman bu hörmətsizliklər – bu söyüşlər, yaramazlıqlar və müxalifətçiliklər müqabilində nə edər? Aydındır. Müxalifətçilik müqabilində müxalifətçilik edər. Amma bir növ düşmən var ki, olduqca təhlükəlidir. O, hansı düşməndir? O düşmən gizlidir, üzbəüz gəlmir, düşmənçilik libası geyinmir, insan qarşısında qılınc qaldırmır, əksinə dostluq, qayğı və tərəfdarlıq libasında, hətta həqiqi və doğru şüarlarla meydana qədəm qoyur. Bu, olduqca təhlükəlidir:

وَمِنَ النَّاسِ مَن يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ

“İnsanlardan eləsi vardır ki, onun dünya həyatı ilə bağlı sözləri səni təəccübləndirər. O, qəlbində olana da Allahı şahid tutar. Halbuki o, düşmənlərin ən qəddarıdır.”[3]

Belə düşmən and da içir, sevgi nümayiş etdirir, bəzən, həqiqi tərəfdardan da artıq əl-ayağa düşür, xidmət göstərir, halbuki o, وَهُوَ أَلَدُّ الْخِصَامِ – düşmənlərin ən inadkarı, ən qəddarı və təhlükəlisidir. Bu cür düşmənlər elə ilk günlərdən İslamla birgə olmuşlar. Əmirəlmöminin Əli (ə) bu məqamlardan birinə toxunaraq buyurur:

وَ قَدْ فُتِحَ بَابُ الْحَرْبِ بَيْنَكُمْ وَ بَيْنَ أَهْلِ الْقِبْلَةِ

“Həqiqətən, sizinlə qiblə əhli arasında müharibə başlanmışdır.”

Belə bir məqamda məsələ olduqca çətinləşir. Əmirəlmöminin (ə) növbəti cümlədə qurtuluş yolunu göstərir, indi onu sizin üçün oxuyacağam. Bu, nümunələrdən biridir.

İmam Sadiqin (ə) düşmənləri belə idi. O Həzrət buyurur ki, bizim hər birimiz yalançı insanla üz-üzə qalmışıq:

لَا نَخْلُو مِنْ كَذَّابٍ يَكْذِبُ عَلَيْنَا

“Heç birimiz özünü dost kimi göstərən xəbis və yalançı bir insandan uzaq deyilik.”[4] Danışanda bizə istinad edir, bizim adımızdan danışır, bizə tərəfdarlıq etmək üçün bir söz deyir, amma bizə qəlbən nifrət edir.

İmam Sadiqdən (ə) bu məzmunda bir neçə hədis nəql olunmuşdur. Bəziləri İmam Sadiqlə (ə) üzbəüz düşmənçilik edirdi; Mənsur Abbasi, Hişam ibn Əbdülməlik və dövrün digər qüdrət sahiblərini – istər ruhani, istərsə də siyasi qüdrət sahiblərini – buna misal göstərmək olar. Bu olduqca aydın bir məsələdir. Əbu Hənifə və Əbu Yusif Qazi kimilər hər yerdə çəkinmədən, açıq-aşkar İmam Sadiqi (ə) pisləyir, gözdən salırdı, bunu həm sözdə, həm də əməldə göstərirdi. Bəziləri isə dostluq libasında İmam Sadiqlə (ə) döyüşürdü. Onlar daha təhlükəli idilər. Daha təhlükəli olduqlarının səbəbi də budur ki, İmam Sadiqin (ə) tərəfdarları üzbəüz (aşkar) düşməni tanıyırdı, amma münafiq, riyakar və dostluq libasındakı düşməni tanımaq çətin olduğundan, zərbəni də ondan alırdılar. Hər zaman belə olub. Müsəlmanlar dost simasında olan gizli və məxfi düşmənlərini tanımaq üçün mütləq gözlərini açmalı, ayıq olmalıdırlar və bu da olduqca çətin bir işdir.

Fitnə zamanı müvəffəqiyyət rəmzi – Səbir və bəsirət

وَ قَدْ فُتِحَ بَابُ الْحَرْبِ بَيْنَكُمْ وَ بَيْنَ أَهْلِ الْقِبْلَةِ

“Həqiqətən, sizinlə zahirdə eyni əqidəni daşıyan qiblə əhli arasında döyüş başlanmışdır.”

Bu gün sizin qarşınızdakı düşmən aşkar, aydın və bəlli deyil, əksinə işi və şüarı oxşar, məsləki də sizinlə eynidir. Belə düşmənlə döyüşmək çox çətindir. Əmirəlmöminin Əli (ə) belə düşmənlə mübarizə aparmağın yolunu bizə öyrədir və göstərir.

وَ لَا يَحْمِلُ هَذَا الْعَلَمَ إِلَّا أَهْلُ الْبَصَرِ وَ الصَّبْرِ

“Bu bayrağı yalnız iki xüsusiyyətə sahib olan bir camaat əlində daşıya bilər: Birincisi bəsirət və ayıqlıq, ikincisi də səbir və müqavimətdir.”

Əgər insan zahirdə dost, məslək, əqidə və xəttində iltizamlı, batində isə həmin məslək və əqidəyə düşmən olanların tələsinə düşməmək və onları tanımaq istəyirsə, ayıq olmalıdır. Bu gün dünyanın hər bir məntəqəsində yaşayan müsəlmanların İslam dünyasını əzmək istəyənlər tərəfindən ortaya atılan qəribə siyasət müqabilində ən mühüm vəzifələri budur ki, bəsirət, mərifət və agahlıqlarını gücləndirsinlər. Müsəlmanlar başa düşmək və hər şeydən xəbərdar olmaq üçün çalışmalıdırlar. Ayıq olmasalar, həyat yolları aydın olmayacaq; müsəlman diqqətli və ayıq olmayınca, gözünü açmayınca, cürbəcür sima və libasda olan düşməni tanıya bilməyəcək. Biz bu gün istənilən libasda – hətta dost və sevgi libasında, carçı və iddiaçı libasında – olan düşmənlərimizi, dinimizin, Quranımızın və “Nəhcül-bəlağə”mizin düşmənlərini həmişəkindən daha çox tanımağa ethiyaclıyıq. Dinin, Quranın və İslam cəmiyyətinin bugünkü mütərəqqi düşmənləri onlardan bəsirət və ayıqlığı almaq, onları səriştəsiz və qəflətdə böyütmək, başlarını zahiri əməllərə qatmaq, təfəkkür və düşüncədən uzaqlaşdırmaq üçün əllərindən gələni əsirgəmədikləri kimi, biz də Quranın və Əmirəlmöminin Əlinin “Nəhcül-bəlağə”dəki göstərişləri, Əhli-beyt (ə) məktəbinin buyruqları əsasında bəsirətimizi, məlumat və ayıqlığımızı daha da artırmalıyıq. Heç vaxt “Bir daha fikriləşməyəcəm!”, “Mənə nə!”, “Başa düşdüm ya düşmədim, nəyimə lazım!” – deməyin. Heç vaxt deməyin ki, o, belə dediyi, bu elə dediyi üçün, demək, düz deyib. Çalışın özünüz düşünün. Təqlid olunan füruid-din istisna olmaqla, dinin heç bir məsələsində təqlid yoxdur. Biz yalnız füruid-dində – fənn əhli, mütəxəssisin (müctəhidin) İslam cəmiyyəti üçün bəyan etdiyi hökm və qərarlarda təqlid etməliyik, bundan başqa, digər dini məsələlərdə təqlid yoxdur. Hər bir şeyi bilmək, başa düşmək, tanımaq, din yolunda bəsirətli olmaq bir zərurətdir. Bu yolda dərrakə və təfəkkürlə addım atmaq lazımdır ki, Allahın düşməni insanı bu yoldan döndərməyi, “din” adı ilə başqa bir yolu bizə yeritməyi bacarmasın:

وَ لَا يَحْمِلُ هَذَا الْعَلَمَ إِلَّا أَهْلُ الْبَصَرِ وَ الصَّبْرِ

“Bu mübarizə və cihad bayrağını bəsirət və səbir əhlindən başqası daşıya bilməz.”

İkinci şərt isə dözümlü olmaq, müqavimət göstərməkdir. Səbri müqavimət kimi mənalandırdıq. Azğın əqidələr, məhdud düşüncələr, şeytani vəsvəsələr və dünyəvi bərbəzəklər müqabilində möhkəm olmaq, insanı Allah yolundan uzaqlaşdıran hər bir zərbəyə dözmək “müqavimət” adlanır. Səbrin mənası bu növ müqavimətdir.

إِلَّا أَهْلُ الْبَصَرِ وَ الصَّبْرِ

Birinci bəsirətli, sonra da möhkəm olmalısan. Ayıq və möhkəm olmasan, zəhmətin yenə puça çıxacaq. Bilirsənsə, alim və məlumatlısansa, amma sənə yeridilənlərə aldanırsansa, nəfsani və şeytani cazibədarlıqlara vurğun olursansa, açıq düşüncə ilə məsələni araşdırdıqdan sonra araşdırmalarının üzərində dayanmırsansa, həmin yolda hərəkət etmirsənsə və müqavimət göstərmirsənsə, bədbəxt və biçarəsən! Həm bəsirət, həm də səbir əhli olmaq lazımdır.

Bəsirətə, agahlığa, aydın və doğru düşüncəyə, dərrakəyə, elm və mərifətə sahib olan, amma nəfsləri xəbis və çirkin olanların şeytani istəkləri o qədər güclü və o qədər onlara hakimdir ki, onlara asanlıqla hər bir şeyi yeridə bilirlər. Anlayan, lakin iltizamlı olmayan aydın düşüncə sahibi hər bir alçaq və iyrənc insandan da alçaq və iyrəncdir. Görüb düşünən və anlayan, amma məsələlərə məsuliyyətsiz və iltizamsız yanaşan aydın düşüncə sahibi Qurani-Kərimdə adıçəkilən dördayaqlıdan[5] da səviyyəsizdir:

قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًاو الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا

“(Ey Peyğəmbər!) De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini zənn edirdilər.”[6]

Aydın düşüncədən azca pay aparan, ağı-qaradan ayırd edən, lakin iltizamsız, qətiyyətsiz, sözünün üstündə durmayan, məsuliyyət anlamayan, arsızlıq, təlxəklik, zəlillik və bədbəxtliklə ömür sürən, adının ayıq insan kimi hallanması, alim və agah insan kimi tarixə düşəcəyi təfəkkürü ilə qürrələnən insanlar alçaqdan da alçaqdırlar. Anlamayan, bilməyən və yolu tapmayan insandan söz getmir, amma anlayıb günah edən, dərk edib xətaya qurşanan məsuliyyətsizdir, məsuliyyət yükünün ağırlığını öz çiyinlərində hiss etmir.

Bir sözlə, belə bir mövqedə – mübarizə bayrağını əlinə alıb inadkar və zahirdə düşməçiliklərini büruzə verməyən gizli düşmənlərlə döyüşməyin iki mühüm şərti vardır: الْبَصَرِ وَ الصَّبْرِ – ayıqlıq və müqavimət.

وَ لَا يَحْمِلُ هَذَا الْعَلَمَ إِلَّا أَهْلُ الْبَصَرِ وَ الصَّبْرِ

“Bu (mübarizə) bayrağı(nı) bəsirət və səbir əhlindən başqası daşıya bilməz.”

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizə kamil ayıqlıq bəxş et!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Muhəmməd və ali-Muhəmmədlə məhşur et!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi dünya və axirətdə onların arıdıcıllarınadan et, bizi onların nuru və bəsirəti ilə bəhrələndir!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, İslam, Quran və müsəlman xalqının düşmənlərini, onların bəsirət və ayıqlığına qarşı olan düşmənlərini həlak et!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, ayıq olmaq, ayıltmaq və ayıq addım atmaq üçün bizim hamımıza ciddi əzm və qətiyyət bəxş et!

İlahi! Mövlamızın zühurunu tezləşdir!

 

7

İSLAM İNQİLABINDA QURANİ-KƏRİMİN MÖVQEYİ[7]

Bağişlayan və mehriban Allahın adı ilə!

وَ خَلَّفَ فِيكُمْ مَا خَلَّفَتِ الْأَنْبِيَاءُ فِي أُمَمِهَا إِذْ لَمْ يَتْرُكُوهُمْ هَمَلًا بِغَيْرِ طَرِيقٍ وَاضِحٍ وَ لَا عَلَمٍ قَائِمٍ كِتَابَ رَبِّكُمْ مُبَيِّناً حَلَالَهُ وَ حَرَامَهُ وَ فَرَائِضَهُ وَ فَضَائِلَهُ وَ نَاسِخَهُ وَ مَنْسُوخَهُ وَ رُخَصَهُ وَ عَزَائِمَهُ‏ وَ خَاصَّهُ وَ عَامَّهُ وَ عِبَرَهُ وَ أَمْثَالَهُ وَ مُرْسَلَهُ وَ مَحْدُودَهُ وَ مُحْكَمَهُ وَ مُتَشَابِهَهُ مُفَسِّراً جُمَلَهُ وَ مُبَيِّناً غَوَامِضَهُ بَيْنَ مَأْخُوذٍ مِيثَاقُ عِلْمِهِ وَ مُوَسَّعٍ عَلَى الْعِبَادِ فِي جَهْلِهِ وَ بَيْنَ مُثْبَتٍ فِي الْكِتَابِ فَرْضُهُ وَ مَعْلُومٍ فِي السُّنَّةِ نَسْخُهُ وَ وَاجِبٍ فِي السُّنَّةِ أَخْذُهُ وَ مُرَخَّصٍ فِي الْكِتَابِ تَرْكُهُ وَ بَيْنَ وَاجِبٍ بِوَقْتِهِ وَ زَائِلٍ فِي مُسْتَقْبَلِهِ[8]

 

Əmirəlmöminin Əlinin (ə) insanları Quran barəsində düşünməyə təşviq etməkdə hədəfi

Dəyərli “Nəhcül-bəlağə”nin bir neçə yerində Qurani-Kərim haqqında söz açılmışdır. “Nəhcül-bəlağə”də Qurani-Kərimlə bağlı ilk söz və məqam qeyd etdiyimiz ifadədədir. Əlbəttə, demək olar ki, Əmirəlmöminin Əli (ə) hər dəfə Qurani-Kərim barəsində yeni söz demişdir. Burada da insanların Qurani-Kərimdən yapışmalı, onu öyrənməli və onun barəsində düşünməli olduğu haqda söz açılıb. Başqa bir yerdə isə o Həzrət bu məsələni son dərəcə təkidlə vurğulamışdır. Keçmişdə söz açdığımız və tərcümə etdiyimiz “Nəhcül-bəlağə”nin bəzi hissələrində insanlar Qurani-Kərimin hər bir ayəsinin üzərində ayrı-ayrılıqda düşünüb onu başa düşməyə ciddiyyətlə təşviq olunduğu halda, burada Qurani-Kərim üzərində düşünmək və bir sənəd olaraq ona üz tutmaq vəzifəsindən deyil, başqa bir mövzu haqqında danışılır. Deyə bilərik ki, “Nəhcül-bəlağə”nin bu xütbəsində Qurani-Kərimin İslam inqilabındakı mövqeyindən söhbət açılır və biz burada sizin əlinizdəki vərəqdə qeyd olunan ifadəni qısa şəkildə şərh etməklə kifayətlənəcəyik.

Peyğəmbəri-Əkrəmin (s) işi – Cəmiyyətdə inqilabi hərəkat

İslamda Quranının mövqeyi haqqında danışacağıq. İslam Peyğəmbəri (s) aləmlərin Rəbbinin əmri ilə islami hərəkata başlayır və öz dövrünün cahil cəmiyyətində köklü dəyişiklik yaradır. Bu hərəkat hansı məqsədlə baş verir? Görəsən, cəmiyyəti başdan-ayağa əhatə edən bu heyrətamiz inqilab və hərəkat Allah-Taala tərəfindən necə vacib olur?

Cahil cəmiyyətdə mövcud nöqsanlar onu insanın yaşaması üçün əlverişli cəmiyyət formasından çıxarmışdı. İnsanların yaşadığı “cəmiyyət” adlı quruluş bir xurmalıq və yaxud bir bağda əkilən fidanları xatırladır; həmin fidanlar inkişaf etməli, torpaq, hava, işıq (istilik) və sudan həyatın davamı üçün lazım olan enerjini almalıdır ki, meyvə verə bilsin. Əgər bu bostana daxil olan mahir bir bağban orada əkilən ağacların torpağının qeyri-münbitliyini, ağaclara verilən suyun miqdarının qeyri-düzgün paylanılmasından ağacların eyni qaydada suvarılmadığını, bəzilərinin susuzluqdan solduğunu, bəzilərinin də suyun çoxluğundan çürüdüyünü, həmçinin bu bağın işıq və istiliyinin qeyri-mütənasibliyini, onun quruluşu və ekoloji şəraitinin münasib olmadığını və ağacların inkişafına mane olan alaq otlarının bağın hər tətəfində bitdiyini – bir sözlə, bağın münasib şəraitdə olmadığını gördükdə, dərin, əsaslı dəyişikliklər aparmaq qərarına gəlir. Nə üçün? Çünki bağı, bostanı, ağacları, gülləri və bitkiləri inkişaf edib yaşaya biləcək, səmərəli olub meyvə verəcək, müxtəlif bəla və xəstəliklərdən amanda qalacaq bir vəziyyətə gətirmək istəyir.

Peyğəmbərlər də eynilə bu işi insan cəmiyyətində görmək üçün göndərilmişlər. Peyğəmbər cəmiyyətin bataqlıqda olduğunu, yaxud insanların alaq otları vasitəsilə inkşaf edə bilmədiyini, cəmiyyətdə bitkilərin nəfəs alması üçün hava çatışmazlığını, suyun kifayət qədər olmadığını, bəzilərinin solub məhv olduğunu, bəzilərinin də çoxlu su içdiyindən səmərəsiz hala düşdüyünü görürlər.

Həmçinin cəmiyyətin günəş şüasından məhrum olduğunu, zəruri qida məhsullarının tapılmadığını, sosial təbəqələşmənin hakim kəsildiyini, cəmiyyətin zülmə məruz qaldığını, insanların düşüncə və əməlinin yanlış ənənələrlə örtüldüyünü, bir sözlə, cəmiyyətə fəsad və pozğunluqların hakim olduğunu gördükdə, həmin cəmiyyətdə dəyişiklik və inqilab, ictimai münasibətlərdə dönüş yaratmaq, yanlış ictimai münasibətləri düzəltmək, sosial təbəqələşməni aradan qaldırıb ictimai ədaləti formalaşdırmaq, insan təkamülü üçün ətraf mühiti, ab-havanı saflaşdırmaq fikrinə düşürlər. Beləliklə, insanları müəyyən olunmuş yerə – vəd olunmuş ilahi kamala ucaltmaq üçün istiqamətləndirirlər. Şübhəsiz, bunlar peyğəmbərlərin işləridir.

Beləliklə, cəmiyyətdə zühur edən peyğəmbərin nəzərindəki bir sıra meyar və kriteriyalar onun inqilabının prinsiplərini təşkil edir və o, həmin prinsiplər əsasında fəaliyyət göstərir. Əgər ondan: “Sən bu cəmiyyətdə nə etmək istəyirsən?” – deyə soruşulsa, belə cavab verəcək: “Mən bu cəmiyyətdə şirkin kökünü kəsmək, insanın insana pərəstişinə son qoymaq, tövhid prinsiplərini möhkəmlətmək, insanlıq kəraməti və şərafətini təmin etmək istəyirəm. İstəyim bu cəmiyyətdə hər kəsin öz insanlıq haqlarına yiyələnməsi, heç kimin başqası tərəfindən zülmə, haqsızlığa, təcavüzə və istismara məruz qalmaması, hər kəsin hüquq bərabərliyinə təminat verilməsi və insanların azadlığının təmin edilməsidir; “insan” adlı bu fidanın təkamülə çatması və Allah-Taalanın onun varlığında qoyduğu bütün imkan və potensiallarının reallaşdırılması və genişləndirilməsi üçün ona böyük bir meydan verilməsidir. Əgər peyğəmbərdən: “Sən nəçisən? Nə etmək istəyirəsən?” – deyə soruşularsa, buyuracaq ki, cavab aydındır və işlərini bir-bir saymağa başlayacaq. Əlbəttə, qeyd etməliyik ki, nübuvvət mövzusu olduqca genişdir.

Peyğəmbər cəmiyyətə hakim mənfi mühiti dəyişmək və ilahi məktəbə əsaslanan bir quruluş formalaşdırmaqla öz hədəflərini tətbiq edir. O bilir ki, cəmiyyətdə yalnız özünü düşünən mənfəəttələb təbəqə varsa, sosial təbəqələşmə də olacaqdır. Əgər cəmiyyətdə ictimai nəzmin gözətçiləri düzgün yolda deyillərsə, mütləq cəmiyyətin nəzmini pozub, yeni nizam, yeni quruluş yaratmalıdır. Misal üçün, Mədinədə şirkə bulaşmış nadan ərəb cəmiyyətini səfalı allahpərəst bir cəmiyyətə çevirir və Mədinə cəmiyyətini təşkil edir. Bir peyğəmbərin işinə nümunə budur! Bir sözlə, ilahi peyğəmbərlərin tarix boyu hədəfləri bu olmuş və oxşar hədəflər üzrə fəaliyyət göstərmişlər. Bu qeyd edilənlər müqəddimədir və bunu diqqətdən qaçırmayın.

 

Ardı var.. 
 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 


[1]. “Xisal”, c.2, səh.397.

[2]. Şah dövrünə işarədir.

[3]. “Bəqərə” surəsi, ayə 204.

[4].“Biharul-ənvar”, c.2, səh.217.

[5].Bax: “Ənfal” surəsi, ayə 22.

[6].“Kəhf” surəsi, ayə 103-104.

[7]. “Nəhcül-bəlağə”, xütbə 1 – 1974/11/15.

[8]. “Nəhcül-bəlağə”, xütbə 1.