Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 22

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 
 
 
22-ci hissə
 

11

“NƏHCÜL-BƏLAĞƏ”DƏ HAQQ VƏ BATİL[1]

Bağişlayan və mehriban Allahın adı ilə!

حَقٌّ وَ بَاطِلٌ وَ لِكُلٍّ أَهْلٌ فَلَئِنْ أَمِرَ الْبَاطِلُ لَقَدِيماً فَعَلَ وَ لَئِنْ قَلَّ الْحَقُّ فَلَرُبَّمَا وَ لَعَلَّ وَ لَقَلَّمَا أَدْبَرَ شَيْ‏ءٌ فَأَقْبَلَ شُغِلَ مَنِ الْجَنَّةُ وَ النَّارُ أَمَامَهُ سَاعٍ سَرِيعٌ نَجَا وَ طَالِبٌ بَطِي‏ءٌ رَجَا وَ مُقَصِّرٌ فِي النَّارِ هَوَى الْيَمِينُ وَ الشِّمَالُ مَضَلَّةٌ وَ الطَّرِيقُ الْوُسْطَى هِيَ الْجَادَّةُ[2]

Tarixi qanunauyğunluqlarla tanışlığın əhəmiyyəti

Əmirəlmöminin Əlinin (ə) xütbəsinin bu hissəsində bəyan etdikləri (istər öz zamanı, istərsə də sonrakı zamanlarda) eşidənlərin qəlbinə böyük ümid və rahatlıq bəxş edir. Bu xütbədə bir neçə tarixi qanunauyğunluqlar göstərilir. İmam Əlinin (ə) bu xütbəni bəyan etdiyi zaman hansı mövqedə olduğunu nəzərə alaraq onu şərh edəcəyik. Həmişə tarixi dərslərdən ibrət alarkən, onun mütləq indiki zamanda bəyan edilməsini nəzərə almamalıyıq. Tarix təkrar lentdir. Tarixdə ilahi qanunauyğunluqlar həmişə eynidir və insanlar onlara qarşı çıxmırlar. Demək, Mövla Əlinin (ə) zamanına aid olanlar bu günə də aiddir və Qiyamətə qədər də belə davam edəcək. Ən yaxşısı, o Həzrətin öz zamanında buyurduqlarını öz zamanımıza tətbiq etməyimizdir.

Cəmiyyətin yenidən İmam Əliyə (ə) üz tutmasında agahlıq bəxş edən amillərin rolu

Cəmiyyət bir müddət keçdikdən sonra haqqa doğru addımladı və haqq evinə çatdı. Haqq yoluna qədəm qoymayan haqqa çatmaz. Nəhayət, müxtəlif amillər nəticə verdi. Vəhy və nübuvvət evindən, hidayət ocağından uzaq düşən cəmiyyət yenidən onları məqsədə çatdıra biləcək yeganə yola ayaq basdılar. Görəsən, buna nə səbəb oldu? Osmanın zalımanə siyasətimi, yoxsa Əlinin (ə) tərəfdarlarının təbliğatı və camaatın zaman baxımından Peyğəmbər (s) təlimlərinə yaxın olmasımı? Əksəriyyət cəmiyyətin Əliyə (ə) üz tutmasını yalnız ədalətsiz və zalımanə siyasətlə əlaqələndirir. Lakin belə bir siyasət insanları həmişə ayıltmayıb. Səadət və xoşbəxtlik mənzilinə çatmaq istəyən cəmiyyət həmişə təqib və təzyiqlərə etirazını bildirməyib. Ayıqlıq, bəsirət və maarif olmadıqda, təqib və təzyiqlər hiss və dərk olunmur. Bəlkə də başınıza gəlib, bəzən insanın dişi və yaxud başqa bir üzvü yatmaq istədiyi (yarıyuxulu olduğu) vaxt ağrımağa başlayır. İnsan həmin vaxt çox ağrı və əziyyət çəkir, amma səbəbini bilmir. Ağrını hiss etsə də, niyə məhz həmin vaxt ağrının başladığını dərk etmir. Bəzən insanlar bu hala düşürlər. Bir ümməti səadət və qurtuluşa yönləndirən səbəb yalnız ağrı deyil, ağrının səbəbini də duymaq lazımdır; başqa sözlə, cismin hissiyyatı ilə yanaşı intiusiya, əqlin hissiyyatı da lazımdır. Buna görə də, düşünürəm ki, insanların Əmirəlmöminin Əliyə (ə) üz tutması yalnız Osmanın çirkin siyasətindən qaynaqlanmırdı, agahlıq bəxş edən digər amillər də mühüm rol oynayırdı.

Bəs insanları ayıldan kim idi? İnsanları xoşbəxtlik açarına doğru yönləndirən kim idi? Əmirəlmöminin Əlinin (ə) özü!

Əmirəlmöminin Əli (ə) kimi bir şəxsiyyətin hakimiyyətdə olmasının təsiri

Hər bir cəmiyyətdə Əli ibn Əbitalib (ə) kimi bir şəxsiyyət olarsa, bütün qüvvələrin, mütəfəkkir beyinlərin, danışan dillərin, yazar əllər və qələmlərin, müxtəlif qəlblər və fikirlərin düzgün bir hədəfə sarı addımlaması mümkün bir haldır. Əgər hakimiyyətdə olan həmin şəxs qeyd edilən bütün bu qüvvələri işə yönəldərsə və Əli (ə) kimi bir şəxs idarəçilik sistemini onun amallarına kökləyərsə, belə bir cəmiyyətdə, sözsüz, bütün mövcud qüvvələr doğru yolda addımlayacaq və düzgün işləyəcək. Əgər həmin şəxs hakimiyyətdə olmasa da, cəmiyyətdə Əmirəlmöminin Əli (ə) kimi bir şəxsiyyətin varlığı mütəfəkkirlərin, natiqlərin və yazarların haqq yola yönəlməsinə kifayətdir. Əlbəttə, yalnız varlığının olmasını nəzərdə tutmuram, çünki bəzən var olmaq daha da təhlükəli, daha da zərərlidir. Həyat bəxş etməyən mövcudluq var olmamaqdan daha da təhlükəlidir. Nə üçün təhlüklədir? Çünki olmadığı zaman hamı “yoxdur” – deyə düşünəcək. Amma var olduğun halda, yoxluğunu hiss etdirdikdə, “var idi, amma bir söz demədi” – deyəcəklər. Odur ki, mövcudluğunu təsdiqləməli, məsuliyyət hiss etməlidir. Cəmiyyətdə kimin agahlığı artıqdırsa, məsuliyyəti artıq, rəftarı təsirlidir. Beləliklə, bu agahlığı cəmiyyətə Əmirəlmöminin Əli (ə) özü bəxş etmişdi. Əgər yadınızdadırsa, tarixdə göstərilir ki, Misirdən şikayət üçün Mədinəyə gələn, sonra da Osmanın hakimiyyətinin əleyhinə hərəkətə keçən qoşuna Malik Əştər kimilər rəhbərlik edirdi. Cəmiyyətdə dəyişiklik yaradanlar, onların əllərindən yapışıb Əmirəlmömöminin Əlinin (ə) evinə tərəf aparanlar onlar idilər. Bir sözlə, cəmiyyət özünə gəldi və Əmirəlmöminin Əlini (ə) bir həddə tanıya bildi.

Əmirəlmöminin Əlinin (ə) keçmiş xəlifələrin mənfi vərdiş və ənənəsinin izlərini aradan aparmaqda hədəfi

Əmirəlmöminin Əli (ə) cəmiyyətlə danışmaq fürsətini qazanır. Bu cəmiyyət iyirmi beş il – bir əsrin dörddə biri qədər azğın və haqsız bir quruluşun tabeçiliyində yaşamışdı. Camaat yavaş-yavaş düz xətdən, haqq yoldan uzaqlaşmışdı. Məgər iyirmi beş il az bir vaxtdırmı? Məgər zarafatdırmı? Əmirəlmöminin Əli (ə) özü buyurur:

يَهْرَمُ فِيهَا الْكَبِيرُ وَ يَشِيبُ فِيهَا الصَّغِيرُ وَ يَكْدَحُ فِيهَا مُؤْمِنٌ حَتَّى يَلْقَى رَبَّهُ

“Qocaları həlak edən, gəncləri qocaldan və möminlərin ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlıqdan ibarət bir mühit yaranmışdı.”[3]

Əmirəlmöminin Əlinin (ə) kəlamında bu dövran kor qaranlıqdan ibarət idi. Bizim indi – 13 əsrdən sonra gördüklərimizi o Həzrət yaxından görmüş və bu dövranı “kor qaranlıq” adlandırmışdı. Düzdür, Müaviyənin zamanına nisbətdə yaxşı, Yezidin zamanında mühit daha acınacaqlı olsa da, tarix bir çox Müaviyələr, Yezidlər və onlardan daha da pisini görsə də, bildiyiniz kimi, hər hansı bir hadisəni ona uyğun zaman və məkan şəraitinə mütənasib araşdırmaq lazımdır. Güclü bir insana adi halda, xüsusilə, zarafat zamanı bir şillə vurmaq böyük bir cinayət sayılmaz, amma xəstələnmiş hörmətli, izzətli və alicənab bir şəxsə bir şillə vursan, onu əldən salıb öldürəcək və bu günah qəsdən qətlə yetirməyin günahı qədərdir. O çevrilişin necə təhlükəli və zərərli bir şəraitdə baş qaldırdığını yaxşı bilirsiniz.

Bu dövran iyirmi beş il davam etdi və bu müddət ərzində camaat çirkin şərait və atmosferdə böyüyüb boya başa çatmışdı. İyirmi beş ildən sonra isə Əmirəlmöminin Əli (ə) belə bir cəmiyyətə rəhbərlik etmək istəyir. Deyə bilərsiniz ki, o Həzrət də Peyğəmbəri-Əkrəmin (s) zamanındakı kimi, əmr və qadağalar etsin, camaatı tərbiyələndirsin və idarə etsin, amma bu mümkündürmü? Nadan bir tarixçi yazır ki, Əli ibn Əbitalibin siyasəti yox idi, Müaviyə və digər rəqibləri ilə necə rəftar edəcəyini bilmirdi. Elə bəzi nadan insanların təsəvvüründə yaranmış çürük qəzavətlər də hadisələrin təfərrüatını araşdırmayan bir qrup nadan tarixçi və şərqşünasın əsassız sözlərindən ilham almış və formalaşmışdır.

Məsələnin məğzi bundan ibarətdir ki, məslək və ilahi məqsədlərini hər şeydən üstün tutan bir rəhbər iyirmi beş il düzgün tərbiyə almayan, haqq və həqiqətdən uzaq düşən bir cəmiyyətlə üzləşirsə, deməli, bu cəmiyyət üzərində çox işləməli, mümkün qədər lazımi mətləbləri onların beyninə və qəlbinə yeritməli və öyrətməli idi.

Fəal təqva – Əmirəlmöminin Əlinin (ə) tövsiyəsi

Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”nin bu və digər xütbələrində yaradılışın qanunauyğunluqları, təqva və yanlışlıqların rolu haqqında geniş danışır. Odur ki, “Nəhcül-bəlağə”ni mütaliə etdikdə, başqa bir ləzzət duyursan. Rəvayətlər çoxdur, “Nəhcül-bəlağə” də rəvayətdir, bunu dəfələrlə demişik, amma onun ləzzəti tamamilə fərqlidir. Bu, ayılıb zamanla birgə addımlaması vacib olan yatmış cəmiyyətin bədəninə vurulan bir qırmancdır. Əmirəlmöminin Əli (ə) təkamülə doğru sürətlə addımlayır və bu yolda onunla birgə addımlamağı bacarmalısan. Bu da yuxulu cəmiyyətin işi deyil! Bu gün ayıq insan “Nəhcül-bəlağə”ni, o Həzrətin kəlamını başa düşür, yatmış insan isə laylaydan başqa, heç nə anlamır. Həzrət inqilabi asketizm, inqilabi təqva və inqilabi həyat haqqında danışdıqda, bəziləri bir guşəyə çəkilib, yalnız özü ilə, fərdi raz-niyazla məşğul olduğunu düşünür. Əmirəlmöminin Əli (ə) bir yerdə “Gedin, evlərinizdə əyləşin” – deyə buyurduqda, nadan bir şəxs bu cümləyə istinadən dillənir ki, axı nə üçün İmam Əli (ə) “Gedin, evlərinizdə əyləşin” – deyə buyurmuşdur? Əgər o Həzrət “Gedin, evlərinizdə əyləşin” – deyə buyurmuşdursa, özü cəmiyyətin içinə daxil olmaz, camaatı da arxasınca çəkib aparmazdı. Əmirəlmöminin (ə) nə demək istədiyini anlamır, hələ də özünü o Həzrətin şəraiti – on üç əsr öncə ilə tətbiq edə bilmir. Bəli, Əmirəlmöminin Əlinin (ə) kəlamı mənalarla doludur, bir cəmiyyətə lazım olan oyaqlıq, ayıqlıq, şüur, zamanın rolu, zəruri məsələlərin gerçəkləşməsində qaçılmaz olan iş və hadisələrin duyulması ilə bağlı agahlıqlar və maariflə zəngindir.

Keçən həftənin Bazar etrəsi axşamı elə burada oxuduğum bu xütbənin öncəki cümləsində Əmirəlmöminin Əli (ə) təqvalı insanı atının yüyəni əlində olan mahir süvariyə bənzətmişdir ki, məqsədə çatmaq üçün mindiyi heyvanı istədiyi yerdə sürətlə çapır, istədiyi yerdə ahəstə sürür, istədiyi yerdə də döndərir. Təqvalı insan həssasdır, ayıqdır, ehtiyatlıdır, özünü qoruyandır. Təqva budur! Lakin səhv edən və öz səhvindən ibrət almayan insan yüyəni qırmış azğın ata bənzəyir ki, nə irəli hərəkət edir, nə də (idarə etmək üçün) yüyəni vardır, sözsüz, belə bir at onu başıüstə yerə çırpacaq, əgər yerə çırpmasa da, şübhəsiz, uyğun məqsədə çatdırmaycaq. Yol ikidir: biri səhv yol, biri də təqva yolu.

İnsan “haqq ilə batil” adlı iki yolayrıcında

Həyat səhnəsində təqva və xəta yolundan ibarət iki yol vardır. Siz nə işlə məşğul olsanız və həyatda hansı mövqeyi tutsanız, bu iki yol və xüsisiyyətdən kənar deyil. Hansı istiqamətə getsəniz, bu iki yoldan biri ilə hərəkət edəcəksiniz və üçüncü orta yol yoxdur. Bu iki yol nədir?

حَقٌّ وَ بَاطِلٌ

“Haqq yol və batil yol.”

Allahın Quranı bizə belə buyurur:

أَلَمْ نَجْعَل لَّهُ عَيْنَيْنِ. وَلِسَانًا وَشَفَتَيْنِ. وَهَدَيْنَاهُ النَّجْدَيْنِ

“Məgər Biz ona iki göz vermədikmi?! Eləcə də, bir dil və qoşa dodaq (vermədikmi)?! Biz ona iki yol göstərmədikmi?!”[4] Sizə haqq ilə batil yolunu göstərmədikmi? Ey batil yolla gedən insan! Günah sənin özündədir, gözünü aç, haqq ilə batil yolu gör. Ey Əmirəlmöminin Əlinin (ə) söhbətlərini dinləyənlər! Sizə “inhiraf”, “azğınlıq”, “xəta”, “günah” və “fəsad” adlı miras qoyulub. Siz bu mirasla yaşamaqmı istəyirsiniz? Yol ikidir:

حَقٌّ وَ بَاطِلٌ وَ لِكُلٍّ أَهْلٌ

“Haqq və batil və hər iki yolun öz əhli var.”

Elə bilməyin ki, burada orta yol da vardır. Əsla! Elə düşünməyin ki, Əli ibn Əbitalibin (ə) cərgəsi və cəbhəsi ilə Təlhə və Zübeyr, yaxud Müaviyə ibn Əbi Süfyanın cərgəsi və cəbhəsi arasında bitərəf adlı hərbi və ya qeyri-hərbi bir cəbhə də vardır. Qətiyyən belə deyil! Əgər Əlinin (ə) cərgəsində deyilsənsə, onun cərgəsindən xaricsən.

Vilayət xətti – Haqq cəbhəsinə aşkar şəkildə qoşulmaq və batil cəbhəsindən ayrılmaq

Ramazan ayında “vilayət” başlığı altında bu məsələ ilə bağlı söhbət etmişdim.[5] Vilayətin mənasını anlamaq üçün həmin bəhsləri dinləmək istəyənlər, mütləq dinləsinlər. Bizim dini məfhumlarımız nə qədər də təhrifə məruz qalıb! Biz vilayəti bir qədər diqqətsizlik və nadanlıqdan yaranan canıyananlıq, qayğı və sevgi, faydasız və nəticəsiz özünəqapanma mənaları ilə yekunlaşdırmışıq, halbuki vilayət İslamın ən mühüm prinsipidir və həmişə aşkarcasına haqq cəbhəsində olmaq və batil cəbhəsindən aydın şəkildə ayrılmaq mənasını daşıyır. Bu iki cəbhənin arasında da “bitərəf” adlı üçüncü bir cəbhə yoxdur. Sən burada “Mən nə bu cəbhənin, nə də o cəbhənin üzvüyəm! Mənə nə! Nə savab istəyirəm, nə də günah edirəm!” – deyib yaxanı kənara çəkə bilməzsən. Belə bir şey əsla təsəvvür olunası deyil. وَ لِكُلٍّ أَهْلٌ“Hər iki yolun öz əhli var.”

Əmirəlmöminin Əlinin (ə) haqqa ümumi duyğusal meyilliliklə bağlı nigarançılıqları

Zabani-hal deyənləri eşidərsiniz. Mən də zəbani-hal demək istəyirəm. Bir çox məsələləri söz və nitqlə bəyan etmək olmur, lakin ayıq insanlar hər işarədən bir incə mətləb çıxarır. Zahirən, hamı sel tək haqq evinə (Əmirəlmöminin Əlinin (ə) evinə) üz tutdu. Zahirdə görünən budur! Sadəlövh və sadədüşüncəli bir insanı gözü ilə gördükləri sevindirir. Lakin bu sözlərdən daha üstün olan Əmirəlmöminin Əli (ə) daha dərin və dəqiq baxışları ilə bizə dərs keçir. Cəmiyyəti nəzərdən keçirir, haqqa ümumi duyğusal meyilliliyin arxasında haqqa qarşı kəskin təcavüzkarlıq görür. Həzrət onun hakimiyyətinin müxalifləri tərəfindən onun və onun cəmiyyəti üçün nə qədər narahatlıqlar törədəcəklərini, kübar həyat tərzi keçirənlərin dinc oturmayacaqlarını, rifahda olan insanların ciddi mübarizəyə qatılmayacaqlarını görürdü. Əlbəttə, əgər Əlinin (ə) səsi onlara çatsaydı, təsir bağışlayardı, lakin bilirsiniz ki, Əlinin (ə) səsi ilə haqqı qəbul edən qulaqlar və qəlblərin arasında pərdə çəkənlər də olurlar.

Bu, Əmirəlmöminin Əlinin (ə) öz zamanına aiddir. Başqa zamanlara gəldikdə də məsələ eynidir, yenə hər bir yerdə həmin vəziyyət hökm sürməkdədir. Elə buna görə də, Həzrət çıxış etdiyi zaman zahirdə haqq tərəfdarlarının çoxluq pərdəsi arxasında batilin çoxluq təşkil etdiyini, şövq və həsrətlə haqqa doğru üz tutan İslam cəmiyyətinin az müddətdən sonra haqqa tab gətirməyib firqələrə ayrılacağını görürdü.

Cəmiyyətin müqavimətini artırmaq və onu vaksinasiya etmək üçün xas insanların büdrəmələri haqqında proqnozu

Bir sözlə, Əmirəlmöminin Əli (ə) cəmiyyətin parçalanıb firqələrə ayrılacağını görürdü. Buna görə də, camaatı baş verəcək hadisələr müqabilində hazırlamaq və onların müqavimətini artırmaq istəyir.

Fərz edin ki, on nəfər birgə yol gedirsiniz. Bu on nəfərdən biri desə ki, mən daha getmirəm (geri qayıdıram), digər doqquz nəfər də əhval-ruhiyyədən düşəcək, ən azından onların əhval-ruhiyyəsinə təsirsiz ötüşməyəcək. Əmirəlmöminin Əli (ə) məclisdə əyləşənlərə nəzər yetirdikdə, Təlhə, Zübeyr və Səd ibn Vəqqas kimi hamının qəbul etdiyi simaları görür. Amma o Həzrət onların (haqqa) tab gətirməyib üz çevirəcəyini yaxşı bildiyi üçün Təlhənin (dəstədən ayrılıb) gedəcəyi təqdirdə xalqın qəlbinin sınmasını, Zübeyrin (haqdan) üz döndərəcəyi təqdirdə xalqın tərəddüdə düşməsini istəmir (öncədən onları belə hadisələrdən xəbərdar edir).

Uzaqgörən rəhbər belə olmalıdır. O, əvvəlcədən zərər və təhlükə ehtimalını qulaqlara çatdırır. Əgər bir hadisə baş verəcəksə, hesablanmamış hadisə kimi düşünülməsin; əgər hansısa bir yanlışlığın qarşısını almaq mümkündürsə, qarşısı alınsın, yox əgər qeyri-mümkündürsə, ən azından, əhval-ruhiyyələr pozulmasın. Əmirəlmöminin Əli (ə) cəmiyyətin ruhi sarsıntısına mane olmaq istəyir. Buna görə də, öncədən buyurur:

فَلَئِنْ أَمِرَ الْبَاطِلُ لَقَدِيماً فَعَلَ وَ لَئِنْ قَلَّ الْحَقُّ فَلَرُبَّمَا وَ لَعَلَّ

Batilin çoxluqda olduğunu, batil yolunun yolçularının sayı və gücünün çox olduğunu görsəniz, əsla qorxmayın.

“Ləqədimən fəələ” (لَقَدِيماً فَعَلَ) ifadəsinin iki mənası

1. Çoxluq təşkil edən batil və onun yolçularının önəmsizliyi:

Nəzərimcə, “ləqədimən fəələ” (لَقَدِيماً فَعَلَ) ifadəsini iki cür mənalandırmaq olar və biz burada hər iksini qeyd edirik. Birincisi, hamının başa düşdüyü ümumi mənadır və bu mənanın da heç bir eybi yoxdur. Həmin məna belədir: “Batilin çoxluqda olduğunu gördükdə, bilin ki, batil həmişə çoxluq təşkil edib, lakin onun çoxluqda olması qalib olması anlamında deyil.” Qısa ömrünüzdə əksəriyyətin sayca az olan güclü qollar altında əzildiyini nə qədər görmüsünüz! Zalım, ruhiyyəsiz, gələcək həyat üçün aydın dünyagörüşə, həyati əhəmiyyətli və ruhlandırıcı ideologiyaya sahib olmayan düşmənin sayının çoxluğu önəmli deyil və onun əlindən bir iş gəlməz. Əksəriyyət nadanlıqda qaldığı, hegemon qüdrətlər əksəriyyəti nadanlıqda saxladığı və bunun nəticəsində haqqı asanlıqla qəbul etmədiyi üçün batil həmişə çoxluq təşkil edib. Bu, həmişə belə olub. İndi də Əmirəlmöminin Əli (ə) bundan danışır və buyurur ki, batilin çoxluğundan nigaran olmayın, bu çoxluq küləyin aşıdrığı çürük çinar ağacına bənzəyir. Bu çoxluqdan qorxmağa dəyməz. Axı nə əhəmiyyəti var? Bu bir məna və bu mənaya əsasən, Əmirəlmöminin Əli (ə) camaata təskinlik verir və buyurur ki, batil sayca çox olsa və yaxud gələcəkdə çoxluq təşkil etsə də, bu, haqq əhlini qorxutmamalı, narahat etməməlidir.

2. Batilin çoxluğu – çalışqanlığın nəticəsi:

“Ləqədimən fəələ” (لَقَدِيماً فَعَلَ) ifadəsi üçün ikinci məna da nəzərdə tutulmuşdur. Əmirəlmöminin Əli (ə) demək istəyir ki, əgər batilin (və onun yolçularının) çox olduğunu görsəniz, onun öz-özünə çoxalmadığını və illər boyu (o Həzrətin hakimiyyətindən öncə) çalışdığını bilməli və anlamalısan. Əgər bu gün batilin bu qədər güclü olduğunu görürsənsə, bilməlisən ki, batil həmişə bu qədər güclü olmayıb. İllərdir ki, onun üstündə işləyirlər. Hər bir işdə zəhmət çəksən, hər bir sahədə çalışsan, nəticəsini görəcəksən:

وَمَن يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ الآخِرَةِ نُؤْتِهِ مِنْهَا

“Kim (öz çalışqanlığından) dünya mükafatı istəsə, dünya mükafatından və kim axirət mükafatı istəsə, axirət mükafatından ona verərik.”[6]

Quranda buyurulur ki, əgər dünya üçün işləsən və lazımınca zəhmət çəksən, dünyadan sənə də verəcəyik, axirət üçün də işləsən, din və hədəf uğrunda lazımi zəhmətlərə qatlaşsan, yenə də nəticə əldə edəcəksən. İnsan güc və enerjisini sərf etdiyi hər bir işin bəhrəsinə nail olacaqdır. Batil də 25 ildir ki, işləyir, çalışır. Camaat özbaşına batilə yönəlməyib. İnsanlar fitrətcə pis deyillər, onlara pis gözlə baxma, onların haqq ilə düşmənçilikləri yoxdur. Əgər haqdan uzaqlaşıblarsa, öz işləri deyil, bu, onların haqq yolda sabitqədəm olduqlarını görmək istəməyən əllərin, qüdrətlərin işidir. Onlar haqq yolda addımladıqda və bu yolda möhkəm dayandıqda, batil də aradan qalxacaqdır. İnsanları haqdan döndərən batil və onun yolçuları, gözətçiləridir. Onlar da işin başlanğıcında batilin yayılması üçün çoxlu zəhmətlərə qatlaşdılar, dayanmadan çalışdılar və iyirmi beş il az vaxt deyil. Düz bir əsrin dörddəbiri qədər zaman kəsiyində əllərindən gələni əsirgəmədilər. Əgər bu müddət ərzində haqq əhli də dayanmadan çalışsaydı, şübhəsiz, nəticə əldə edəcəkdi. Eynilə Əmirəlmöminin Əlinin (ə) xilafətə gəlməsi də haqq əhlinin zəhmətinin nəticəsi idi. Bu da uyğun ifadənin mənası ilə bağlı ikinci ehtimal! Bizim üçün hər iki ehtimal ibrətamizdir. İnsan həmişə öz baxış dairəsində batili (və onun yoçularını) çox görür, lakin səbir və hövsələ, çətinliklərə sinə gərmək, saleh insan nümunələrini örnək bilib özünü islah etmək və yorulmaz fəaliyyətlə güclü və möhkəm hesab etdiyiniz batilin məhv olub aradan getdiyinin şahidi olacaqsınız.

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizə və bütün müsəlmanlara açıq göz, ayıq qəlb, eşidən qulaq və qəbul edən ruh mərhəmət et!

İlahi! Bizə həyatı başa salan bu cümlələri anlamaq və onlara əməl etmək qabiliyyəti bəxş et...!

Ardı var.. 
 
 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 

[1]. “Nəhcül-bəlağə”, xütbə 16 – 1374/12/14.

[2]. “Nəhcül-bəlağə”, xütbə 16.

[3]. “Nəhcül-bəlağə”, xütbə 3.

[4]. “Bələd” surəsi, ayə 8-10.

[5]. “Tərhe kulliye əndişeye-İslami”, 23-28-ci məclislər.

[6]. “Ali-İmran” surəsi, ayə 145.