Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 23

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 

 
 
23-cü hissə
 

12

ZALIMLAR VƏ MƏZLUMLAR[1]

Bağişlayan və mehriban Allahın adı ilə!

لَوْ أَمَرْتُ بِهِ لَكُنْتُ قَاتِلًا أَوْ نَهَيْتُ عَنْهُ لَكُنْتُ نَاصِراً غَيْرَ أَنَّ مَنْ نَصَرَهُ لَا يَسْتَطِيعُ أَنْ يَقُولَ خَذَلَهُ مَنْ أَنَا خَيْرٌ مِنْهُ وَ مَنْ خَذَلَهُ لَا يَسْتَطِيعُ أَنْ يَقُولَ نَصَرَهُ مَنْ هُوَ خَيْرٌ مِنِّي وَ أَنَا جَامِعٌ لَكُمْ أَمْرَهُ اسْتَأْثَرَ فَأَسَاءَ الْأَثَرَةَ وَ جَزِعْتُمْ فَأَسَأْتُمُ الْجَزَعَ وَ لِلَّهِ حُكْمٌ وَاقِعٌ فِي الْمُسْتَأْثِرِ وَ الْجَازِعِ[2]

“Əgər xalqa Osmanın qətlinə dair əmr vermiş olsaydım, sözsüz ki, qatil, yox, əgər (onun əleyhinə qalxanların) qarşısını alsaydım, təbii ki, Osmana kömək göstərmiş olardım. Lakin ona kömək edən “Mən onu xar edəndən (ona kömək göstərməyəndən) daha yaxşıyam”, onu xar edən (mühacir və ənsardan bir dəstə) isə “Ona kömək edən məndən daha yaxşıdır” – deyə bilməz. Belə isə, mən indi sizin üçün onun qətl səbəblərini bəyan edirəm: “O, xilafəti öz ixtiyarına keçirib zülmkarlıq və özbaşınalıq etdi, çox pis bir iş tutdu. Siz də səbirsizlik etdiniz və beləcə, pis iş tutdunuz. Zorakılıq və özbaşınalıq edən və (onu öldürməkdə) dözümsüzlük göstərən şəxs barəsində Allahın hökmü dəyişməzdir.”

Xütbənin elə bu qədər olması məlum deyil və ola bilsin ki, onun bir hissəsi hədisin nəqli zamanı, ya da Mərhum Seyid Rəzinin bəlağətlə bağlı nəzərdə tutduğu meyarlara uyğun olaraq silinmişdir. Mənim nəzərimcə, bu şərif xütbə Əmirəlmöminin Əlinin (ə) “Nəhcül-bəlağə”də buyurduğu maraqlı və dolğun xütbələrindən biridir və bu bir neçə cümlədə Osmanın qətli haqqında söz açılır.

Osmanın qətli – İmam Əli (ə) ilə düşmənçilik etmək üçün bir bəhanə

Bildiyiniz kimi, Osman öldürüldükdən sonra onun qətl macərası haqq və ədalət simvolu ilə döyüşmək istəyənlərin – Osmanın qohumu, dostu, yavəri və sirdaşı olan Müaviyənin, Əmirəlmöminin Əlinin (ə) mövqeyinə oxşar bir mövqeyə sahib olan Zübeyrin, daha da kəskin və sərt mövqedən çıxış edən Təlhənin əlində bəhanəyə çevrildi. Hətta ümumi yığıncaqda Osmanla sözü çəp gələn Ayişə ona nalayiq sözlər deyərək məclisdən qovdu, Peyğəmbəri-Əkrəmin (s) köynəyini çıxarıb dedi: “Bu Peyğəmbərin (s) köynəyidir, hələ də çürüməyib, amma bu kişi (Osman) onun sünnəsini çürütdü.” O, Osmanın həyatında onun hakimiyyətinə etiraz etdiyi halda, Osman qətlə yetirildikdən sonra, onun qətlini bəhanə edərək Əmirəlmöminin Əli (ə) ilə münaqişəyə qalxdı. Bir sözlə, bu macəra o Həzrətlə döyüşmək istəyənlərin əlində əlverişli bəhanə və fürsətə çevrildi.

Bunu da diqqətinizə çatdırım ki, əgər Osmanın qətl macərası olmasaydı belə, onlar yenə də başqa bir bəhanə ilə Əmirəlmöminin Əliyə (ə) əks çıxacaqdılar. O zaman Osmanın qətli daha əlverişli olduğundan, onu bəhanə etdilər. Əgər macəra Osmanın qətli ilə tamamlanmasaydı, başqa bir macəra arayıb axtaracaqdılar. Çünki batil öz yolunda heç vaxt öz ixtiyarına söykənmir. Xülasə, bu mətləbi də diqqətdən yayındırmayın. O Həzrətin həyatında bir şeyi bəhanə edən bir qrup qərəzli düşmən müxalifətə qalxacaqsa, “Ağacan, nə üçün onların əlinə bəhanə verirsən?” – demək düzgün deyildir. Nə üçün düzgün deyildir? Çünki qərəzli düşmən bəhanə ardıncadır, bu bəhanə alınmasa, istənilən qədər başqa bəhanələr axtarıb tapacaq. Bəhanə də qurtaran deyil, cüzi və əhəmiyyətsiz şeylərdən bəhanə düzəldəcəklər.

Bəs, onların Osmanın qətl macərası ilə bağlı sözləri və bəhanəsi nə idi? Osmanı Əmirəlmöminin Əlinin (ə) öldürdüyünü deyirdilərmi? Hamı yaxşı bilirdi ki, bu həqiqət deyil. Əmirəlmöminin Əlinin (ə) nə üçün (xəlifəni) müdafiə etmədiyini deyirdilərmi? O Həzrət işin başlanğıcında fitnənin amillərini aradan qaldırmış, sonra da ortada olan bəzi narazılıqlara son qoymağa can atırdı. Lakin xəlifənin özü və ətrafındakılar o Həzrət tərəfindən islahatların aparılmasına imkan vermirdilər.

Bəhanə axtaranlar deyirdilər ki, Əmirəlmöminin Əli (ə) nə üçün Osmanın qatillərini cəzalandırmır? Bu da başqa bir bəhanə idi. Misal üçün, Osmanın qətlinin qisası olaraq şərafətli insanların, o cümlədən Malik Əştərin ölümlə cəzalandırılmasını istəyirdilər. Əgər o Həzrət onları öldürsəydi belə, yenə başqa bir bəhanə axtarıb tapacaqdılar.

Bunu unutmayın, hansısa bir düşmən, bir cəbhə, bir fərd və bir qrup qərəzli və insafsızdırsa, bir məsələni başa düşdükdən sonra “Ağa, başa düşdüm, keçmiş sözlərimi geri götürürəm!” – deməkdən çəkinəcəksə və qərəzli düşüncələrini dəyişməyəcəksə, bilin ki, qərəzə məruz qalan şəxs qərəzli şəxsin sözlərinə əsla maraq göstərməməlidir. Sədi demişkən:

او زخود به رنج دراست

“O, öz əlindən də əziyyətdədir və bu əziyyət ona bəsdir.”[3]

Qərəzli insanın qərəzinin səbəbinin psixoloji, siyasi və sairədən ibarət olmasına baxmayaraq, bu, onun daxilindən qaynaqlanır, səbəbli və ya səbəbsiz haqq cəbhəsi, haqq yolu, haqqın tərəfdarı, haqq sözü, haqq məktəbi və haqq məntiqi ilə döyüşür, mübarizə aparır.

Macəra bundan ibarətdir. Əmirəlmöminin Əli (ə) müxalifətə qalxan bir qrup qərəzli insana cavab vermək istəmir. Lakin, öz dostları, tərəfdarları, həyatını o Həzrətin yanında və keşiyində keçirənlərlə danışmaq, məsələləri onlara aydınlatmaq, həyat yolunu göstərmək, onları ayıltmaq istəyir. Odur ki, o Həzrət bir neçə xütbədə bu məsələdən söz açmış və bəzi mövzulara toxunmuşdur.

Osmanın əleyhinə yürüş zamanı Əmirəlmöminin Əlinin (ə) mövqeyi

Burada Əmirəlmöminin Əli (ə) həm tarixi, həm ictimai qanunauyğunluq, həm də hakimlə məhkum arasında islami hökmlər baxımından mühüm mətləblərə toxunur və bu qədər mətləbi iki-üç cümlədə bəyan edir. Öncə buyurur:

لَوْ أَمَرْتُ بِهِ لَكُنْتُ قَاتِلًا

“Əgər xalqa Osmanın qətlinə dair əmr vermiş olsaydım, sözsüz ki, qatil olardım.” Amma hamı belə bir əmrin verilmədiyini yaxşı bilirdi. Əmirəlmöminin Əli (ə) “Gedin, Osmanı öldürün!” – deyə heç kimə əmr verməmişdi. O Həzrət daim çalışırdı ki, cəmiyyətdə baş qaldıran özbaşınalıq, zülmkarlıq və ədalətsizliklərin qarşısı alınsın. İslam cəmiyyətinə hakim xüsusi inzibati vəziyyət İmam Əliyə (ə) Osmanı öldürmək istəyən dəstəni bu işə təhrik etməyə icazə vermirdi. Mən də araşdırmalarımda o Həzrətin bu macərada azacıq təkanverici təsirini təsdiqləyən heç bir şahidlə qarşılaşmamışam. Əksinə Əmirəlmöminin Əli (ə) Osmanın əleyhinə baş verən ümumi yürüşdə hadisənin yaxşı şəkildə tamamlanması üçün əlindən gələni əsirgəmədi. Yəni, Osmanla söhbət etdi, onun işi və idarəçiliyinin problemlərini vurğuladı və ətrafındakı Bəni-Üməyyənin qarınqulu, acgöz, tamahkar və dünya düşkünü olan bəzi şəxslərini tanıtdırdı. Bir dəfə ona açıq-aydın belə buyurdu: “Ey Osman! Sən zahirdə bizim sözümüzə qulaq assan da, batində Müaviyənin, Vəlid ibn Üqbənin və Mərvan Həkəmin sözünə qulaq asırsan, bizim sözümüzü isə icra etmirsən.” Həqiqət də bundan ibarət idi. Əmirəlmöminin Əli (ə) Osmanın qətlə yetirilməsi və ona hörmətsizlik olunmasına dair heç bir göstəriş verməmişdi. Elə buna görə də, xütbənin başlanğıcında belə buyurur:

لَوْ أَمَرْتُ بِهِ لَكُنْتُ قَاتِلًا

“Əgər Osmanın qətlinə dair əmr vermiş olsaydım, sözsüz ki, qatil olardım.” O zaman hamı biləcəkdi ki, Əli (ə) Osmanın qatilidir.

أَوْ نَهَيْتُ عَنْهُ لَكُنْتُ نَاصِراً

“Əgər (onun əleyhinə qalxanların) qarşısını alsaydım, təbii ki, Osmana kömək göstərmiş olardım.”

Yanılmayın! Mənim Osmanın qətlinin səbəbkarı olmadığımın mənası bu deyil ki, mən onu müdafiə edirdim. Xeyr! Osmanı müdafiə də etmədim. Çünki müdafiə olunası bir şəxs deyildi. Kim belə bir şəxsi müdafiə edər? Nə üçün ədalət və vəhdət simvolu olan Əmirəlmöminin Əli (ə) kimi bir şəxs ixtilaf və ayrı-seçkilik yaradan bir şəxsi müdafiə etməlidir? Həzrət أَوْ نَهَيْتُ عَنْهُ لَكُنْتُ نَاصِراً (Əgər qarşısını alsaydım, təbii ki, Osmana kömək göstərmiş olardım!) – ifadəsində demək istəmir ki, ona kömək etmək istəyənlərə də qadağa qoymuşdum. Xeyr! Bəzi tarixi mənbələrdə göstərilir ki, Həzrət işin başlanğıcında misirlilərə belə işlərdən uzaq qalmağı tapşırmış və işlərin islah olunacağını vurğulamışdı. Amma nüfuzu və qüdrətindən istifadə edərək dostları, yaxınları və ətrafındakı mübariz gənclərə “Osmanın evini mühasirəyə alın ki, heç kim ona hücum edə bilməsin!” – kimi bir göstəriş də verməmişdi. Əlbəttə, su Osmanın üzünə bağlandıqda, öz nüfuzundan istifadə etdi. Osmanın evini mühasirəyə alanlar Osmanın evinə gedən suyu bağlamışdılar. Bu, İslamda insani duyğulara zidd olan çirkin bir əməl idi. Allah düşmənini cəzalandıra bilərsən, amma susuz saxlaya bilməzsən. Əmirəlmöminin Əli (ə) burada çirkin bir işin baş qaldırdığını, bir evdə qadınların, günahsız uşaqların və günahkar olsa da, Osmanın özünün susuzluqdan əziyyət çəkdiyini gördükdə, insani keyfiyyətlərə, fəzilət və dəyərlərə əsaslanan İslam cəmiyyəti, Quranın nazil olduğu İslam Peyğəmbərinin (s) بُعِثْتُ لأتمِّمَ مَكارِمَ الأخْلاقِ (Mən əxlaqi gözəllikləri tamamlamaq üçün göndərilmişəm!)[4] – buyruğuna istinad edən bir cəmiyyətdə belə bir işin baş qaldırması ilə razılaşmadı. Gənclərə göstəriş verdi ki, evə su daşısınlar. Əlimizdəki mötəbər nəqllərə əsasən, İmam Həsənlə (ə) birgə bir neçə nəfər tuluqları su ilə doldurdular. Kütlənin onlara maneçilik törətməsinə baxmayaraq, evə daxil olub su tuluqlarını Osmana və Əməvilərə çatdırdılar. Ölüm olsun Əməvilər kimi zalım sülaləyə! Görün, onlar, təqribən, 25 ildən sonra Əmirəlmöminin Əlinin (ə) bu xeyirxahlığının əvəzini necə qaytardılar? Əməvilər o Həzrətin övladları və körpə uşaqlarını (Kərbəla faciəsində) susuz qoydular.

Bəli, bu macərada Əmirəlmöminin Əli (ə) Osmanın xeyrinə bu müsbət addımı atdı. Eyni zamanda, cəmiyyətin Osmanın evinin ətrafından dağılmasına dair bir iş də görmədi, onlara: “Ay camaat, Osmanı öldürməyin!” – deyə çıxış etmədi. Odur ki, buyurur:

أَوْ نَهَيْتُ عَنْهُ لَكُنْتُ نَاصِراً

“Əgər Osmanın qətlinə maneçilik törətsəydim, təbii ki, Osmana kömək edənlərin sırasında olacaqdım.”

Bu işlərin heç birini etmədim.

Osmanı müdafiə etməyin fəzilət olmaması

Deməli, Əmirəlmöminin Əli (ə) fitnənin şölələnməməsi üçün Osmanın qatillərinin xeyrinə bir söz belə demədi. Osman qətlə yetirildikdən sonra öz zəmanəsi və gələcək zəmanəni iki cümlə ilə aydınlatdı: “Osmanı biz öldürmədik. Onun qətlinə də maneçilik törətmədik. Amma həm mənim və dostlarımın Osmana yardım göstərmədiyini, həm də onu müdafiə etmədiyini deyənlərə bildirmək istəyirəm ki, Osmanı müdafiə edənlər müdafiə etməyənlərlə müqayisədə üstün və şərafətli deyillər.” Bu sözü hər iki dəstə qəbul edirdi. Osmanı müdafiə edən, onun qətlinə maneçilik törədən, adını tez-tez çəkən və köynəyini qaldırıb camaatın gözünə soxanlar bilsinlər ki, Osmanı müdafiə etməyənlərdən – Mədinə və ya Kufədə olan ənsar və mühacir dəstələrindən üstün deyillər. Nə üçün? Çünki onlar zülmü, qətli və İslam cəmiyyətində bütün fəsad və azğınlıqların yaranmasına səbəb olan Osmanı müdafiə etdilər. Bu növ müdafiə fəzilət və başıucalıq sayılmaz, onunla qürrələnməyə dəyməz. Amma Osmanı müdafiə etməyənlər də vicdan əzabı çəkməsinlər, daxilən narahat olmasınlar ki, nə üçün Osmanı müdafiə etmədik? Əgər müdafiə etsəydik, öldürülməzdi. Axı nə üçün müdafiə etməliydiniz? Bir müsəlman Osman kimi bir şəxsi hansı səbəbdən müdafə etməlidir? İslam yer üzünə hakim olmaq, insanların həyatında, cəmiyyətdə və bu dünyada tətbiq olunmaq üçün nazil olmuşdur. İslam dəftər-kitablarda dillər əzbərinə çevrilmək və hökmlərinin heç birinin həqiqi mənada cəmiyyətdə tətbiq olunmaması üçün deyil, əməl olunması üçün gəlmişdir. Kim insanların həyatında və bəşər cəmiyyətinin formalaşmasında İslam hökmlərinin icrasına maneçilik törədərsə, cinayətkar, zülmkar və İslama ziddir. İslamın əməldə gerçəkləşməsi və tətbiqinə qarşı çıxan qüvvələrlə İslam və Quran düşməndir, onlara müxalifdir. Müsəlman bir xalq Quran və İslamın düşmən və müxalif bildiyi hər bir kəs və qrupla, hər bir qüdrət və cəbhə ilə müxalifətçilik etməzsə, müsəlman deyil. İslam iddiası edən bir kəs Quranın düşmən adlandırdığı kəslə düşmənçilik etməzsə, necə müsəlmandır? Demək, həm Osmanı müdafiə etməyən, həm də onun qətlinə mane olmayanlar narahat olmasınlar. Quran və İslama itaət edən müsəlman cəmiyyət Osman kimi bir şəxsi müdafiə edə bilməz. Çünki Osman Quran və İslama zidd bir şəxs idi.

İbrət almaq – Əmirəlmöminin Əlinin (ə) Osmanın qətlinin səbəblərini açıqlamaqda hədəfi

وَ أَنَا جَامِعٌ لَكُمْ أَمْرَهُ

“Belə isə, mən indi sizin üçün onun qətl səbəblərini bəyan edirəm.”

Nəzərimcə, İmamın (ə) bu xütbədə önəm verdiyi cümlə budur; belə ki, bir qrup Osmanı qətlə yetirdi, bir qrup ona maneçilik törətmədi, bir qrup da onu müdafiə etdi. İndi isə, hər şey bitmiş, cərgələr, düşmənçiliklər və kin-küdurətlər haqq-həqiqətlə – Ələvi hakimiyyəti ilə mübarizə aparmaq üçün bəhanəyə çevrilmişdir. Əmirəlmöminin Əli (ə) buyurur ki, artıq hər şey sona yetib, odur ki, Osmanın macərasının qısa şəkildə sizə bəyan edilməsinin vaxtıdır. Həzrət burada Osmanın tarixi macərasını nəql etmək istəyir. Əlbəttə, camaat hadisəni və Osmanın qətlini öz gözləri ilə görmüşdü. Məsələ o Həzrətin Osmanı müdafiə edib-etməməsində deyil. Qeyd etdiyimiz kimi, o Həzrət bu hadisə müqabilində özünü müdafiə etmək niyyətində də deyildi, hadisəni təfsir və təhlil etmək, tarixi qanunauyğunluqlardan birini aydınlatmaq istəyirdi ki, gələcək nəsillər, bəşər cəmiyyəti öz həyatına hakim həmin tarixi və ictimai qanunauyğunluqla tanış olaraq xoşbəxt həyata yaxınlaşsınlar. Əmirəlmöminin Əli (ə) həm də qayğıkeş və canıyanan bir müəllimdir, şagirdlərinin hadisələrdən məlumatsız qalmasını istəmir, müsəlman xalqın islahını düşünür. Odur ki, uyğun hadisəni təfsir və təhlil edir.

Tarixin təhlil edilməsinin əhəmiyyəti

Tarixin təhlili nə üçündür? Nə üçün müxtəlif məktəb sahibləri tarixi və tarixin fenomenlərini təhlil və təfsir edirlər? Səbəb odur ki, insanlar tarix laboratoriyasında tarixi qanunauyğunluqların hakimiyyətini eynilə laboratoriya şəraitində iki maddə və iki qazın kimyəvi tərkibini dəqiqliyi ilə analiz edib incəliyinə varan bir şəxs kimi görsünlər. Maddələrin analiz edilməsində məqsəd nədir? Məqsəd odur ki, (misal üçün) oksigenlə hidrogenin bir-birinə təsirini öyrənsinlər. Bu iki maddə və qazı bir-birinin yanına qoyduqda, nə baş verir? Bir qanun kəşf olunur. Dünyanı islah etmək istəyən hər bir şəxs də tarixi, yəni hadisə və fenomenlərin səbəb, nəticə və qanunauyğunluqlarını əldə etmək üçün mütləq tarixin laboratoriyasında onları diqqətlə mütaliə edib araşdırmalıdır. Səbəb və nəticələrlə tanış olduqda, yeni quruluşu ona uyğun tənzimləyir. Yeni qərarla köhnə qərarı sıradan çıxarır, kadr potensialının gücləndirilməsi istiqamətində yeni təyinatlara imza atır, birini digəri ilə əvəz edir, hökumət və quruluşları dəyişir və beləcə, gələcəyi təxmin edir. Necə deyərlər, tarixi tanıyan gələcəyi tanıyar. Kainatın hadisələri arasında sintezin olmamasını dini-məzhəbi təfəkkür tərzinə nisbət verənlər yanılırlar. Axı onlar dini-məzhəbi təsirlərin hansını görüblər? Bu kainatın hadisələrinin, hətta kainatın özünün bir-birinə bağlılığı ən çox din və məzhəbdə izah olunur. Əgər keçmişdə baş vermiş hadisə və fenomenlər gələcəkdə də baş qaldırarsa, sözsüz ki, eyni nəticəni ortaya qoyacaqdır. Odur ki, tarixi təhlil etmək zəruridir. Bu gün ictimai məktəblərə nəzər yetirsəniz, onların ən mühüm məqsədi tarixin təhlil edilməsidir. Tarixi təhlil etmək və araşdırmaqla yeni nəticələr əldə edilir, ona əsasən qərarlar çıxarılaraq dünyanın gələcəyi təxmin edilir. Onun düzgün və ya yanlış nəticə verməsi təhlil və araşdırmanın keyfiyyətindən asılıdır.

İlahi qanunauyğunluq – Xalqın səsinin zülmə qələbəsi

Əmirəlmöminin Əli (ə) uyğun cümlədə tarixi təhlil edir. Bəzi sadəlövh insanlar “Nəhcül-bəlağə”yə nəzər saldıqda, Osmanın macərasının yalnız bəyan xarakterli olduğunu təsəvvür edir. Halbuki o Həzrət tarixi araşdırıb camaata həqiqətləri aşılamaq istəyir. Hadisənin bir hissəsi aydınlaşdıqda, tarix tanınır və bir qanunauyğunluq anlaşılır. Hər zaman dünyaya hakim qanunauyğunluğa əsaslanan Osmanın macərasının xülasəsi bundan ibarətdir:

وَ أَنَا جَامِعٌ لَكُمْ أَمْرَهُ

“Mən (iki kəlmədə) sizin üçün onun qətl səbəblərini bəyan edirəm.”

اسْتَأْثَرَ فَأَسَاءَ الْأَثَرَةَ وَ جَزِعْتُمْ فَأَسَأْتُمُ الْجَزَعَ

“O, xilafəti öz ixtiyarına keçirib zülmkarlıq və özbaşınalıq etdi”, insanların razılığını əsla nəzərə almadı, onlara zorakılıq göstərdi, haqsızlıq etdi. Bunun da müqabilində onlar səslərini ucaldıb onun əleyhinə əlbir oldular.

İki amil – zülmkarlıq və insanların təngə gəlib səslərini ucaltması arasında qarşıdurma yarandı. Bu iki amil bir-birinin müqabilində dayandıqda, ilahi qanunauyğunluq özünü göstərdi. O da kütləvi səsin və həmrəyliyin zülm və özbaşınalığa qələbəsidir. Bu Allahın qanunudur və Əmirəlmöminin Əli (ə) Osmanın macərasında bu qanuna istinad edir.

Osmanın zülmkarlığından bir nümunə

اسْتَأْثَرَ فَأَسَاءَ الْأَثَرَةَ وَ جَزِعْتُمْ فَأَسَأْتُمُ الْجَزَعَ

“O, xilafəti öz ixtiyarına keçirib çox acınacaqlı şəkildə zülmkarlıq və özbaşınalıq etdi, çox pis bir iş tutdu. Siz də dözümsüzlük etdiniz və beləcə, pis iş tutdunuz.”

Camaat yığışıb onun yanına gəldi. O da valiyə əmr verdi ki, fılankəslər səndən şikayət etmək üçün mənim yanıma gəlmişdilər. Onlar şəhərə çatan kimi, saçlarını qırxdır, ulaqlara mindirib qırmanc vura-vura küçələrdə gəzdirin ki, bir də belə bir iş tutmasınlar.[5] Bir vali və hakimdən şikayət edən şəxs o qədər kötək yeməlidir ki, belə yüksək vəzifə sahibindən şikayət etməyin cəzasının ağır olduğunu anlasın. Hətta bu sistemdə gileylənmək də qadağandır. Malik Əştər və Əmr ibn Həmiq Xüzai kimi bir qrup həqiqi mömin, eləcə də, Kufədə məskunlaşmış digər böyük şəxsiyyətlər Osmani və Əməvi hakimiyyətinin ən çirkin simalarından olan Kufənin hakimi ilə müxalifətçilik etdikdə, Kufənin hakimi Osmana məktub yazdı ki, bunların əlində aciz qalmışam. Osman da yazdı ki, onları Şama – Müaviyənin yanına sürgün et, Müaviyə onlarla necə rəftar edəcəyini yaxşı bilir. Onları Müaviyənin yanına sürgün etdi. Müaviyə dedi ki, onları gətirin, görüm nə deyirlər, problemləri nədir? Onları Müaviyənin yanına gətirdikdə, Müaviyə şirindillik edib qayğı göstərsə, səbir və təmkinlə danışsa da, onların sərt danışdığını, sancılı sözlər deyib onu məhkum etdiyini gördü. Müaviyə dəlil-sübutla danışdıqda, qarşı tərəf ondan da tutarlı dəlil-sübut gətirdi. Nəhayət, Müaviyə (məsələnin ciddiliyini gördükdə) həmişəki metoduna – riakarlıq etməyə başladı. Riya edən insan həmişə özünü dindar olan şəxslər kimi göstərir, zahidlərə bənzədir. Maraqlıdır ki, insan tarixdə ən riyakar insanların siyasi simalar olduğunu görür. Malik Əştər, Əmr ibn Həmiq, Səsəə ibn Sovhan Əbdi və qardaşı Zeyd ibn Sovhan kimi həqiqi müsəlmanların qarşısında Müaviyə riyakarlıq etməyə başladı ki, biz də müsəlmanıq, siz də müsəlmansınız, ərəblər İslamla şərəfləndilər və sairə. Onlar hətta Müaviyənin xəta və yanlışlıqlarının üstünü bir-bir açdılar. O, İslamdan danışanda, dedilər ki, sənin İslamdan əsla xəbərin yoxdur. O, nə dedisə, cavabsız qoymadılar və nəhayət, Müaviyə onları geri qaytarmaq məcburiyyətində qaldı və Osmana məktub yazdı ki, onları başqa bir hakimə həvalə etsin. Osman da onlara təzyiqləri daha da artırdı. (Əlavə məlumat əldə etmək istəyənlər İbn Əbil-Hədidin “Nəhcül-bəlağənin şərhi” kitabına müraciət edə bilərlər.[6]) Məqsədim odur ki, Əmirəlmöminin Əlinin (ə) اسْتَأْثَرَ فَأَسَاءَ الْأَثَرَةَ وَ جَزِعْتُمْ فَأَسَأْتُمُ الْجَزَعَ (O, xilafəti öz ixtiyarına keçirib zülmkarlıq və özbaşınalıq etdi!) – kəlamının mənası budur ki, Osman zülmkarlıq və özbaşınalıqda həddi aşmışdı, haqqını tələb edənlərə, haqqa doğru addımlamağa, haqqı düşünməyə və danışmağa belə imkan vermirdi. Osmanın quruluşunda haqqa azacıq belə meyilli olan kəslər ən acı zorakılıqlara məruz qalırdı. Əmirəlmöminin Əli (ə) neçə ildən sonra xalqa xitabən buyurur ki:

إِنَّا قَدْ أَصْبَحْنَا فِي دَهْرٍ عَنُودٍ

“Çox acınacaqlı bir rüzigar və cəmiyyətdə yaşadıq.”[7] Bu cəmiyyəti kimlər acınacaqlı vəziyyətə salmışdılar? Cəmiyyətə hakim olan dairələr.

Osmanın qatillərinə töhmət

اسْتَأْثَرَ فَأَسَاءَ الْأَثَرَةَ

“O, xilafəti öz ixtiyarına keçirib çox acınacaqlı şəkildə zülmkarlıq və özbaşınalıq etdi, çox pis bir iş tutdu.”

وَ جَزِعْتُمْ فَأَسَأْتُمُ الْجَزَعَ

“Bunun müqabilində siz də taqətsizlik etdiniz və beləcə, siz də pis iş tutdunuz.”

Siz də Osmanın haqsızlıqları müqabilində təngə gəlib səsinizi ucaltdınız, amma nəticəsi də pis oldu. Axı nə üçün Osmanı öldürdünüz? Əmirəlmöminin Əli (ə) bu sözü açıq-aydın yox, kinayə ilə deyir: Niyə onu öldürdünüz? Əgər onu cəzalandırmaq istəyirdinizsə, bizə – ədalətli məhkəmə və qazıya təhvil verərdiniz və biz də onu mühakimə edərdik, cəmiyyətin hüzurunda günahlarını xatırladıb ölümə məhkum edərdik, ondan sonra camaat da onun nə üçün ölümə məhkum edildiyindən xəbərdar olardı. İslamda cəmiyyət tərəfindən Osmanın belə mühakiməsiz öldürülməsi düzgün deyil. Belə bir işə Əmirəlmöminin Əli (ə) kimi bir şəxs rəhbərlik etməli idi. Odur ki, Həzrət buyurur:

فَأَسَأْتُمُ الْجَزَعَ

“Siz də pis iş tutdunuz.”

Həqiqətdə proses belə getməli idi: Osman hakimiyyətdən kənarlaşdırılmalı, Əmirəlmöminin Əli (ə) hakimiyyətə gəlməli, sonra isə Osman da o Həzrətin ixtiyarında olan digər siyasi və qeyri-siyasi cinayətkarlar kimi ədalətli məhkəmədə mühakimə olunmalı idi. Bu zaman tarixdə nə Osmanın adı, nə də bir şübhə qalacaqdı, hadisə öz zahiri axarı ilə beləcə tamamlanacaqdı. Bəli, bu iş baş tutmadı. Odur ki, Həzrət buyurur:

فَأَسَأْتُمُ الْجَزَعَ

“Sizin də tutduğunuz işin və dözümsüzlüyünüzün nəticəsi acınacaqlı oldu.”

Zalımlara qarşı yürüş edənlərin qəti qələbəsi

Həzrət söhbətinin davamında buyurur:

وَ لِلَّهِ حُكْمٌ وَاقِعٌ فِي الْمُسْتَأْثِرِ وَ الْجَازِعِ

“Zorakılıq və özbaşınalıq edən və (onu öldürməkdə) dözümsüzlük göstərən şəxs barəsində Allahın hökmü dəyişməzdir.”

Bəli, Allahın özbaşınalıq edənlə dözümsüzlük edən arasında hökmü və əmri qətidir. Bunu tarixin bütün insanları, gələcək nəsillər bilsinlər ki, iki amil və qüvvə bir-birilə qarşılaşaraq biri özbaşınalıq, digəri isə dözümsüzlük etdikdə, Osmanın macərası kimi bir macəranın baş verəcəyi mütləq və qaçılmazdır. Əgər belə bir hökmün və qanunauyğunluğun nə üçün Müaviyənin, Əbdülməlikin və yaxud Mənsurun zamanına aid edilmədiyini soruşsanız, cavab budur ki, onların macərasında dözümsüzlük edən, yekdilliklə səslərini ucaldanlar yox idi. Bu amil və ilahi qanunauyğunluq olsaydı, onun gerçəkləşməsi də şübhəsiz idi. Osmanın əleyhinə iki min bəsrəli, iki min kufəli, on min də misirli qiyam etdi. Mədinə əhalisi praktiki olaraq onların yanında olmasa da, qəlbən onların yanında idi. Lakin Müaviyənin zamanında onun əleyhinə qiyam edən bir nəfər olsaydı belə, heç kim onun səsinə səs verməyəcəkdi. Elə Əmirəlmöminin Əlinin (ə) öz oğlu (İmam Həsən (ə)) o fasidin (Müaviyənin) əleyhinə səsini qaldırdı, amma onun səsinə səs verən olmadı. Birlik, həmrəylik və yekdillik nəticəsində müxalifət səsi ucaldığı zaman Allahın bu hökmü mütləq gerçəkləşəcək:

وَ لِلَّهِ حُكْمٌ وَاقِعٌ فِي الْمُسْتَأْثِرِ وَ الْجَازِعِ

“Zorakılıq və özbaşınalıq edən və dözümsüzlük göstərən şəxs barəsində Allahın hökmü dəyişməzdir.”

Əmirəlmöminin Əlinin (ə) dərsi bundan ibarətdir!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, bizi Əmirəlmöminin Əlinin (ə) dərslərindən bəhrələndir!

İlahi! Bizi o böyük ustadın layiqli şagirdlərindən et!

İlahi! Bizi onun şiələrindən et!

İlahi! Bizi onun məhəbbətini qəlbində yaşadanlardan et!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, biz müsəlmanların yatmış və ölmüş iradəsini ayılt!

İlahi! Səni Muhəmməd və ali-Muhəmmədə and veririk, yaradılış aləminin qanunauyğunluqlarını müsəlman xalqının və Quran ardıcıllarının xeyrinə tamamla! İşlərin sonunu xeyirlə bitir və Mövlamızın zühurunu tezləşdir!

 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 

[1]. “Nəhcül-bəlağə”, xütbə 30 – 1374/12/27.

[2]. “Nəhcül-bəlağə”, xütbə 30.

[3]. “Gülüstan”, Sədi, 1-ci bölüm, 5-ci hekayə.

[4]. “Məcmueyi-Vərram”, c.1, səh.89.

[5]. “Tarixi-Təbəri”, c. 3, səh. 401.

[6]. “Nəhcül-bəlağənin şərhi”, İbn Əbilhədid, c.2, səh.130-133.

[7]. “Nəhcül-bəlağə”, xütbə 32.