Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 1. Hədəf və məqsədin ilahiliyi

Bəşər tarixi saysız-hesabsız acı və şirin hadisələri xatırlayır, çoxlu sayda tarix yazanları öz qoynunda yetişdirmişdir. Bununla belə, hicri 61-ci ilin Aşura hadisəsi kimi geniş təsirə malik bir hadisəni özündə az görmüş, Kərbəla tarixini yazanlar kimisini də az xatırlayır. Bu hadisə bir sikkənin iki üzü kimi tamamilə bir-birindən fərqli və ayrıdır. Onun bir üzü xəyanət, vəfasızlıq, namərdlik, alçaqlıq, qəlbiqaralıq, qəddarlıq, digər üzü isə vəfadarlıq, şəhidlik, mərdlik, vüqarlılıq, zülmə qarşı olmaq, səbirli olmaq, ilahi qəzavü-qədərə təslim olmaq və Allaha ən ali dərəcədə bəndəlik etməkdən ibarətdir. Tarixdə bundan da acı hadisələr baş vermiş və tarix də çoxlu sayda insan qətlinə şahid olmuşdur. Tarix haqq uğrundakı qanlı qiyamları hələ də xatırlayır, lakin bununla belə, Aşura hərəkatının üstünlüyünə səbəb olan məsələ tarixin digər səhnələrində bənzərinin olmaması və ya bu qədər diqqətəlayiq olmaması, yaxud da bu üstünlüklərin hamısına birgə yiyələnməməsidir. Bu qiyamı fərqləndirən bir neçə üstün xüsusiyyət vardır ki, onlardan biri də budur:

Hədəf və məqsədin ilahiliyi

İmam Hüseyn (ə) qiyamında niyyət və ilahi hədəf ünsürü həddən artıq qabarıqdır. O Həzrət yalnız və yalnız Allahın razılığı və haqq dini dirçəltmək üçün qiyam etmiş, onun qiyamına heç bir dünya və vəzifəpərəstlik amili müdaxilə etməmişdir. Kərbəla tarixinin hər bir hissəsi bu müddəaya şahiddir. Bu səbəbdən, İmam Hüseyn (ə) bu hərəkatda daim özünün ilahi vəzifəsi haqda düşünür və nəticəsini Allaha həvalə edirdi. Bu həqiqət özünü İmamın (ə) sözləri, əməl və rəftarlarında dəfələrlə biruzə vermişdir. ("Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi", Ayətullah Məkarim Şirazi, səh.14-16.)

Maide.az