Azərbaycanın qəhrəman qadını -Tuti Bikə (FOTO)

Abbasqulu ağa Bakıxanovun «Gülüstani-İrəm» əsərində bildirilir ki, Məmməd Hüseyn xanın qardaşı Tahir bəyin təhqirlərinə, zülmkarlığına dözməyən dərbəndlilər Fətəli xana müraciət edirlər. Gənc xan çətinlik çəkmədən qalanı tutur. Lakin bu zaman Fətəli xanın əsas məqsədi Şirvan torpağını, Şamaxı və Ağsunu özünə tabe etdirmək idi. Bu zaman Şamaxı sərkər Əsgər bəyin oğlanları, Mustafa Səid xan və Ağası xanın əlindəydi.
 
Fətəli xanın Şamaxıya birinci hücumu 1758-ci ildə baş verdi. Atası Hüseynəli xan vəfat edən kimi şirvanlı Ağa Razi bəy Qubanın Bərmək mahalına hücum edib oranı viran qoymuş və 200 ailəni özü ilə Şamaxıya aparmışdı. Bu zaman Fətəlinin başı atasının dəfni ilə məşğul idi. Xəbər ona yetişən kimi əks-cavab vermək üçün tələsməyə başladı. Atasını əvəz etmək üçün tələsik taxtaçıxma mərasimini yerinə yetirdi, qoşun yığdı və iki gün ərzində Şamaxıya yürüş edib sərhəddə Məhəmməd Səid xan və onun qardaşı oğlu Ağa Razi bəyin qoşunlarını darmadağın etdi, döyüş apardığı kəndləri viran qoydu. Özü ilə 400 ailə götürüb onları tabeliyində olan ərazilərdə yerləşdirdi. Döyüşdə Ağa Razi bəy öldürüldü. Bu döyüş yenicə taxta çıxan gənc xana ətraf xanlıqlar arasında hörmət qazandırdı.
 
Dərbəndi alandan sonra Fətəli xanın şöhrəti daha da artdı. Hətta Qacar hökmdarı Kərim xan Zənd Quba xanına məktubla müraciət edərək, Şamaxıya yürüş etmək niyyətində olduğunu bildirdi. Bu müraciətə Fətəli xan sərt cavab verdi: «Mənim səninlə heç bir ədavətim yoxdur. Elə ona görə də Kür çayından o tayda sənə sakitlik və əmin-amanlıq arzu edirəm. Lakin Kürdən bu yana keçməyin və buranı hakimiyyəti altına almaq istəyin sənin sakitliyinə xələl gətirə bilər. Bunun birinci səbəbi mənim Rusiya imperatriçəsinə müraciətim və müraciətimə rəğmən əlahəzrət imperatriçədən kömək almağım olacaq. Bunun qarşısında İran qoşunlarının davam gətirəcəyi müşkül məsələyə çevriləcək».
 
Həmin dövrdə Fətəli xan və Əmir Həmzədən danışmaq olduqca vacibdir. Onların qoşunları Xudat yaxınlığında Gavduşan adlanan çöllükdə qarşılaşdı. Fətəli xan üçün, əslində, bu gözlənilməz döyüş idi. O, döyüşdən əvvəl vacib hazırlığı görməyə, demək olar ki, macal tapmamışdı. Bununla belə onun hərbi yürüşlərində bəlkə də ən qanlı toqquşma olan Gavduşanda əvvəlcə üstünlük Fətəli xanın tərəfində idi. Ağır olmasına baxmayaraq, bu döyüşü də Quba xanı öz xeyrinə həll etmək üzrə idi. Əmir Həmzə tərəfdən vuruşan Məhəmməd Dişsiz, qazıqumlu Eldar bəy, məsum Şeyxəli bəy həlak oldular. Əmir Həmzə böyük itkilər verirdi. Lakin birdən, yenə də gözlənilmədən düşmən tərəfdən yeni, sanki buna kimi ehtiyatda saxlanılan qüvvə irəli çıxdı. Qəfil güclü zərbələrdən Fətəli xanın döyüşçüləri arasında çaşqınlıq yarandı. Əmir Həmzənin olduqca zirək və mərd oğlu Əli bəy hücuma keçərək, Fətəli xanın qoşunlarını mərkəzdən dağıtmağa başlamışdı. Bu hücum döyüşün müqəddəratını həll etdi. Fətəli xan təzyiqə davam gətirə bilmədi. O, geri çəkilməli oldu. Pərən-pərən düşən qoşunların bir hissəsi ilə Salyana qaçdı. Ağır məğlubiyyətdən sonra Fətəli xan yaxın adamlarından birini Qızlar qalasında məskunlaşan rus ordu komandanı general-mayor Medemlə danışıqlara göndərdi.
 
Gavduşan döyüşündən qalib çıxan Əmir Həmzə Dərbəndə yol aldı. Əsas məqsəd Dərbəndi ələ keçirmək idi. O, qalanın divarlarına yaxınlaşan zaman döyüşdə həlak olanlardan birini kəfənə tutub təmtəraqla şəhərə tərəf aparmağa başladı. Bu zaman artıq Fətəli xan Tuti Bikəyə döyüşdə həlak olduğu barədə yalan xəbər göndərmişdi. Buna baxmayaraq Tuti Bikə qardaşına inanmadı. Bu, Əmir Həmzənin ikinci və yenə də uğursuz hiyləsi idi. Fətəli xanın şir ürəkli xanımı əyninə hərbi paltar geyinib, bütün qalanı döyüşə hazır vəziyyətə gətirdi. Onun mərdliyi Dərbənd əhalisini ruhlandırdı. Hər bir kişi qalanın müdafiəsi uğrunda ölənə qədər vuruşacağını qət etmişdi. Əmir Həmzə isə təmtəraqlı yas mərasimi ilə qoşunun qarşısında qalaya doğru yaxınlaşırdı. Hələ tələsmək olmazdı, qoy bir az da yaxınlaşsın. Birdən Tuti Bikə qala divarlarına qoyulan toplardan atəş açmaq əmri verdi. Toplardan açılan birinci zərbə Əmir Həmzənin yalanına tuşlanmışdı. Yalan taktikası baş tutmadı. Hətta bəzi müəlliflərin yazdığına görə, Tuti Bikə qala divarından onu aldatmağa çalışan qardaşına demişdi: «Sən yalanı da düz-əməlli danışa bilmirsən. Fətəli xan sənin düzəltdiyin bu kiçik tabuta sığışa bilməz».
 
İndi Usmi başqa yalana əl atmalı idi. Danışıqlar, hücumlar nəticəsiz qalırdı. Fətəli xan sağ idi. Əmir Həmzə Dərbəndi tutması haqqında xəbərin Rusiya tərəfindən yaxşı qəbul olunmayacağını bilirdi. Deməli, vaxt yalnız ona qarşı işləyirdi. Odur ki, tələsmək lazım idi. Qaraqaytaq usmisi diqqəti təkcə qalaya yox, həm də ətrafa yönəldirdi. O, bütün adamlarına göstəriş vermişdi ki, Dərbənd yaxınlığında rus görən kimi ya yerindəcə öldürməli, ya da həbsə alıb mənim yanıma gətirməlisiniz.
 
Mühasirə doqquz ay davam etdi. Bu müddətdə Əmir Həmzə qoşun çəkib Bakı qalasına hücum etməyə də vaxt tapdı. Lakin burada da qala divarları onun üçün həddən artıq hündür oldu. Bakı Əmir Həmzəni məğlub etdi. Bundan əvəz çıxmaq üçün usmi Bakı kəndlərinə hücum edib oraları viran qoydu. Sonra yenə Dərbənd qalasına döndü, burada o, mühasirəni davam etdirirdi. Doqquz ay dağlarda, soyuq və isti fəsillərdə mühasirəyə davam gətirmək bir həqiqətdən xəbər verirdi: Tuti Bikənin əzmkarlığı və tabeliyində olan adamlara təsir etmək gücündən. Onun mərdliyi Fətəli xana da məlum idi. Dinc vaxtlarda xan qalanın idarəsini öz xanımına həvalə edirdi. İndi isə vaxt gedir, mühasirəyə davam gətirmək üçün qüvvə tükənirdi.
 
General Medemin Əmir Həmzənin üzərinə yürüş etməsi iki cür izah olunur. Bəzi məxəzlərdə göstərilir ki, Medem Rusiyanın himayəsinə arxalanan Fətəli xanın hakimiyyətini bərpa etmək məqsədilə Dərbəndə doğru hərəkət etdi. İkinci qism və rusca çoxluq təşkil edən əsərlərdə bu yürüşün əslən alman olan və Rusiya xidmətində elmi fəaliyyət göstərən səyyah akademik Samuil Qmelin ölümünə görə qisas almaq üçün təşkil olunması əsas səbəb kimi gətirilir. Qmelin səyahətini Volqa çayı boyunca başlayıb Azərbaycana gəlmiş, Bakıdan dəniz yolu ilə İrana getmiş, Rəşt və Ənzəlidə olmuşdur. Bir neçə il davam edən səyahətin sonunda Rusiyaya Mozdok yolu ilə geri qayıtmaqdan ötrü yenidən Bakı, Quba və Dərbənd istiqamətini tutur. Lakin səyyah adlanan, təbiətşünaslıq üzrə elmi müşahidələr aparan və Rusiya xidmətində olan Qmelini Dərbənd yaxınlığında bədbəxtlik gözləyirdi. Əmir Həmzənin «Harda rus görsəniz öldürün, ya həbs edin» göstərişinə əsasən, Qmelin və onu müşayiət edən dəstə saxlanılır. Usminin adamları onu Dərbənd yaxınlığındakı Əhmədkənd deyilən yerdə saxlayırlar. Deyilənə görə, Qaraqaytaq hakimi akademiki azad etmək üçün ruslardan fidyə, canpulu istəyirdi. Amma akademikin Əhmədkənddə göz dustağı kimi saxlanılmasının səbəbini ondan ehtiyat edilməsi kimi də izah edirlər. Belə yanaşma daha ağlabatan görünür. Çünki Qmelindən sonra onun xeyli sənədlərinin də yoxa çıxdığı salnaməçilər tərəfindən qeyd olunur. Əhmədkənddə bir müddət qalandan sonra, otuz yaşlı akademik xəstələnib ölür. Deyilənə görə, İkinci Yekaterina bu xəbərdən hiddətlənib Qaraqaytaq usmisinin dərhal cəzalandırılmasını əmr edir. Medemin onun üzərinə yürüşünü yalnız bununla izah etmək doğru olar. Xanlıqlar arasında çəkişmələr, ardı-arası kəsilməyən müharibələr Rusiyanı az narahat edirdi. Əksinə, bütün bu kiçik müharibələr Şimal dövlətinin böyük geosiyasətini həyata keçirmək üçün əlverişli şərait yaradırdı.
 
Əmir Həmzə Medemin piyada qoşununun qarşısına Dərbəndin şimalında yerləşən İrani-Xarab adlanan yerdə çıxır. Usminin hesabına görə, onun qüvvələri Medemin piyadalarına lazımınca müqavimət göstərmək gücündə idi. Amma gözlənilmədən rus artilleriyası döyüşə qoşulur. Əmir Həmzənin qoşunları darmadağın edilir. Qaraqaytaq usmisi qaçıb canını qurtara bilir. Dərbəndin alınmaz qalması Azərbaycan tarixində adı əfsanəyə çevrilən Tuti Bikənin qəhrəmanlığı ilə bağlanmalıdır. Tuti Bikə 1785-ci ildə vəfat etdi. Fətəli xanın arvadının şərəfinə tikdirdiyi türbə bu gün də ziyarət olunmaqdadır.
 
1775-ci ildə baş verən hadisələr Qaraqaytaq usmisi Əmir Həmzənin Dərbənd xəyallarına son qoydu. Fətəli xan Azərbaycanın bütün ərazilərinə nəzarət edirdi. Təkcə İbrahim xan kənardan ona kömək ediləcəyinə inanıb, Fətəli xanın təsiri altına düşməkdən imtina edirdi. Fətəli xan 1789-cu ildə Kartli Kaxetiya çarı II İrakli ilə Şəmkir çayı kənarında görüşüb, Rusiyanın himayəsi altında daha yeni əraziləri öz təsirləri altında saxlamaq haqqında danışıqlar aparır. Lakin bu görüşdən sonra Fətəli xan qəfil xəstələnir. Görüşdə onun zəhərləndirildiyi barədə də fikirlər yürüdülür. İrakli Fətəli xanın simasında Qafqazda və Azərbaycanda həddən artıq nüfuzlu bir hökmdar görür və buna qısqanclıqla yanaşırdı. Ən maraqlısı budur ki, xəstə, halsız Fətəli xan özünü doğma, tam arxayın bildiyi bir adamın yanına yetirməli idi. Bu isə onun bacısı Xədicə Bikə idi. Xədicə Bikə xəstə qardaşını sağaltmaqdan ötrü canfəşanlıq göstərir, ona hər cür qulluq edirdi. Lakin miladi tarixi ilə 1789-cu ilin mart ayında Fətəli xan vəfat etdi. Onu Bakı əhli böyük hörmət və ehtiramla müqəddəs Bibiheybət ziyarətgaoı yanında olan qəbiristanlıqda dəfn etdi.
 
İllər keçdi. Bütün ömrünü Azərbaycanı birləşdirmək uğrunda mübarizəyə sərf etmiş xanın qəbri itdi. Dərbənddə isə Tuti Bikə türbəsi bu gün də qalmaqdadır. Bu türbə Fətəli xanın da xatirəsini özündə yaşadır…