Azərbaycanın adı Obamanın `qara siyahısı`na niyə düşdü?

Ukrayna böhranından sonra dünyanın qlobal siyasətinə qütbləşmə, “soyuq müharibə” yenidən qayıdıb. Bu savaşda Azərbaycanın  “yaralı ayıya”, yoxsa “dikbaş Qərbə” dəstək verəcəyi bəlkə də “savaş meydanına” ciddi təsir də etmir.  Fəqət, indi Qərb də, Rusiya da özü üçün “qara siyahı” tutub. Dostlar və düşmənləri oraya yazırlar. Azərbaycanın Rusiya kimi qəvi qonşusu və Qarabağ kimi problemi olmasaydı, bu davada heç tərəf seçməyə də bilərdi; ya da üzünü birmənalı olaraq neftini axıtdığı Qərbə sarı tutardı. ABŞ prezidenti Barak Obamanın Azərbaycanın adını Rusiyadan savayı hansı ölkələrin yanında çəkdiyinə bir daha diqqət edək. Venesuela, Çin...Hər iki ölkə Rusiyaya açıq dəstək verir.
 
 Azərbaycanın Obamanın “qara siyahısı”na düşməsinin əsas səbəbi də bu mövqedir. Əgər QHT-lərə təzyiq və son həbslər olmasaydı, başqa bir bəhanə tapılacaqdı. Təəssüf ki, iqtidarımız da bu bəhanələri indi siyasətlərini mikroskopla izləyən Qərbə istifadə üçün verir. Bəlkə də bilərəkdən. İndilikdə “bilərəkdənin” arxasında gizlənə biləcək məntiqi və ya səbəbi tapmaq çətindir.(“Yeni Müsavat”)