Azərbaycan və Özbəkistan dəmir yolu sahəsində əməkdaşlığa dair protokol imzalayıb

Bu gün Bakıda iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib
 
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də Özbəkistanın Ali Məclis senatı sədrinin birinci müavini Sodik Safoyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
 
Cəmiyyətdən "Report"a daxil olan məlumata görə, görüş zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkənin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışıb və bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir: "Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edirlər. Bu il bağlantının istismara verilməsi nəzərdə tutulur".
 
Həmçinin, artıq Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.
 
Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.
 
Sonra “Azərbaycan Dəmir Yolları” QSC ilə “Özbəkistan Dəmir Yolları” SC arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Özbəkistan Ali Məclisinin senatı sədrinin birinci müavini S.Safoyev çıxış edərək ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
 
Görüşün sonunda qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı protokol imzalanıb. /