Azərbaycanda Kerbela.info adlı yeni ixtisaslaşmış portal fəaliyyətə başladı

-- Yaxın gələcəkdə sayt rus və ingilis dilində də fəaliyyət göstərəcək

Noyabr ayının 7-si Azərbaycanda Kerbela.info adlı yeni dini ixtisaslaşmış portal ictimaiyyətə təqdim edilib.
 
Maide.Az bildirir ki, Əsrlərdir Aşura hadisəsi şiə cəmiyyətinin fərqli zümrə və təbəqələrindəki müxtəlif ədəbi, yazı, şəkil və kitabələrdə özünü göstərir. Lakin Azərbaycan dilində bunların cəm olduğu vahid mərkəzləşmiş portal heç vaxt olmayıb. Hazırda cəfəri şiələrinin ən çox yad olunan imamı Hüseyn ibni Əlidir və məlumdur ki, bu dahi şəxsiyyət İslam tarixində təyinedici rol oynayıb. Lakin bizim cəmiyyət hələ də nə onun özünü olduğu kimi tanıyır, nə onun Kərbəladakı şəhidliyini layiqincə yad edir, nə də onun mübarizəsinin bu günümüzə ötürdüyü mesajları olduğu kimi anlamayıb.
 
Saytın gənc jurnalistlərdən ibarət təsisçiləri açıqlama verərkən bunları bildirib: "Biz, bu yeni layihə ilə adı çəkilən sahəyə aid olan bütün mövzuları və onun ətrafında olub ona bağlı olan hər bir obyekti bu portalda bir araya cəm edəcəyik. Həmçinin hər il mövzu ilə bağlı gündəmə gətirilən irad və sualları izahlı şəkildə cavablandıracağıq. Məhz bu səbəblərdən İmam Hüseyn (ə) və Kərbəla mövzusu ətrafında ixtisaslaşmış tam əhatəli portalın yaranmasına ehtiyac duyduq. Yaxın gələcəkdə sayt rus və ingilis dilində də fəaliyyət göstərəcək".
 
Saytda İmam Hüseyn (ə)-ın həyatı, hədəfləri, Kərbəla hadisəsi, şəhidlər, əsirlər, əza məclisləri, şeirlər, xütbələr, kitabxana və bu barədə olan digər yazılar və görüntülü materiallar mənbəli şəkildə qeyd olunub, mütəmadi olaraq yenilənəcək. Hazırda gündəlik olaraq kerbela.info adlı youtube kanalı, teleqram və facebook səhifələri fəaliyyət göstərir.