Azərbaycanda siyasi məhbus qalmayacaq - Novella Cəfəroğlu

“Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun qapalı iclasında əfv sərəncamından danışdıq. Bununla yanaşı qalan siyasi məhbuslarla bağlı məsələ qaldırdıq. Biz bilmirik, əfv olacaq ya yox...Amma onların hansı yolla azad edilə biləcəyini müzakirə etdik. O cümlədən islahatların gedişində nazirliklərin hansı addımlar atacağı istiqamətində söhbət oldu. Bu islahatlar necə tətbiq edilir? Bunu monitorinq etmək lazımdır”.
 
Bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Sabah”a açıqlamasında deyib. O bildirib ki,  Milli Məclisdə keçirilən iclasdan xoş təəssüratlarla ayrılıblar:
 
“Bilirsiniz, iclasda yüksək vəzifəli şəxslər, güc strukturlarının böyükləri də iştirak edirdi. Biz öz istəklərimizi çatdırdıq, ərizələrimiz təqdim etdik. Onlar bunu qəbul etdilər. Görək nəticə necə olacaq.  Azərbaycanda siyasi məhbus qalmayacaq. Biz bu məsələni bitirmək fikrindəyik. İşgüzar görüş oldu. Çox məsələlər var ki, onları açıqlamağa ixtiyarımız yoxdur. O cümlədən məhkəmə ilə bağlı prezidentin yeni fərmanını müzakirə etdik.  Əgər yerlərdə bu fərmandan irəli gələn məsələləri düzgün icra etsələr, Azərbaycanda məhkəmə sistemindəki problemlərin  həll olunduğunu deyə bilərik.  Hər şey icraçılardan asılıdır.  Yeni məhkəmə islahatı ilə Azərbaycan əsl demokratik ölkə olacaq”.
 
Qeyd edək ki, ötən gün İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclasının bir hissəsi mətbuat üçün açıq olub, sonra iclas qapalı şəkildə davam etdirilib.
 
İclasda Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, şöbənin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova, daxili işlər nazirinin müavini, Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitənin üzvü Çingiz Qənizadə, hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı və Arzu Abdullayeva iştirak ediblər.