Azərbaycan Rusiyadan SU-25 və MiQ-35 təyyarələri ala bilər

Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) mütəxəssislərindən ibarət heyət Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.


Azərbaycan nümayəndə heyəti Rusiyanın Su-35 və MiQ-35 döyüş təyyarələrini istehsal edən hərbi zavodlara baş çəkiblər. “Rosoboroneksport” şirkətinin nümayəndələri və hərbi zavodların rəhbərliyi ilə keçirilən görüşlərdə ölkəmizin Rusiya istehsalı olan ən müasir döyüş təyyarələrinin alınmasında maraqlı olduğu bildirilib.


Azərbaycan nümayəndə heyətinə təyyarələrin taktiki-texniki xüsusiyyətləri, döyüş qabiliyyəti, silahlanması, ümumilikdə aviasiya vasitələrinin istehsalı, istismarı və onlara texniki xidmət göstərilməsi barədə məlumat verilib.


Rusiya tərəfi Azərbaycana HHQ-yə lazımi döyüş təyyarələrinin təqdim edilməsinə hazır olduğunu bildirib.


Azərbaycanlı pilotlar Rusiyanın hərbi aviabazalarında MiQ-35 təyyarəsində praktiki uçuşlar yerinə yetiriblər.


Xatırladaq ki, hazırda Azərbaycan HHQ-nin silahlanmasında Rusiyanın MiQ-25 və MiQ-29, həmçinin Su-25 və Su-24 təyyarələri var./ contact.az/