Azalan turist sayı

"Fed.az" saytında "40-50 dollarlıq otellər belə boşdur"- Azərbaycana gələn turistlər azalıb sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif Azərbaycana gələn turist sayının azalması səbəblərini turizm üzrə ekspert Firdovsi Xəlilovla müzakirə edir.
 
Müəllifin deməsinə görə, müzakirəyə səbəb turizm sektorundakı mənbələrin 2018-ci ilin ortalarından etibarən ölkəyə gələn turistlərin sayında kəskin azalma olması ilə bağlı məlumat vermələridir.
 
Ekspert F.Xəlilov isə "fed.az"a bildirir ki, 2015-2016-cı illərlə müqayisədə xüsusilə İran və İraqdan gələn turistlərin sayında ciddi azalma var: "2015-16-cı ilin yanvarında artıq otellər mart ayına, Norvuz bayramı üçün dolu olurdu, boş yer tapmaq mümkün deyildi. Bu tendensiya özünü müəyyən qədər 2017-ci ildə də göstərdi. Amma indi vəziyyət dəyişib.Turist axınının böyük hissəsini iranlı turistlər təşkil edirdi, onların həm sayı çox idi, həm yüksək, həm də orta qiymətli otellərdə yaşayırdılar. İranlılar 4-5 ulduzlu, 150-160 dollarlıq otellərə üz tuturdular, bir hissə isə daha aşağı seqment sayılan 40-50 dollarlıq otellərdə qalırdılar".
 
Ekspert iddia edir ki, indi vəziyyət dəyişib, yanvar ayı olmasına baxmayaraq, Novruz bayramı üçün otellərin heç də hamısı tutulmayıb, turistlərin sayı 70-80% daha azdır, hətta 40-50 dollarlıq otellər belə boşdur".
 
F.Xəlilov bildirib ki, İran turistlərinin azalmasının səbəbi son bir ildə İranda baş verən kasıblaşma olub: "Son il ərzində İran valyutası 4 dəfə dəyər itirib. İranda 100 dollar 27 min tüməndən 110 min tümənə yüksəlib. Nəticədə İranlı ailələrin imkanları məhdudlaşıb, yəni turizmə xərclədiyi pullar da azalıb".
 
Ekspert İranın indi yaşadığını 2015-ci ildə Azərbaycanın da yaşadığını deyir, amma bunun İranda daha kəskin baş verdiyini, turizmə də sirayət göstərdiyini bildirir.
 
F.Xəlilova görə, Azərbaycan turizminin İranla bağlı əsas probelemlərindən biri odur ki, ölkə şirkətləri İranın ən böyük bazarı olan Tehrana çıxa bilməyib: "Tehran 15 milyon əhalisi olan, ən əsası İranın ən varlı şəhəridir, bütün pullar da buradadır. Amma bizim şirkətlər Tehran bazarı ilə demək olar ki, işləmirlər".
 
Ekspertin deməsinə görə, ərəb turistlərin azalmasının əsas səbəbi isə İraq turistləri üçün sadələşdirilşmiş viza rejiminin ləğv edilməsidir, belə ki, iraqlı turistlərə aeroportda verilən viza dayandırılıb, artıq iraqlılara Azərbaycan vizası almaq Gürcüstana hər şey daxil tur almaqdan çətin olub".
 
F.Xəlilov vurğulayır ki, İraq vətəndaşlarına sərhəddə viza verilməsinin dayandırıldığını bu ölkənin Azərbaycandakı səfirliyi də təsdiqləyib və səfirlikdən FED.az-a bildirilib ki, bu dəyişiklik Azərbaycan tərəfin təşəbbüsü ilə olub. /contact.az /