Bəhram Qasımi: “ABŞ hökumətinə məsləhət görürük ki, yolu əyri getməsin”

“ABŞ-ın sanksiya siyasəti çürük və uğursuzdur”.
 
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bu gün keçirdiyi mətbuat konfransında ABŞ-ın İrana qarşı sanksiyalarının artması ilə bağlı sualı cavablandırarkən deyib.
 
“Bu, bir növ ələklə su daşımağa bənzəyir. ABŞ-ın məsul şəxsləri uğursuz təcrübədən bir daha istifadə etməməlidir. Çünki yenidən geri çəkilmək məcburiyyətində qalacaqlar. Nəticəni gözləmək lazımdır. Xarici əlaqələr komitəsi təsdiqləsə, müzakirəyə çıxarılacaq və sonra prezidentə təqdim olunacaq. Dəfələrlə olub ki, bu mərhələdə planlar nəticəsiz qalıb. ABŞ hökumətinə məsləhət görürük ki, yenidən səhv buraxmasın və yolu əyri getməsin. Hərtərəfli Birgə Əməkdaşlıq Proqramı komissiyasında bu kimi addımları izləyirik və harada lazım bilsək, ölçü götürəcəyik. Bu kimi proseslər ABŞ-a problemdən başqa bir şey gətirməyəcək”, - deyə o vurğulayıb.  
 
İran hökumətinin Tehrandakı terrorla bağlı Səudiyyə Ərəbistanından şikayət edib-etməyəcəyinə gəldikdə isə B. Qasımi bildirib ki, bu hadisələrdən öncə Səudiyyə Ərəbistanı rəsmilərinin absurd və şübhəli çıxışlar ediblər: “Bu məsələ müvafiq qurumlar tərəfindən araşdırılır. Nəticə əldə olunduqdan sonra lazımi ölçülər götürüləcək. Ər-Riyad görüşündən sonra bəzi proseslər baş verib və qonşu ölkələr arasında acı hadisələrin şahidi olduq. Regiondakı hadisələri nəzərə alaraq, bu məsələlərin müsbət yöndə və müzakirə masası arxasında həll edilməsinin tərəfdarıyıq. Ölkələr regionun sabitliyi üçün çalışmalıdır. Biz tərəfləri təmkinli olmağa və danışığa dəvət edirik”.
 
B. Qasımi deyib ki, Tehran qonşu ölkələrlə yaxşı münasibətlər qurmağa çalışır: “Qətərlə də əlaqələrimiz yaxşıdır, regionun digər ölkələri də əməkdaşlığa hazırıq. Türkiyə ilə  həmişə danışıqlar aparırıq. Fikir ayrılığımız olub, amma bu, bizim dostluğumuza mane olmayıb. Ölkələrin problemlərinin danışıq yolu ilə həlli etmələrinin tərəfdarıyıq. Lazım olsa, tərəflərin iradəsi ilə maneələri aradan götürmək mümkündür. Lakin tərəflər bunu istəməlidir və əməkdaşlıq sahələri müəyyənləşməlidir”.
 
Türkiyənin sərhəddə divar hörməsi planına gəldikdə isə B. Qasımi bildirib ki, İran ətraf mühit və təhlükəsizlik məsələlərini ciddi izləyir, sərhəd məsələlərinə xüsusi diqqət ayırır. (apa) /