`Bakcell`in dəyişməz fırıldaqları - “Dəyişək, cibinizi soyaq”

Bakcell nə qədər "dəyişək-inkişaf edək” şüarı ilə reklam olunsa da, görünən odur ki, Azərbaycan dəyişsə belə, Bakcell dəyişə bilmir. Dəyişən sadəcə şirkətin direktorları olur. GSM operatoru olaraq, ənənəvi rəqabətdə digərlərinə uduzur. Heç şübhəsiz bu məğlubiyyətdə Bakcell şirkətinin yenilik adı ilə müştərilərini soymasının və şikayətlərə laqeyd yanaşmasının payı böyükdür.
 
Ənənəvi olaraq, abonentlərini müxtəlif problemlərlə üz-üzə qoyan Bakcell yenə də abunəçilərini aldatmaqla məşğuldur. Məsələn, sözügedən mobil operator "yeni nəsil yüksəksürətli” Sür@ Data Kart adlandırdığı internet paketini müxtəlif yollarla abunəçilərinə sırımaq istəyir.
 
Ancaq görünən odur ki, bu Data Kartlardan istifadə edən abunəçilər internetdən istifadə etməkdə əziyyət çəkirlər. Belə ki, istifadəçilər bütün Bakcell abunəçiləri üçün nəzərdə tutulan "YENİ nəsil limitsiz Sür@ İnternetindən” nəninki  faydalana bilir, əksinə internetə həsrət qalıblar.
 
Bir aydan artıqdır ki, Bakının müxtəlif ərazilərində, xüsusən də Xəzər, Sabunçu, Suraxanı rayonlarında Bakcell-in internet şəbəkəsi demək olar ki, bərbad haldadır. Sür@ Data Kartlardan istifadə etmək isə mümkün deyil.
 
Bununla bağlı Bakcell mobil operatoru ilə əlaqə saxlanılsa da, problem həllini tapmır. Bakcell-dən üz döndərən abunəçilərin sayı isə günü-gündən artır.
 
Bir neçə gün öncə yaşanan problemlə bağlı Bakcell-in operator xidməti ilə əlaqə saxladıq. Bizimlə danışan operator xanım təqdim etdiyimiz nömrəni yoxladığını və  işlək olduğunu bildirdi. O, ərazini qeydiyyata aldığını və şəbəkədə yaşanan problemi tezliklə aradan qaldıracaqlarını desə də, problem hələ də həllini tapmayıb. Görünür, müxtəlif yollarla abunəçilərini aldadan və onların hesabına varlanan şirkət növbəti yalanı ilə yenidən istifadəçilərinin başını qatmağa çalışır.
 
Bakcell ilə bağlı başqa bir şikayət Bakcell-in "Klass XXL” taarifi ilə bağlıdır. Bakcell bu taarifə qoşulan abunəçilərə ayda 25 manat ödəməklə 750 ölkədaxili dəqiqə, 750 ölkədaxili SMS və 750 MB internet trafiki təklif edir. Lakin abunəçilərin AzNews.az-a bildirdiklərinə görə, tarifə qoşulmaq heç də Bakcell-in reklamlarda təqdim etdiyi kimi 25 manata yox, daha bahaya başa gəlir.
 
Buna səbəb abunəçilərin bu tarifə qoşulmaq üçün tələb olunan şərtlərdən də əlavə bir çox şərtlərə əməl etməli olmasıdır. Belə ki, taarifə qoşulmaq üçün Bakcell-in müştəri xidmətinə müraciət edən abunəçilərə 25 manatın ödənildikdən sonra yeni tarifə keçiddə problem olmayacağı vəd edilir. Lakin pul ödənildikdən sonra yeni tarifə keçid mümkün olmur.
 
Müştəri xidməti ilə təkrar əlaqə zamanı yeni tarifə keçidin ancaq nömrənin dublikatının çıxartdırılacağı təqdirdə mümkün olacağı bildirilir. Halbuki tarifə keçidlə bağlı şərtlərdə belə bir qeyd olmayıb. Bakcell-in yeni şərtinin əsas pərdəarxası məqamı bundan sonra üzə çıxır.
 
XXL tarifinə keçmək istəyən abunəçilər müştəri xidmətinə bu istəklərini bildirdikdən və pul ödəndikdən sonra onlara tamamilə fərqli nömrədən zənglər gəlir. Zəng edən şəxslər Bakcell-ə heç bir aiddiyyətlərinin olmadığını, başqa şirkəti təmsil etdiklərini bildirərək abunəçiyə həmin tarifə keçmək üçün kömək təklif edirlər.
 
Nömrənin dublikatını çıxartmaq üçün abunəçidən 10 manat tələb edilir. Vaxta qənaət etmək məqsədilə nömrənin dublikatının çıxarılması üçün kuryer xidməti təklif olunur ki, bunun üçün əlavə 5 manat ödəmək tələb edilir. Abunəçidən şəxsiyyət vəsiqəsinin surətini alan kuryerə 5 manat xidmət haqqı ödənilir və əlavə olaraq "hörmət” edilir.
 
Beləliklə bir abunəçi XXL tarifinə qoşulması üçün əlavə olaraq daha 20 manata yaxın vəsait ödəməli olur. Halbuki bu barədə Bakcell-in yeni tariflə bağlı məlumatında heç bir qeyd yoxdur. Ən maraqlısı isə Bakcell-ə heç bir aidiyyəti olmadığını iddia edən və xidmət təklif edən şirkətin XXL taarifinə qoşulmaq üçün müştəri xidmətinə müraciət edən abunəçilərlə bağlı məlumatı hardan əldə etməsidir./ Azerinfo