Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulu davam edir.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən xəbərə görə, bu gün saat 12:30-a olan məlumata əsasən, elektron sistem vasitəsilə tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfinə qəbul üçün yerləşdirilən sorğular əsasında 42 274 uşağın sənədi məktəbə təqdim edilib.
 
BŞTİ-nin nəzdindəki ümumi təhsil məktəblərinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.
 
Valideynlər övladlarının sənədlərini sentyabrın 18-dək məktəbə təqdim etməlidir.
 
Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə iyunun 20-dən iyulun 10-dək aparılıb. Müsabiqədə iştirak edən 1769 uşaqdan 1471-i uğur qazanıb. BŞTİ-nin nəzdindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya I sinfə qəbul üzrə müsabiqə isə iyunun 6-dan 30-dək keçirilib. Müsabiqədə iştirak edən 483 uşaqdan 402-si lisey və gimnaziyaların I sinfinə qəbul olub. /