Bakının baş meydanında hərbi parad başlayıb

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad başlayıb.
 
Maide.Az bildirir ki, APA-nın məlumatına görə, paytaxtın baş meydanında keçirilən paradda müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib.
 
Mərasim dövlət himninin oxunması ilə başlanıb.
 
Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti keçid edəcək.
 
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.
 
Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan 100-dək nümayəndə iştirak edəcək.