Bakının mərkəzində sürücü hücuma keçdi

Avtomobil sürücüsü polis əməkdaşı olduğunu deyərək hadisə yerindən uzaqlaşıb

Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi əməkdaşını təhqir ediblər. 
 
İdarədən ANS-ə verilən məlumata görə, hadisə Bakının mərkəzində yerləşən Zərifə Əliyeva küçəsində qeydə alınıb. 
 
Belə ki, gecə saatlarında 90 VD 038 dövlət nömrə nişanlı avtomobili idarə edən bir nəfər şəxs həmin ərazidə yerləşən müvəqqəti dayanacağa daxil olub.
 
Nəzarətçi yaxınlaşaraq ödəniş etməsi baradə sürücüyə müraciət edib. Lakin həmin şəxs nəzarətçini nalayiq söyüşlərlə təhqir edib və üzərinə hücum edib: 
 
“Əraziyə növbə rəisi yaxınlaşaraq məsələni aydınlaşdırmaq istərkən sürücü ona da əhəmiyyət verməmiş və ödənişdən imtina edərək uzaqlaşıb. Vətəndaş ərazidən getdikdən sonra digər 90 ST 109 dövlət nömrə nişanlı qara rəngli KİA markalı avtomobillə bir nəfərlə əraziyə gələrək yenidən növbə rəisi və nəzarətçiyə qarşı kobudluq edib və az öncə yaxınlaşan nəqliyyat vasitəsinin sürücüsündən nə səbəbdən ödəmə etməsinin tələb edildiyini soruşub və hər iki xidməti nalayiq ifadələrlə təhqir edib. Ərazidə olan polis nəfərləri ona nəzarətçinin qanuna uyğun öz vəzifə borcunu yerinə yetirdiyini başqa qanuna zidd hərəkət etməyini bildiriblər. Buna baxmayaraq KİA markalı avtomobilin sürücüsü özünündə polis əməkdaşı olduğunu bildirib heç bir sənəd təqdim etmədən hadisə yerindən uzaqlaşıb”.