Bakının yeni yolkəsənləri (FOTO)

Ötən gün paytaxt sakini 30 yaşlı Cavid Babayev az qala yol qəzasında öləcəkdi. 

O, şikayətdə bildirib ki, “20 yanvar” metrosundan “Şamaxinka” deyilən əraziya gedərkən az qalıb yük maşını tərəfindən vurulsun. Buna səbəb Cavidin piyadalar üçün nəzərdə tutulan səki ilə yox, avtomobil yolu ilə getməsi səbəb olub.

Cavid Babayev maşın yolu ilə getdiyini etiraf edir. Lakin Cavid avtomobil yolu ilə getməyə məcbur olub. Çünki həmin istiqamətdə yolboyu piyada səkiləri maşınların dayanacağına çevrilib.

“Maşınları gətirib saxlayırlar adam yolunda. Piyadalar da ölü-diri qalmadan söyə-söyə məcbur olurlar ki, maşın yolu ilə getsinlər. Bu da çox zaman yol qəzalarına səbəb olub. Elə tıxaclar da bu səbəbdən yaranır. Harada gəldi maşın saxlayırlar. Yolları bağlayırlar”, - deyə Cavid Babayev şikayətlənib.

Əslində problem təkcə “Şamaxinka” adlanan ərazidə deyil, Bakının demək olar ki, hər yerində var. Bu gün şəhərin çox yerlərində piyadalar səkiləri zəbt edən maşınların arası ilə, binaların divarlarına sıxılaraq və ya onları ötərək hərəkət etmə məcburiyyəti qarşısında qalıblar.

Bəzən enli səkilərdə də hərəkət etmək mümkün olmur. Maşınlar orada hərəkət istiqamətinə perpedikulyar olaraq, ya da iki cərgədə bir-biri ilə paralel binalara sıxılmış vəziyyətdə yerləşirlər. Belə halların əksəriyyətində kim olmasından asılı olmayaraq azyaşlı, uşaq arabası ilə hərəkət edən qadın, əlil ya qoca piyadalar məcbur olub yolun olduqca gur olan hərəkət hissəsinə çıxırlar. Buda onların həyatlarını itirmək riskini artırır.

Ekspertlərin fikrincə, problemin başlıca səbəbi adiyyatlı qurumların məsələyə dırnaqarası yanaşmasıdır. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmovun verdiyi məlumata görə, ərazi bölgüsünün düzgün həyata keçirilməməsi, yolların kənarında dayanan maşınlar əhali üçün problem yaradır, tıxaca səbəb olur. Problemin həllinə köklü yanaşmaq lazım olduğunu deyən M.Rüstəmovun sözlərinə görə, avtodayanacaqlar düzgün inşa olunmayıb, sayı azdır və qiymətləri əhali üçün münasib deyil.

Ekspertin sözlərinə görə, əgər qanunla qarşıya qoyulmuş tələblər yerinə yetirilsəydi tıxacların həlli mümkün olardı. Lakin bunlar icra olunmadığına görə, Bakı şəhərində tıxaclar gündəlik problem kimi qalır. 

“Vaxtilə prezidentin imzaladığı tədbirlər planında Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi qarşısında tələblər qoyulmuşdu. Dövlət başçısı tərəfindən tələb qoyulan tələb ondan ibarət idi ki, iri topdansatış ticarət mərkəzləri, dövlət idarələri şəhərlərdən kənara köçürülsün. Gündəlik yığılan problemlər icra olunmadığına görə, bunlar böyük problemə çevrilib”, - deyə Məzahir Rüstəmov bildirib.

Ekspert deyir ki, guya problemin həll etmək üçün Bakı şəhər İcra Hakimiyyətli yeni addım atıb. Meriya tərəfidən bir çox yerlərdə maşınlar üçün parkomat aparatları qurulub. Bununla da şəhərin problemi birə min artıb. M.Rüstəmov parkomatların düzgün yerlərdə qoyulmadığını bildirib.

Bakı meriyasında isə səslənən ittihamlarla razılaşmırlar. Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayevlə əlaqə saxladıq. Qurum rəsmisinin ans-ə verdiyi məluma görə, əslində dayanacaqların yerləri mütəxəssislərlə birlikdə məsləhətləşdiriləndən sonra müəyyən olunur. Onun sözlərinə görə, əslində problem parkomatların quraşdırılmasında deyil. Məsələ sürücülərin laqeyid olmasındadır.

“Əvvəllər harda daha çox maşın saxlanılırdı, orada dayanacaq üçün aparatlar qoyuruq. Sonradan həmin yerlərdə maşın saxlamırlar”, - deyə Həsən Abdullayev bildirib.

Bakı şəhər Yol Polis İdarəsinin şöbə müdiri polkovnik-leytenant Vaqif Əsədov ilə əlaqə saxladıq. DYP rəsmisi də təssüflə etiraf edir ki, şəhərimizdə səkilərin üstündə saxlayaraq piyadaların hərəkətinə mane olan avtomobillərər tez-tez rast gəlinir. Nəticədə insanlar məcbur olub yolun hərəkət hissəsinə çıxır və bununla yol nəqliyyat hadisənin yaranma ehtimalı artır: “Hal hazırda Bakı şəhər üzrə piyadaların vurulması ümümi hadisələrin 47 % təşkil edir. Onlardan 5-6% məhz piyadalıların yollarının süni kəsilməsi ilə əlaqədardır“.

Vaqif Əsədov deyir ki, piyadaların yolunda saxlanılan maşınlarla mübarizəyə müşahidə kameraları da cəlb edilib. Belə ki, kameralar vasitəsi ilə səkilərdə, ikinci cərgədə, yol kəsişməsində, eləcə də yaşıllıq ərazidə saxlanılan maşınların qeydiyyatı aparılaraq, fotomateriallar hazırlanır. Bir ay əvvəl gün ərzində tədbir görmək üçün min fotomaterial hazırlanırdısa, hal-hazırda avtomatik rejimdə işləyən kamera vasitəsi ilə gündə 1500 fotomaterial hazırlanır.

DYP-nin şöbə müdiri yol hərəkəti haqqında qaydaların məktəblərdə tədrisi məsələsinə də toxunub. Onun sözlərinə görə, bu zamana kimi ancaq birinci sinflərdə işıqfor,onun rəngləri və tələbləri barədə qısa informasiya verilirdi. Lakin indi 10-cu sinfə qədər yol hərəkəti haqqında qanun və bu qanundan irələ gələn tələblər barədə dərsliklərin hazırlanması barədə təklif qaldırılıb. "Çox güman ki, bu dərslər birinci sinifdən aparılsa bizim işimizə və ən azından həyət, sağlamlığın qorunmasında müsbət göstəriciləri əldə etmək üçün şərait yaradacaq. Bu gün tək yol polisləri tərəfindən aparılan təbliğatla yetərincə müsbət göstəriciləri əldə etmək mümkün deyil. Qoy vətəndaş polisi, polis sürücünü, sürücü piyadanı, piyada isə şəraitsizliyi günahlandırmasın. Hamımız qanuna hörmət edməliyik".